Biz Səməd Vurğunun
ruhu qarşısında baş əyərək deyə bilərik: əziz şairimiz, sənin canın
qədər sevdiyin Azərbaycan bu gün müstəqil dövlətdir.
***
Səməd Vurğun öz
xalqının oyanışına, milli dirçəlişinə xidmət edibdir. S.Vurğun o
vaxt bizim hamımız üçün nümunə – xalqına, millətinə, ölkəsinə,
Vətəninə sədaqətlilikdə nümunə idi.
Heydər Əliyev,
ümummilli lider
Səməd Vurğunun
yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və
təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan
dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış
sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni
mərhələ olmuşdur. Azərbaycan Elmlər Akademiyasının ilk
akademiklərindən biri olan Səməd Vurğunun görkəmli
ictimai-siyasi xadim kimi xidmətləri də təqdirəlayiqdir.
İlham Əliyev, Azərbaycan
Respublikasının Prezidenti
Mən poeziyanı
musiqisiz təsəvvür edə bilmirəm. Bu mənada Səmədin şeirləri
əvəzsizdir.
Üzeyir Hacıbəyli,
SSRİ Xalq artisti, akademik
“Vaqif” XVIII
yüzillikdə yaşamış məşhur Azərbaycan şairi Molla Pənah Vaqifin
həyat və əsərlərindən ilham almaqla yazılmışdır… Azərbaycan
vətənpərvərliyinə rəvac verən bu pyes çağdaş Azərbaycan səhnəsinin
ən uğurlu əsəri sayılır.
Məhəmməd Əmin Rəsulzadə,
ictimai-siyasi xadim, publisist
Bu görkəmli Xalq
şairinin heç bir əsərini, heç bir misrasını, heç bir tədbirini xalq
mənafeyindən ayrı düşünmək mümkün deyildir. Səmədin
özü kimi əsərləri də, düşüncə və
arzuları da qırılmaz tellərlə xalqa bağlıdır.
Abdulla Şaiq,
şair, ədəbiyyatşünas
Səməd Vurgun yalnız
poeziya aləmində deyil, ümumən ədəbiyyatımızın ön cəbhəsində
getmiş və ölməz bədii əsərləri, məruzə və nitqləri, məqalə və
çıxışları ilə ədəbiyyatımızı və ictimai fikrimizi
istiqamətləndirmişdir. Yalnız müasir mövzuda deyil, tarixi mövzuda
yazdığı əsərlərində də həmişə müasir olmuş, tarixi mövzuları da
zamanın tələbləri baxımında işləmiş, bunlara bugünün gözü ilə
baxmağı bacarmışdır.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
Səməd Vurğun
ədəbiyyatımızın böyük istedadlı nümayəndəsi olmaqla bərabər nadir
bir şəxsiyyət idi. Yüksək insani duyğulara, böyük ürəyə malik idi.
Sözü bir, özü bütöv adam idi. İnsanların həmişə yaxşı cəhətlərini
görməyə çalışırdı.
İlyas Əfəndiyev, Xalq yazıçısı
Səməd Vurğun
poeziyası – Azərbaycan xalqının məğrur ürək döyüntüsüdür. Xalq
əbədi olduğu kimi, Vurğun poeziyası da əbədi və ölməzdir. Milli
sənətə dərin hörmət onu dünya sənətinə dərin köklərlə bağladı. Səməd
Vurğun milli olduğu qədər beynəlmiləl, beynəlmiləl olduğu qədər də
milli sənətkardır!
Nəbi Xəzri, Xalq şairi
Səməd Vurğun
yaradıcılığı qalib gələn Azərbaycan şeirinin həm ideya, həm də
forma etibarilə böyüyüb yüksəlməsini, milyonların
qəlbini və ruhunu ifadə edən
qüvvətli, bədii bir silaha çevrilməsini əks etdirir.
Məmməd Arif, akademik
Hər xalqın
ədəbiyyatında elə yazıçılar var ki, birdən onların bir neçəsini
ədəbiyyatdan götürsək, qətiyyən yeri görünməz. Lakin elə tək-tək
sənətkarlar var ki, onların birinin yoxluğu ilə bir xalqın
ədəbiyyatında uçurum əmələ gələ bilər. Səməd Vurğun belə
sənətkar, belə şəxsiyyətdir. Onsuz bizim ədəbiyyatdan danışmaq
mümkün olmazdı.
Mehdi Hüseyn, Xalq yazıçısı
Gənc Səməd bir
çoxları kimi əlinə qələm alanda kağız korlamamışdır. O, fitrətən
şair doğulmuşdur.
