E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

RƏŞAD MƏCİD HAQQINDA YAZILANLAR


 Bir yaradıcı şəxsiyyət kimi orijinal bədii əsərləri ilə və Azərbaycanda müstəqillik dövrünün müstəqil qəzetini yaratmaq və inkişaf etdirmək baxımından mətbuat sahəsindəki böyük xidmətləri ilə Rəşad Məcid özünü isbat etmiş, qəbul olunmuş ziyalıdır. O, nisbətən az yazmasına baxmaya-raq, bədii yaradıcılıq sahəsində də orijinal əsərləri ilə bənzərsiz bir ədəbiyyat adamı olmasına heç kimsədə şübhə yeri qoyma-mışdır. Rəşad Məcidin analitik təhlillə monoloqvari düşüncələrin sintezindən yaranmış publisistikası da orijinallıq nümunəsidir. Bir sözlə, o, sözün əsl mənasında “bütün yönləri ilə yaradıcı” olmaq missiyasını şərəflə yerinə yetirmişdir.

 

İsa Həbibbəyli,
AMEA-nın  prezidenti, akademik


  Rəşad Məcid istedadlı yazıçıdır, özü də bu istedad ədəbiyyatın müxtəlif janrlarında meydana çıxır. Rəşad orijinal şair olmaqla yanaşı, həm də gözəl şeirlərin heyranıdır. Dostluqda etibarlı, rəğbətlərində sabit, münasibətlərində dəyişilməzdir. Həm də ən incə mətləbləri duya bilən həssas insandır.

Anar,

Xalq yazıçısı


   Mən ilk dəfə səninlə tanış olanda iyirmi yeddi yaşın var idi və o iyirmi yeddi yaşlı  Rəşadda gördüyüm səmimiyət, təpər, daxili mədəniyyət və təmizlik bütün bu illər ərzində zərrə qədər də azalmayıb, əksinə sınaqlardan çıxaraq bərkiyib, qol- bnudaq atıb, kökü dərinlərə gedib. Mənim üçün çox xoşdur ki, sənin yaradıcılığın da, fəaliyyətin də  şəxsiyyətinlə üst-üstə düşür.

Elçin,

Xalq yazıçısı


 

  Rəşad Məcid xatirə yaradan adamdır. Elə anlara baiskar olub ki, həmin hadisələr ən ülvi hisslərlə anılan xatirəyə çev-rilib. Ömrə-günə yazılacaq anların, dəqiqələrin mərkəzində da-yanmağı bacarıb Rəşad Məcid.

 

Nadir Yalçın,

yazıçı, jurnalist


 Rəşad Məcidin şəbəkədəki müəllif siması konkret və gerçəkdir, müsahibləri bu məhrəm nitq subyektinin baxış bucağına bələddir. Buna görə də onun status və sms esselərini yazıçının şəbəkədənkənar gerçək müəllif kimi bu vaxta qədər formalaşmış ədib, şair, nasir, publisist imzasının təəssüratı ilə qavrayırlar. Bu isə ədəbiyyat və jurnalistika ierarxiyasında müəyyən rəsmi mövqe və mənsəbi olan müəllif üçün böyük məsuliyyət və cəsarət deməkdir. Gerçək ədəbi mühitdə imzasını təsdiq etmiş, tanınan və qəbul edilən imici olan populyar bir qələm sahibinin, öz dediyi kimi, “qələmini” qırağa qoyaraq tam başqa bir aləmə, plüarist, liberal, çoxsəsli, çoxüzlü, bəzən sərt və amansız ünsiyyət mühitinə keçməsi, buradakı imzalı və ya anonim oxucuları ilə ənənəvi ərkandan, daxili senzuradan azad bərabərhüquqlu dialoqa girməsi asan iş deyil.

 

Asif Hacılı,
professor


  Ölkəmizin yenidən dövlət müstəqilliyinə qovuşduğu döv-rdə oxşar həyat yolu keçən azsaylı yeni nəsil ziyalı və ictimai xadimlərdən biri də Rəşad Məcid oldu. Uşaqlıq illərini keçirdiyi Qarabağdan Bakıya gəlib riyazi təmayüllü baza təhsilinə baxmayaraq, ədəbiyyat və sənət Olimpində öz yerini tutmaq bacarıqlı gənc üçün sanki o qədər də çətin olmadı. Rəşad prinsipial, amma konfliktsiz adamdır. Zidd qütblə-ri yaxınlaşdırmağı, hətta barışdırmağı bacarır. Lakin bu zaman öz təməl prinsiplərindən, inandığı gerçəklərdən də imtina et-mir. Əks təqdirdə Yazıçılar Birliyi, yaxud Mətbuat Şurası kimi mürəkkəb, hər ağızdan bir avaz gələn çoxsəsli, polifonik qu-rumlarda işləmək və simasını qoruyub saxlamaq o qədər də asan olmazdı.

