Azərbaycanda milli
kitabxanaşünaslığın, kitabxana-biblioqrafiya sahəsinin görkəmli
nümayəndələrindən biri, tanınmış kitabxana nəzəriyyəçisi, istedadlı
təşkilatçı, alim və pedaqoq Rasim Əhməd oğlu Kazımov 1932-ci ildə may
ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1950-ci ildə 44 saylı orta
məktəbi gümüş medalla bitirərək V.M.Molotov adına Moskva Dövlət
Kitabxanaçılıq İnstitutuna daxil olmuşdur.
1954-cü ildə universiteti
bitirərək biblioqraf ixtisası almış və SSR miqyasında ən sanballı təhsil
ocaqlarından birinin ilk və yeganə azərbaycanlı məzunu kimi adını
Azərbaycan kitabxana işi tarixinə yazmışdır.
Ali təhsilinin başa
vurduqdan sonra vətənə qayıdan gənc Rasim Kazımov 1954-1957-ci illərdə
Bakı Kitabxanaçılıq Texnikumunda müəllim işləmişdir.
1957-1962-ci illərdə
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasının Biblioqrafiya
şöbəsinə müdir təyin edilmiş, qısa müddətdə elmi katib, elmi işlər üzrə
direktor müavini vəzifələrinə qədər yüksəlmiş, kollektivin dərin
hörmətini qazanmağa müvəffəq olmuşdur.
1962-ci ildən Azərbaycan
SSR EA Nizami Gəncəvi adına Dil və Ədəbiyyat İnstitunun aspiranturasına
daxil olan Rasim Kazımov, eyni zamanda Mərkəzi Elmi Kitabxanada yeni
yaradılmış Kartoqrafıya şöbəsinin müdiri və Metodiki Qrupun rəhbəri
təyin edilmişdir.
1965-1976-cı illərdə AMEA
Mərkəzi Elmi Kitabxanasına rəhbərlik etmişdir.
1972-ci ildə “Azərbaycanda
bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyası: 1920-1965-ci
illər” adlı namizədlik dissertasiyası müdafiə edərək, pedaqoji elmlər
namizədi alimlik dərəcəsi almışdır.
1977-2008-ci illərdə Bakı
Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində müəllim
işləmişdir.
1987-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya
fakültəsinin Kitabxanaşünaslıq kafedrasının dosenti elmi adını almışdır.
1976-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetinin
Kitabxanaşünaslıq kafedrasının dosenti olmuşdur.
2004-2008-ci illərdə AMEA
Mərkəzi Elmi Kitabxanasının Kitabxanaşünaslıq şöbəsində böyük elmi işçi
kimi fəaliyyət göstərmişdir.
Rasim Əhməd oğlu Kazımov
bir sıra xarici ölkələrdə keçirilmiş (Gürcüstan, Rusiya, Latviya,
Belarus və s.) beynəlxalq konfranslarda iştirak etmiş və respublikamızı
layiqincə təmsil edərək kitabxana işinin aktual mövzuları üzrə
yaddaqalan çıxışlar etmişdir.
“Kitabxana işi haqqında
Azərbaycan Respublikası Qanununun layihəsinin, Azərbaycan Kitabxanaçılar
Cəmiyyətinin və Azərbaycanda Kitabxana İşinin İnkişafı Assosiasiyasının
Nizamnaməsinin hazırlanmasında dosent Rasim Əhməd oğlu Kazımovun böyük
xidməti olmuşdur.
Rasim Əhməd oğlu Kazımov “Neft [Mətn] : ədəbiyyat göstəricisi (Bakı,
1960), “Azərbaycan Respublika Kitab Palatası: yaddaş (1925-1965)” (Bakı,
1965), “Состояние и развитие библиографии художественной
литературы литературоведение в Азербайджане” (Баку, 1965),
“Azərbaycan Dövlət Kitabxanası” (Bakı, 1965), “Azərbaycanda bədii
ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyasının vəziyyəti və inkişafı
məsələləri: 1946-1964-cü illər (Bakı, 1965), “Библиография
художественной литературы и литературоведения в Азербайджане” (1920-1965
гг.) (Баку, 1972), “Библиотечный факультет” (Баку, 1983), “Kitabxana işçisinin
məlumat kitabı (Bakı, 1986), “Abuzər Alı oğlu Xələfov” (Bakı, 1987),
“Bazar iqtisadiyyatı və kitabxanalar” (Bakı, 1996), “Kitabxana işinin
iqtisadiyyatı (Bakı, 2000), "Kitabxana marketinqi: BDU-nun
Kitabxanaçılıq-informasiya fakültəsi üçün proqram” (Bakı, 2000),
“Kitabxana işinin iqtisadiyyatı” (Bakı, 2004), “Müdriklik və alimlik
zirvəsində: Abuzər Alı oğlu Xələfov” (Bakı, 2006) və s. kitabların və
100-ə yaxın elmi məqalənin müəllifidir.
O, dəfələrlə SSRİ Elmlər Akademiyasının, Mədəniyyət Nazirliyinin və
Həmkarlar İttifaqının fəxri fərman və diplomları ilə təltif edilmiş,
“Əmək şücaətinə görə” və “Əmək veteranı” medallarına layiq görülmüşdür.
Görkəmli alim 2008-ci il fevral ayının 18-də Bakı şəhərində vəfat
etmişdir.