***
Orduda belə bir qayda
var: şəhid olan nadir qəhrəmanın adı hissənin siyahısında hər səhər
yoxlama zamanı başda çəkilir. Ədəbiyyat ordumuzun işində də müasir
şeirimizin qəhrəmanı Səməd Vurğun buna bənzər şərəfli bir yer
tutmuşdur.
Mir Cəlal, professor
İnsanlara xeyirxahlıq
və işıq rəmzi olan, daim yanan və yaşamağın mənasını da onda görən
quşlara Səməndər adı vermişlər. Səməd Vurğun xalq yolunda, böyük
ədəbiyyat və sənət yolunda daim yanan və ətrafına şölə saçan
Səməndər quşu idi.
Qulu Xəlilov, professor
Səməd Vurğun – qardaş
dillərimizin böyük Xalq şairi – dillərimiz yaşadıqca əbədi
yaşayacaqdır. Səməd Vurğun poeziyamızın nəhəng planetidir. Bu
planetin günəşi, ulduzları sönməzdir.
Nazim Hikmət, türk şair, yazıçısı
Səməd Vurğunun
şeirlərinə azca diqqətlə baxdıqda, onun dühası aydın görünür: bu
şeirlər nəzərə səhl və sadə gəlir, lakin
onları yazmaq asan deyil. Səməd
Vurğunun şeirləri hikmətamizdir.
Seyid Cəfər Pişəvəri,
İranın dövlət xadimi
Səməd Vurğunu tanıdığım ilk gündən, onun şəxsində
azəri xalqının
bütün gözəlliklərini – əməksevər, humanist, nəğməkar
bir xalq olduğunu duydum.
***
O, təkcə qardaş
Azərbaycanın yox, bütün sovet xalqlarının şairi idi. Onun müdrik
ağlı, həssas, xeyirxah ürəyi vardı və buna görə də dostları Səməd Vurğuna dərin məhəbbət bəsləyirdilər.
Petrus Brovka, Belorusiyanın Xalq
şairi
Dünyanın mədəniyyət
irsinə Qərbdə Homerdən Puşkinədək, Şərqdə Füzulidən Səməd
Vurğunadək neçə-neçə nəsillərin təxəyyül qüdrəti və təcrübəsi sərf olunmuşdur.
Çingiz Aytmatov,
Qırğızıstanın Xalq yazıçısı
Səməd Vurğun Azərbaycan poeziyasının ağ saçlı qartalı, Azərbaycan sovet ədəbiyyatının atası və oğludur. Azərbaycan və Səməd Vurğun
bir-birindən ayrılmazdır. Azərbaycan və Səməd Vurğun eyni
məfhumdur, çünki Səməd xalqının ən yaxşı xüsusiyyətlərini – onun
sadəliyini, cəsarətini, dərin zəkasını və istedadını təcəssüm etdirir.
Rəsul Həmzətov
Dağıstanın Xalq şairi
Bütün ədəbiyyatların
ulu ustadları var ki, yaradıcılıqları boyu çiyinlərində ağır,
şərəfli bir yük aparıblar və bu, dünyanın böyük ədəbiyyatları
sırasında öz xalqının, öz torpağının adı olub, ucalıb. Səməd Vurğun
da belə ulu ustadlardandı.
Mustay Kərim,
Başqırdıstanın Xalq şairi
Azərbaycan – qədim
odlar ölkəsi xoşbəxtdir ki, dahi Səməd Vurğunu yetirib. Səməd
başdan-başa istedad idi, yalnız şeir üçün doğulmuşdu…Qardaş
Azərbaycan xalqının misilsiz mənəvi keyfiyyətlərini dostum Səmədin
poeziyası vasitəsilə öyrənmişəm.
Qafur Qulam, Özbəkistanın Xalq
şairi
Səmədi bir dəfə
görən onun hər bir hərəkətini, baxışını ömrü böyu unutmaz. Səməddə
bir igid, bir qartal görkəmi vardır. O, mübahisədən çəkinməz, ta
həqiqət aydın olana qədər mübahisə edərdi. O, dumanlı xasiyyəti,
dumanlı sözləri sevməzdi.
Berdi Kerbabayev,
Türkmənistanın Xalq yazıçısı
Səməd Vurğun
Azərbaycan sovet poeziyasının balı və südü, duzu və çörəyidir, öz
xalqının canlı təcəssümüdür. Onun parlaq, qüdrətli istedadı önündə
baş əyirəm. Səməd Vurğunun adı bizim hamımıza yaxın və əzizdir. Onun
poeziyasının sönməz şəfəqi Azərbaycan və gürcü xalqlarının
nəhayətsiz dostluğu yolunda əbədi şölə saçacaqdır.
