Professor Şirməmməd Hüseynov haqqında:
Azərbaycanın görkəmli alimi və yorulmaz mətbuat
tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru, Əməkdar
jurnalist, unudulmaz pedaqoq, əziz müəllimimiz Şirməmməd Hüseynov
haqqında keçmiş zamanda yazmaq dərin kədər hissi doğursa da, qoyub
getdiyi dəyərli mənəvi irs həmişə yolumuzu aydınladır. Yüz ilin
Ustadının ömrü yalnız yaşadığı dövrə aid deyil, bu ömür həm də gələcək
nəsillərin düşüncələrinə çıraq tutan mükəmməl bir yol xəritəsidir.
Şirməmməd müəllimin özü ilə ilk dəfə görkəmli türkoloq alim Aydın
Məmmədovla birlikdə oturmuşduq. Uzaqdan böyük ehtiram bəslədiyim
müəllimimlə birinci dəfə yaxından görüşür, söhbətlərini dinləyirdim. Bu
insanların müasir tariximizdə və şəxsən mənim həyatımda böyük rolu var.
Xalq yazıçısı Anar haqqında:
Xalq yazıçısı Anarın – Anar müəllimin uzun illərdən bəri
tanımağıma, 20 ildən artıq Azərbaycan Yazıçılar Birliyində bir yerdə
işləməyimizə baxmayaraq, indinin özündə də yeni-yeni keyfiyyətlərini
müşahidə edir və hələ də ondan öyrənir, nümunə götürür, hətta tez-tez
təəccüblənirəm. Anar müəllimin məni heyrətləndirən cəhətlərindən biri də
dərin bilgisi və unikal yaddaşıdır. Hərdən yaşından gileylənən adamlara
Anar müəllimi örnək göstərir, onun 87 yaşında da son dərəcə iti yaddaşa
sahib olduğunu deyirəm. Anar müəllimin ömrünün indiki çağında belə
unikal yaddaşa sahib olmasını mən yalnız yaradıcılıq şövqü, yazmaq
ehtirası ilə bağlaya bilirəm.
Akademik İsa Həbibbəyli haqqında:
Akademik İsa Həbibbəyli haqqında danışarkən mən həmişə onun tükənməz
enerjisi, qaynar düşüncəsi, dinamikası, proseslərə həssas münasibəti,
dəyərləri uca tutması, yüksək insani keyfiyyətləri barədə həvəslə söz
açmışam. İsa Həbibbəyli ilə tanışlığımızın və dostluğumuzun tarixi uzun
illər əvvələ gedib çıxır. Son illərdə isə İsa müəllimlə ün-siyyətimiz
daha da sıxlaşıb, onunla mütəmadi olaraq səfərlərdə, ölkə miqyaslı və
beynəlxalq tədbirlərdə iştirak edirik. Artıq məndə belə bir qənaət
formalaşıb: akademik İsa Həbibbəyli təbiəti etibarilə təvazökar və böyük
ürəyə malik insan, təəssübkeş vətənpərvər, təşəbbüskar rəhbər, novator
alim, fəal ictimai xadim, eyni zamanda, qayğıkeş valideyn və mehriban
babadır. Uzun illərdən bəri sıx ünsiyyətimiz zamanı sadaladığım bütün bu
insani keyfiyyətlərin şəxsən şahidi olmuşam.
Xalq yazıçısı Kamal Abdulla haqqında:
Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu Öz
İçində Gizlənən Adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və
obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir.
Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər də, ən yaxın dostları da bu
soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal
Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü
bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili
onun yazdığı mövzuların içərisində gizlənmək istəyindən, öz ağrılarını
pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas
müdrikliyindən irəli gəlir.
Xalq şairi Vaqif Səmədoğlu haqqında:
Elə insanlar var ki, onların xatirəsi özləri qədər işıqlı və
aydındır. Həmin xatirələr lentini yaddaşın xəyali ekranından izlədikcə
ötən günlər üçün qəribsəyirsən və yaşanılan onca gözəl hadisəni, doğma
simaları kədərli-sevincli hisslərlə yad edirsən. Vaqif Səmədoğlu da
mənim yaddaşımın ən müqəddəs yerində xatirəsi həkk olunan şairlərdən,
dostlardan biridir. Mən Vaqif Səmədoğlunun özü ilə tanış olmazdan əvvəl
əfsanəvi imzası ilə rastlaşmışam, yepyeni nəfəsini duymuşam və
poeziyasının bakir ifadələr timsalında heyrəti məni bürüyüb. İndi də
keçmişə ekskurs etdikdə, ilk yadıma düşən şəxsiyyətlərdən biri Vaqif
Səmədoğludur.
