Yarandığı gündən yaradıcı,
istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet"
fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə
istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini
qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa
çalışıb. Təsadüfi deyil ki, bu illər ərzində "525-ci qəzet"də
təcrübə qazanan onlarla gənc artıq peşəkar jurnalist kimi
Azərbaycanda və xaricdə fəaliyyət göstərən ən müxtəlif media
orqanlarında — qəzet, televiziya və informasiya agentliklərində
rəhbər vəzifələrdə çalışırlar. Onların arasında bu gün tanınmış,
müxtəlif dövlət mükafatları ilə təltif olunmuş, fəxri adlara layiq
görülmüş neçə-neçə jurnalist də var. Hətta həmin gənclərin bir neçə
nəfəri bu gün ayrı-ayrı hökumət və dövlət strukturlarında məsul
vəzifələrdə fəaliyyət göstərirlər.
Bu gün "525-ci qəzet"də əsasən gənc jurnalistlər çalışır. Eyni
zamanda, qəzetdə tanınmış qələm adamları da fəaliyyət göstərirlər.
Qəzetin baş redaktoru Rəşad Məcid Əməkdar mədəniyyət işçisi,
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar
Birliyinin Gənclərlə iş üzrə katibidir. Qəzetin baş redaktorunun
müavinləri tanınmış jurnalistlər — Əməkdar jurnalist Yusif Rzayev və
Seyfəddin Hüseynli, redaktoru Əməkdar jurnalist Aydın Bağırovdur.
"525-ci qəzet"in ilk sayı Rəşad Məcid tərəfindən
1992-ci il noyabrın 17-də — Milli Dirçəliş
Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet"
1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan
kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı,
cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə
günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin
səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi,
sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman,
ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar,
müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və
yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr
dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət
və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin,
Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət
Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı,
tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli,
Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli,
Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın
müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu,
elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida
Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu
Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii
əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq
Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd
Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə
malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də
dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin
səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad",
"Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan"
qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı
da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca
qəzet kimi çap edilmişdi.