Giorgi Leonidze, Gürcüstanın Xalq
şairi
Qardaşımız Səməd
Vurğun… Mənim qardaşım Səməd… O mənim çox yadımdadır və onu
iftixarla xatırlayıram…Mən onu Azərbaycanın yox, dünyanın ən böyük
şairi, gözəl insanı hesab edirəm. Onun gözəl poeziyası heç vaxt
solmayacaq. Biz ana Vətəni, xalqı hərarətlə sevməyi Səməd Vurğundan
öyrənmişik. İnsanda nə qədər yaxşı xüsusiyyətlər varsa, hamısını bu
pirə, peyğəmbərə aid etmək olar.
Qaysın Quliyev,
Kabarda-Balkar MR Xalq şairi
Səmədin özü ilə
şəxsən tanışam. Yazdıqları da xoşuma gəlir. Hissiyyatlı, həm də
cəsarətli şairdir.
Aleksey Tolstoy, rus yazıçısı
Səməd gözəl şair,
mərd insan və sədaqətli dost idi. O, həqiqi xalqlar dostluğunun,
şairlər arasındakı dostluğun, mərdanə dostluğun nə demək olduğunu
çox gözəl bilirdi. Məhz buna görə də ölkəmizin hər yerində və onun
hüdudları xaricində Səmədin çoxlu dostları var.
Konstantin Simonov, rus yazıçısı
Mən Səməd Vurğunun
Sovet Yazıçılarının II Ümumittifaq qurultayında nitqini dinlədikdə
dünyada baş verən böyük dəyişikliklər barədə fikirləşirdim… …O,
necə də böyük bir ilham və ehtirasla böyük sovet şairlərini epik
poemalar və mənzun romanlar yaratmağa ruhlandırırdı. Səməd Vurğun
müasir dünya ədəbiyyatının iftixarıdır.
Lui
Araqon,
fransız şairi
Füsunkar
Azərbaycanı, ağ saçlı Qafqazı vəsf edən Səməd Vurğun təkcə bizim
yox, bütün dairələrin və gələcək nəsillərin müasiri olaraq qalır və
qalacaq. Mən onun poeziyasını hədsiz dərəcədə sevirəm. Dünyaya
belə bir ilhamlı nəğməkar bəxş etmiş torpağa – Azərbaycan torpağına
və xalqına minnətdarlığımı bildirirəm.
Uolter Mey,
ingilis şairi
Mən Səməd Vurğunun
ədəbi şöhrəti, onun ədəbiyyatda mövqeyi haqqında onu deyə bilərəm
ki, bu “Vətən sevgisi ilə yanan sənətkar” müasir Azərbaycan
ədəbiyyatının milli ənənələri ilə müasirliyi özündə birləşdirən ən
görkəmli nümayəndəsidir.
Vilfrid Brants
alman alim
Şeir yaşadıqca, söz
yaşadıqca,
Vurğun kəsiləcək
Vurğuna hər kəs.
İlhami Emin yuqoslav şairi
Bütün dünya xalqları
kimi, Polşa xalqı da Azərbaycan şairi Səməd Vurğunun poeziyasını çox
sevir. Elə təkcə “Azərbaycan”
şeirinə görə ona xalq nəğməkarı demək mümkündür.
Çünki
S.Vurğun burada Vətənin ən əlamətdar keyfiyyətlərini
ümumiləşdirir.
A.Zayonçkovski,
polyak şərqşünas-alimi
“Vurğun” ləqəbi seçib əsərlərini belə imzalamaq necə də gözəl, həm
də cəsur bir addımdır. Özü də Şərq poeziyası üçün ənənəvi gözəlliyin
vurğunu yox, yaradıcısı olduğun yeni həyatın vurğunu…
Georgi Strumski
bolqar yazıçısı
Səməd Vurğunun şeirlərini oxuyarkən biz onun özünü görür, səsini eşidir, qəlbinin hərarətini duyuruq. Elə bil şəffaf güzgüdə bütün
geniş, hüdudsuz səmanı əks etdirən mavi gölə baxırsan. Mənə elə
gəlir ki, isti yay gecəsində eyvana çıxmışam. Hər tərəfdən
növbənöv güllərin, növbənöv meyvələrin insanı məst edən ətri gəlir.
Yan
Sudrabkaln,
Litva şairi
Mən Səməd Vurğunun
sözlərini indi də yada salıram,
xüsusən
qələmim çətin işləyəndə. Budur, 1956-cı ildir… Xəzər
sahilindəyəm.
Bakıda küləklər oynaşır. Bahar fəslidir. Amma qəlbimiz kədərlidir.
Axı, biz Səməd Vurğunun “son” yubiley məclisinin qonaqlarıyıq.