Vilayət Quliyev haqqında:
Vilayət müəllim həmişə “525-ci qəzet”in sevimli müəlliflərindən
olub, redaksiyamız onun hər yazısını səbirsizliklə gözləyib və təbii ki,
ürək açıqlığı ilə, məmnuniyyətlə dərc edib. Vilayət Quliyev “525-ci
qəzet”in dostudur. Bunu yazanda “525”in 20 illik yubiley günlərini
xatırladım. Onda Vilayət müəllim Macarıstanda səfir idi. Budapeştdən
Bakıya hava yolu ilə məsafə 2500 kilometrdən çoxdur. Sadiq dostumuz
uzaqlığa, işinin çoxluğuna baxmadı, yubileyimizi unutmadı, qəzetimizin
ünvanına təbrik yazısı göndərdi. Həmin yazıda bir məqam var idi. Qeyd
olunurdu ki, 1876-cı ildə Həsən bəy Zərdabinin “Əkinçi”-ni hansı əziyyət
və məhrumiyyətlər bahasına çıxardığını görən bir fransız jurnalisti
heyrətini bildirərək deyir: “Görünür, siz öz millətinizi çox
sevirsiniz”. Bunun ardınca Vilayət müəllim ürək genişliyi ilə bu sözləri
bizə də şamil etmiş, “Azərbaycanın analoqu olmayan inkişafı dövründə
“525-ci qəzet” əməkdaşlarının hansı şəraitdə işlədiklərini, amma bütün
bunlara baxmayaraq, belə bir qəzet ərsəyə gətirdiklərini” qabardaraq
yazmışdı: “Uşaqlar, görünür, siz öz millətinizi (və həm də öz
qəzetinizi!) çox sevirsiniz!”
Əli Kərim haqqında:
Əli Kərim imzasıyla düz qırx il öncə, 14-15 yaşlarımda,
onun “Seçilmiş əsərləri” ilə tanış olmuşam. Məkan da, şərait də dəqiq
yadımdadır: Laçının Ağoğlan kəndində babamın evindəki kitabların
arasından götürmüşdüm o nəşri. Həmin göy rəngli qalın kitabda şairin,
demək olar ki, bütün şeirləri toplanmışdı. Bu da yadımdadır ki, kitaba
məşhur tənqidçi Asif Əfəndiyevin yazdığı, mənsur şeiri xatırladan ön söz
də qeyri-adiliyilə diqqətimi çəkmişdi. Əli Kərimin o kitabdakı əsərləri
məni yaxşı mənada təəccübləndirmişdi, çünki o vaxta kimi oxuduğum,
sevdiyim, əzbərlədiyim şeirlərdən xeyli fərqlənirdi. Məndə xoş bir
heyrətə səbəb olan həmin şeirlər, aradan qırx il keçməsinə baxmayaraq,
bu gün də yaddaşımda dipdiri, canlı qalır.
İsi Məlikzadə haqqında:
Çağdaş nəsrin ustalarından sayılan unudulmaz yazıçımız İsi
Məlikzadənin yaradıcılığına daha çox diqqət yetirilməsinin, onun
əsərlərinin geniş çapının vacibliyi barədə son zamanlar xeyli danışılıb.
Əsərləri müstəqillik illərində az çap edilən görkəmli nasirin
yaradıcılığının layiqincə nəşri yönündə bir sıra cəhdlər də olub. Ancaq
bütün bunların ədibin irsinin təbliği baxımından arzuolunan nəticələr
verdiyini söyləmək, təəssüf ki, mümkün deyil.
Qulu Məhərrəmli haqqında:
Səfərlərdə çox olmuşam, amma Qulu müəllim kimi yol
yoldaşı rastıma çox az çıxıb. Mübaliğəsiz, onun kimi rahat, ünsiyyətcil
müsahib tapmaq çətindir. Ünsiyyətcildir, pozitivdir, enerjilidir - onunla
darıxmaq mümkün deyil. Hər şeyin yerini bilən, məlumatlı, intuisiyalı, açıq
dünyagörüşlü, həqiqət hesab etdiyi fikirləri deməkdən çəkinməyən, tərifin
də, tənqidin də sərhədlərini dəqiq bilən insandır. Çərçivələrə sığmır, özü
üçün bir çərçivə müəyyənləşdirib və daxilindən gələn sərt intizamla bu
prinsiplərə bütünlüklə əməl edir. Amerikada səfərdə olanda müşahidə
etmişdim, hər gün, xüsusən axşamlar piyada gəzir, yatmazdan qabaq alma
yeyir, sutkada ən azı iki saat radiomuzun tarixi və problemləri ilə bağlı
yazdığı “Radio dalğalarında” kitabı üzərində işləyirdi. Bu yandan da səfərin
zəngin, yüklü qrafikini pozmur, yorulmur, getdiyimiz şəhərlərdə fərqli
adamlarla görüşlərindən qalmırdı. Ən başlıcası, Qulu müəllim bunların
hamısının öhdəsindən gəlməyi bacarırdı.
|