Hüseyn
Heydər oğlu Həsənov 1932-ci il oktyabr ayının
19-da İrəvan şəhərində anadan olmuşdur. İrəvanda
M.Əzizbəyov adına orta məktəbdə təhsil almış,
1949-cu ildə Azərbaycan Dövlət İnstitutunun
Biologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə isə
oranı bitirmişdir. H.Həsənov elmi-tədqiqat
fəaliyyətinə həmin ildə Fiziologiya İnstitutunda
əvvəlcə laborant, sonra aspirant, 1957-ci ildən isə
kiçik elmi işçi kimi başlamışdır.
1958-ci ildə dissertasiya müdafiə edərək biologiya
elmləri namizədi alimlik dərəcəsi almış, 1961-ci
ildən isə baş elmi işçi vəzifəsinə keçirilmişdir.
1967-ci ildə doktorluq dissertasiyasını müdafiə
etmişdir. 1968-ci ildə elmi işlər üzrə direktor
müavini təyin edilən H.Həsənov bir il sonra
Azərbaycan Elmlər Akademiyasının A.Qarayev adına
Fiziologiya İnstitutuna, eyni zamanda “Beyin və
davranış” şöbəsinə rəhbərlik etmişdir.
Hüseyn Həsənov 1972-ci ildə Azərbaycan EA-nın müxbir
üzvü olmuş, dörd il sonra isə həqiqi üzv
seçilmişdir. Respublikanın bir çox məşhur
fizioloqları kimi H.Həsənovun da elmi-tədqiqat
fəaliyyəti akademik A.Qarayevin rəhbərliyi altında
başlamış və bu tədqiqatların böyük bir hissəsini
mərkəzi sinir sisteminin requlyasiya mexanizmlərinin
vegetativ funksiyalarının öyrənilməsi, bu,
requlyasiya proseslərinin orqanizmin daxili mühit
homsostazın tənzim edilməsində rolu kimi mühüm
məsələlərin tədqiqi təşkil etmişdir.
Hüseyn Həsənovun işləri xarici konfrans və
konqreslərdə (Macarıstan, Rumıniya), Ümumdünya
fizioloqlar konqreslərində (Münhen, Dehli) ali sinir
fəaliyyətinə həsr olunmuş Ümumdünya konqresində
(Praqa), Eksperimental nevroz simpoziumunda (Berlin)
və beynin inteqrativ fəaliyyəti (Veymar) XVII
Beynəlxalq fizioloji elmlər konqresində (Budapeşt),
“İnterbeyin” xətti ilə III Beynəlxalq simpoziumu
UNESCO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş
I Ümumdünya konqresində (İsveçrə, Lozanna) və s.
təqdim olunmuşdur. Onun rəhbərliyi altında aparılan
işlər qida emosiya və motivasiyasında iştirak edən
limbik sistemin sinir və neyrokimyəvi mexanizmləri
haqqında tamamilə təzə və maraqlı elmi mülahizələrin
yürüdülməsinə imkan vermişdir.
Hüseyn Həsənov Azərbaycan Fizioloqlar Cəmiyyətinin
sədri, Biologiya elmləri üzrə şöbənin akademik
katibinin müavini, Azərbaycan Elmlər Akademiyası
redaksiya-nəşriyyat şurasının sədr müavini, A.
Qarayev adına Fizioloqlar Cəmiyyəti Assosiasiyasının
üzvü, K.Bıkov adına mükafatın ekspert komissiyasının
üzvü, “Ali sinir fəaliyyəti” keçmiş SSRİ fizioloji
jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan
Ensiklopediyası redaksiya heyətinin üzvü idi. O,
300-dən artıq elmi iş və 5 monoqrafiyanın, mərkəzi
sinir sisteminin fiziologiyasına aid dərsliyin,
eləcə də 2 kitabçanın müəllifi olmuşdur.
Onun rəhbərliyi altında 5 doktorluq və 40-dan artıq
elmlər namizədi dissertasiya müdafiə etmişdir. O,
elmi nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət
mükafatına (1972), Əməyə görə XTNS-nin bürünc medal
və diplomuna (1972), “Şərəf nişanı” (1982) ordeninə
layiq görülmüşdür.
H.Həsənov 1978-ci ildən Azərbaycanı UNESCO-da “Beyin
öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil etmiş
və 1989-cu ildə Nyu-York Akademiyasının həqiqi üzvü
seçilmişdir.
Akademik H.Həsənov 1995-ci ildə vəfat etmişdir. II
Fəxri Xiyabanda dəfn olunmuşdur.
|