Danışmaqdan çox susuruq, həyat haqqında, əbədiyyat haqqında
düşüncələrə dalırıq…
Andris Veyan,
Latviya şairi
Mən Səməd Vurğunla
Moskvada, Yazıçılar İttifaqında, İttifaqın plenum və
iclaslarında, Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə,
SSRİ Ali Sovetinin sessiyalarında, Ümumdünya Sülh Konqresində
tez-tez görüşmüşəm. Onu həmişə sadə, xeyirxah və nəcib, səmimi dost
və gözəl şair kimi görmək olardı. Poeziyanı sözün əsl mənasında nə
qədər sevmək mümkümdürsə, bir o qədər böyük məhəbbətlə sevirdi.
Poeziyasız onun həyatını təsəvvür etmək çətin idi. O, qardaş
xalqları yaxından tanıdığı və alqışladığı böyük istedad idi… Səməd
Vurğunun nəğmələri, onun adı, bəli, şair və insanın adı şərəfli
əbədiyyətə qovuşacaqdır…
Antanas Venslova, Litva şairi
Onun ülvi poeziyası
xalqımızın poeziyasının ən yaxşı əsərləri kəhkəşanında parlaq
ulduz kim şəfəq saçır. Müxtəlif millətlərə mənsub olan milyonlarla
insan bu poeziyanı sevir. Mən çoxdan bu poeziyanın məftunuyam…
Dostlar həyatımızda ən böyük səadətdir və nə yaxşı ki, dünyada
Səməd Vurğun var!
Aleksandr Fadeyev, rus yazıçısı
Elə təkcə onun
xarici görünüşünün özu bədii əsər üçün müdrik bir obraz idi. O,
gözəl və əvəzsiz insan idi. Onun ölümü biz yazıçıların qəlbinə,
ürəyinə dağ çəkdi…
Mixail Şoloxov, rus
yazıçısı, akademik
Səməd Vurğun böyük
hərflərlə yazılan əsl insan idi. O, həyatı, insanı çox yüksək
qiymətləndirirdi və buna görə də hamının ürəyinə tez yol tapırdı.
Bəzən sənə o qədər sadə görünürdü ki, belə bir nəhəng istedad
sahibi olduğunu təsəvvürə gətirə bilmirdin… Azərbaycan xalqına eşq
olsun ki, adı böyük hərflərlə
yazılan
bir İnsanı – mənim Səməd Vurğunumu dünyaya gətirmişdir!
Yemilian Bukov, moldav şairi
Səməd Vurğun
ədəbiyyatda həmişə yüksək, romantik, poetik üslubu bəzi
ədəbiyyatçıların qanadsız təsvirçiliyinə qarşı qoymuş və bu üslubu
ehtirasla müdafiə etmişdir... O, yalnız böyük poetik istedada deyil,
həm də parlaq, dərin zəkaya və böyük ürəyə malik insan idi.
Maksim Rılski, Ukrayna şairi
Mən Səməd Vurğundan
danışanda onu cismən saf bilirəm, axı həqiqi şairlər heç vaxt
ölmür, onlar yalnız həyatdan yaddaşlara köçürlər.
Boris Oleynik, Ukrayna şairi
O, xalqına təkcə
şeiri ilə deyil, qəlbinin bütün hərarəti ilə şairliyin bütün
nəğməkarlıq qüvvəsi ilə xidmət etmişdir. Onun ecazkar orijinal
lirikası, dramları misilsiz qiymətə malikdir. Bu əsərlər Azərbaycan
poeziyasının üslubunun və dilinin formalaşmasında böyük rol
oynamış, bütün çoxmillətli ədəbiyyatımızın inkişafına müsbət təsir
göstərmişdir.
Maksim Tank, belorus şairi
Səməd Vurğunla mən,
minlərlə yaşıdlarım kimi, hələ uşaqlıq çağlarından tanışam. Monqol
dilinə tərcümə edilmiş “Zəncinin arzuları” poemasını monqol
uşaqlarının necə maraqla oxuduğunu indi də xatırlayıram. Bu
alovlu əsər bizim dərsliklərə salınmışdır.
Damdinsurengiyn Urianxay, monqol şairi
Səmədin üzünü
gördüyüm zaman,
Cismimə can gəldi,
gözümə işıq.
Şairlər vətəni
Azərbaycan da,
Onun sənətilə tapmış
yaraşıq.
Əbülqasim Lahuti,
tacik əsilli İran şairi,
Tacikistanın Milli Qəhrəmanı
Səməd Vurğunu təkcə
Azərbaycanda, yaxud Sovet İttifaqında deyil, xarici ölkələrdə də
tanıyırlar. Mən ərəb ölkələrinə, İrana və Asiyanın digər ölkələrinə çox səfərlər etməli olmuşam, sovet ədəbiyyatından söz düşəndə hər
yerdə Səməd Vurğunun da şeirini eşitmişəm.
Anuar Alimcanov,
qazax şairi
|