2006-cı
ilin mart ayında Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlər
göstərmiş görkəmli şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilovun)
anadan olmasının 100 illiyi tamam olur.
Səməd Vurğunun
yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq və
təkrarsız səhifələrindən birini təşkil edir. Müasir Azərbaycan dilinin
və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii
irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ
olmuşdur. Azərbaycan Elmlər Akademiyasının
ilk akademiklərindən biri olan Səməd Vurğunun görkəmli ictimai-siyasi
xadim kimi xidmətləri də təqdirəlayiqdir.
Azərbaycanın xalq şairi Səməd Vurğunun 100 illik yubileyinin layiqincə
keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Azərbaycan Yazıçılar Birliyi ilə
birlikdə Səməd Vurğunun 100 illik yubileyinə həsr olunmuş tədbirlər
planı hazırlayıb həyata keçirsin.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının
Prezidenti
Bakı
şəhəri, 6 fevral 2006-cı il
|