 

Vilayət Quliyev,

ədəbiyyatşünas alim


  Rəşad Məcidi tanıdığım otuz beş ildir. Əsgərlikdən yeni gəlmişdim, onda mənim iyirmi bir, Rəşadın iyirmi beş yaşı olardı. Rəşadı mənə ən çox sevdirən cəhəti insaflı olmasıdır. Şübhəsiz, insaf, ədalət kişiliyin ən başlıca atributlarındandır. Rəşad özü də qalmaqaldan uzaq, içinə düşdüyü mühitdə sülh şəraitində yaşamağı, yaxşılıq eləməyi bacaran adamdır.

 

Fəxri Uğurlu,

yazıçı, esseist


  Yaxşı tanıdığım bu şəxs təmiz, duru qanlı Azərbaycan türküdür, şairdir, unikal, ədəbi-estetik və həyati dəyərə malik hekayənin müəllifi olsa da, o, ikicə nəsr örnəyinə görə nasirdir, “525-ci qəzet” kimi otuz illik bir müddətdə işıq üzü görən, milli mətbuatımızın tarixini zənginləşdirən mətbuat orqanının qurucusu, naşiridir. Bu hələ azdır, o, bizim zamanımızda deyildiyi kimi, alovlu publisistdir. Niyə belə deyirəm, çünki onun qələmindən çıxan, mətbuatda dərc olunan yüzlərlə esse, analitik yazı, təəssürat və səfər qeydləri, həyat hadisələrindən qidalanan məqalələr silsiləsi öz sətirlərində qlobal mahiyyət daşıyaraq davamlı energetikanı hifz etməklə bərabər, oxucuların qəlbində od-ocaq yandırır, könüllərə hərarət daşıyır.

 

Vaqif Bəhmənli,

şair


  Rəşad Məcid dönə-dönə üz tutulacaq dönməz ünvanlardandır. Çünki “Bu su bu daşdan keçincə nə çəkir, Allah bilir” misrasının müəllifi müstəsna həssaslıqla qarşısındakı insanın bir baxışından, səsindəki titrəyişin intonasiyasından bilir nə var, nə yox... Rəşad Məcidi də “bilməyən”lərdən ayıran, ayrıcalandıran da məhz bu bilməyidir... “Heç bilənlə bilməyən bir olarmı?” Və ən gözəli odur ki, bu qədərini bilən Rəşad Məcid ruhunda işıq sezdiyi, inandığı insanlar üçün elədiklərini nə dilinə, nə ağlına gətirməyi lazım bilmir... Bilmədiyi də bircə budur. Amma biz ki xatırlayırıq, bilirik...

 

Sevinc Mürvətqızı,

publisist


  Rəşad Məcidin yaradıcılıq istiqamətləri doğrudan da çoxdur. Amma bu yaradıcılıq istiqamətlərindən ikisinin birindən hansının əvvələ düşdüyünü müəyyən etmək də çətindir: onun publisitikası öndədir, yoxsa poeziyası. Bunu dəqiqləşdirmək asan deyil və bu müqayisə anında ağlıma belə bir fikir gəlir: Rəşad publisistika və poeziya yaradıcılığını paralel istiqamətdə gerçəkləşdirir.

 

Cahangir Məmmədli,

professor


  Rəşad Məcidin şeirləri, nəsr əsərləri, publisistikası barədə çağdaş ədəbi sferada geniş söhbət açılıb, onun duyğu və düşüncələri hər üç janrın imkanları işığında geniş şərh edilib. Bu qələm məhsullarında doğrudan da Rəşadın həm istedadı, vətəndaş mövqeyi, humanizmi, azadlıq sevdası, torpaq nigarançılıqları, Qarabağ dərdi və həsrəti bütün çalarlarıyla görünür, həm də özü, şəxsiyyəti, ziyalı obrazı, ipək kimi yumşaq və ipək kimi qayim xarakteri, mübariz, coşqun ruhu boy göstərir. Tələb və zövqlərin şıltaqlaşdığı bir zamanda qəzetçiliklə məşğul olmaq, redaktorluq etmək, jurnalistikada yeni məktəb yaratmaq həddinə qədər gəlib çıxmaq hünər və istedadın göstəricisidir. Doğrudan da Rəşad Məcid müstəqillik dövrü jurnalistikamızın cəsarətli və demokratik ruhlu redaktorlarından biri kimi “525-ci qəzet”in ətrafında bacarıqlı, istedadlı, qəlbi vətəndaşlıq duyğularıyla dö-yünən böyük bir jurnalistlər (publisistlər) ordusu toplaya bildi.
 

Loğman Rəşidzadə,

yazıçı-publisist


 Şairin kimsənin ismini çəkmədiyi adlı-adsız şeirlərinin ünvanı, qəhrəmanı sevgi adlı saf, nəcib, tərəf müqabilindən həssaslıq uman mücərrəd varlıqdır. Bu mücərrədliyin təməlində hər birimizə doğmalıq, ucalıq təlqin edən saf hisslər dayanır. Onun fəlsəfi, təbiət şeirləri də sonda mütləq sevgi motivləri ilə vəhdət təşkil edir.

 

Əflatun Amaşov,

əməkdar jurnalist


 

<< Geri