E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

 Mustafayev Nazim


Mustafayev Nazim Yusif oğlu (Nazim Mustafa) 1957-ci ildə Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikasının) Şörəyel mahalının (sonralar Amasiya rayonu) Güllübulaq kəndində anadan olmuşdur. 1977-ci ildə 20 yaşında Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1988-ci ildə ermənilərin Dağlıq Qarabağa ərazi iddiasından dolayı Ermənistandan deportasiya edilmiş və Bakı şəhərində məskunlaşmışdır. 1990–1991-ci illərdə Azərbaycan Qaçqınlar Cəmiyyətində, 1992–1993-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda, sonra Milli Münasibətlər İnstitutunda və 2003-cü ildən isə Tarix İnsitutunda elmi işçi vəzifəsində işləmişdir. 2004-cü ilin dekabrından Prezident Kitabxanasında şöbə müdiri vəzifəsində çalışır. 1993–2004-cü illərdə eyni zamanda "Vətəndaş", "Avrasiya", "Dövran", "Xalq qəzeti" qəzetlərində işləmişdir. "1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini 2014-cü ildə müdafiə etmişdir.

Qərbi Azərbaycanın tarixi, azərbaycanlıların soyqırımı və deportasiyası, habelə "Erməni məsələsi" ilə bağlı 200-dən çox məqaləsi Azərbaycan, Türkiyə və Gürcüstanda dərc edilmişdir. "Tarixin qara səhifələri. Deportasiya. Soyqırım Qaçqınlıq." (Bakı, 1998), "İrəvan xanlığı" (Bakı, 2010), "Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı" (Bakı, 2013) monoqrafiyalarının müəlliflərindən biridir. Müəllifin "İrəvan quberniyasında azərbaycanlıların soyqırımı. (1918–1920)" kitabı AMEA Tarix İnstitutu tərəfindən 2015-ci ildə çap edilmişdir. O, həmçinin Azərbaycan və ingilis dillərində çap edilən "Vandalizm. Tarixi adlara qarşı soyqırımı" (Bakı, 2006, yenilənmiş nəşri Bakı, 2014) kitabının tərtibçisidir.

Müəəlifin "İrevan Şehri. Türk-İslam Varlığı Nasıl Yok Edildi" kitabı 2015-c ildə Ankarada "Berikan Yayınevi"ndə türk dilində çap edilmişdir..

Nazim Mustafa Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı və Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərin müəlliflərindən biri kimi, elm sahəsində Dövlət Mükafatı laureatı adına layiq görülmüşdür.

"1905–1906-cı illərdə İrəvan quberniyasında və Zəngəzur qəzasında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar" mövzusunda yazdığı dissertasiya işini müdafiə etmişdir.

Prezident Kitabxanasında Nazim Mustafanın "İrəvan şəhəri" əsərinin Azərbaycan və rus dillərində web saytı (www.iravan.info) yaradılmışdır.
Müəllifin əsərləri onun fərdi internet səhifəsində yerləşdirilir. (http://nazimmustafa.info).


<< Geri