|
2026-cı ildə iyirminci əsr Azərbaycan ədəbiyyatının
qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai
xadim, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər
Akademiyasının həqiqi üzvü Səməd Vurğunun
(Səməd Yusif oğlu Vəkilovun) 120 illiyi tamam olur.
Səməd Vurğun Azərbaycanın ədəbi fikir salnaməsində yeni parlaq mərhələ
başladan görkəmli sənətkardır. Çoxşaxəli fəaliyyətinin qayəsində
azərbaycançılıq amalı dayanan şair nəğməkarı olduğu Odlar diyarını
alovlu məhəbbətlə tərənnüm etmişdir. Onun dillər əzbərinə çevrilmiş
“Azərbaycan” şeiri hər bir azərbaycanlının ürəyindəki Vətən sevgisinin
poetik ifadəsidir. Böyük söz ustası ana dilinin saflığı uğrunda dönmədən
mübarizə aparmış, xalq yaradıcılığının tükənməz xəzinəsindən
bəhrələnməklə bu dilin bütün məna gözəlliklərini özündə əks etdirən,
dərin bəşəri-ictimai məzmuna malik qiymətli əsərlər ərsəyə gətirmişdir.
Səməd Vurğunun milli poeziyanı yüksəklərə qaldıran romantik və fəlsəfi
məzmunlu bənzərsiz lirikası Azərbaycan ədəbiyyatının qızıl fonduna
daxildir. Keçmişə ehtiram və gələcəyə inam aşılayan Vurğun
dramaturgiyası Azərbaycanın teatr sənəti tarixində xüsusi səhifə təşkil
edir. Səməd Vurğunun novator keyfiyyətlərlə zəngin bədii irsi bir məktəb
kimi müasir Azərbaycan poeziyasına güclü təsir göstərmişdir və bu gün də
gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişməsində
əhəmiyyətli rol oynayır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna
xidmətləri olan görkəmli şair Səməd Vurğunun 120 illiyinin keçirilməsini
təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli
Elmlər Akademiyası və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan
Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd
Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 fevral 2026-cı il
|