E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

İRƏVAN YALLILARI

 

        Ermənilərin azərbaycanlılardan mənimsədikləri ən mühüm sahələrdən biri musiqidir: Azərbaycan xalq musiqisi ilə toy şənliklərini keçirən, xalq musiqimizin təsiri altında tərbiyə olunaraq nəsilbənəsil dəyişən ermənilər bu gün həyasızcasına həmin musiqinin erməni folkloruna aid olduğunu sübut etməyə çalışırlar. Bunun üçün onlar uzun illər boyu Azərbaycan xalq mahnılarının şeir mətnlərini erməni dilində yazılmış mətnlərlə əvəzləmiş, rəqs melodiyalarımızın adlarını dəyişmiş, xalq musiqimizin melodik məzmununa yad intonasiyalar daxil etmişlər. Xalq rəqslərimizin ermənilər tərəfındən mənimsənilməsində ən zərərçəkmiş janrlarından biri - “yallı”lar olmuşdur. Hər kəsə məlumdur ki, yallı kollektiv şəkildə oynanılan kütləvi rəqsdir və hər bir yallının da öz fərdi oyun qaydası, gediş hərəkətləri vardır. İrəvanda və onun digər mahallarında vaxtilə azərbaycanlılar tərəfındən yaradılmış və sevilə-sevilə oynanılmış yallı havaları artıq ifa edilmirdi. Çünki yallıların gediş hərəkətlərini bilən insanlar öz doğma yurdlarını tərk etdikdən sonra pərakəndə şəkildə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş, digər qonşu dövlətlərin ərazilərində məskunlaşmışlar. Uzun illər boyu oynanılmayan İrəvan yallılarımızın zaman ötdükcə həm xoreoqrafık gediş hərəkətləri, həm də musiqi məzmunu unudulmuşdur. Həmin yallıların yenidən bərpa edilməsi üçün Azərbaycanın bütün bölgələrini əhatə edən tədqiqatlar aparılmalı idi. Çünki İrəvandan məcbur çıxarılmış ailələrin harada, hansı bölgədə, hansı kənddə məskunlaşdıqları bəlli deyildi. Həmin insanların yaşadığı ünvanı öyrənmək, yallıların musiqisini və oyun qaydalarını bilən şəxsləri tapmaq çox uzun zaman tələb edirdi. Təəssüflər olsun ki, həmin yallılar zamanında toplanmamış, müəmmalı səbəblərdən bu işə laqeydlik göstərilmişdir. Bundan istifadə edən ermənilər isə vaxtilə azərbaycanlılardan öyrəndikləri yallıların adlarını dəyişərək, onlara yeni xoreoqrafık quruluş verərək oynamış və bu gün də bir çox dünya ölkələrinin səhnələrində erməni rəqsi kimi nümayiş etdirməkdədirlər.


<< Geri