Kamil Əliyev 1921-ci il
oktyabrın 22-də Qərbi Azərbaycanda, İrəvan şəhərində
anadan olub. 1936-cı ilin sentyabr ayında anası onu
Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim
Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən K.Əliyev
3 il burada dekorasiya şöbəsində təhsil alır və
müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça"
birliyində eksperimental laboratoriyada köçürücü
rəssam kimi işləməyə başlayır.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə
böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan
olmasının 400 illiyinə həsr etmişdir. Bu xalçanın
təravətli, şux rəngli naxışları Füzuli lirikasının
dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq
sənətimizin qiymətli bir incisi kimi Azərbaycan
Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına
daxil edilib. Xalının uğuru rəssamı o qədər
ruhlandırır ki, o, bir müddət keçəndən sonra
İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş
xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin
hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan
cəhətləri xalça sənətinin ifadə vasitələri ilə
açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə
həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii
üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən
böyük sənət uğurlarından sayılır. Turqut Özal,
Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət,
elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək
qiymətləndirib, Kamil Əliyev sənətinə böyük
hörmətlərini, ehtiramlarını bildirmişlər.
Portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi
ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini
təmin edir. Bu xalılar çox sıx toxunması ilə də
səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı
yüksək professionallıq tələb edir. Bütün bunlar,
xalçalardakı portretlərin orijinala oxşamasına da
böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr
etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük
dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin
Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış
yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də
belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin
ölkənin Ali Baş Komandanı kimi general libasında
portret xalçasını yaratmışdır. Bu portret
ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır.
Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə
idi.
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran,
onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli
şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London,
Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva,
Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və
qalereyalarında nümayiş etdirilmişdi.
O, bir çox dövlət mükafatları ilə təltif olunub,
sağlığında 80 illiyi, vəfatından sonra isə 90
illiyinin dövlət səviyyəsində qeyd olunması ilə
əlaqədar sərəncamlar imzalanıb. Çox sevindirici
haldır ki, bir neçə gün əvvəl Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev “Kamil
Əliyevin 100 illik yubileyinin qeyd edilməsi
haqqında” Sərəncam imzaladı. Bu da sənətkarın bizə
miras qoyduğu irsin müasir dövrdə incəsənətimiz üçün
aktual olduğunu bir daha sübut edir.
Kamil Əliyev 2005-ci il martın 1-də vəfat edib |