-Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!
Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad
edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını
ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır!
Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci
il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş
meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm,
bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş
meydanında sübut edirik. 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə
yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı.
Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi,
sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər
ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar
bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə
göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya
getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki,
torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və
biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq,
bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə
olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu
Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Həm birinci Qarabağ,
həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə şəhid olmuş
bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbir
diləyirəm. Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm. Biz xalqımızın,
əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan
azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq! Şuşa 28 il yarım işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri
vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada
yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.
Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük
zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı,
təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa
edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan
səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən
sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə
tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin
bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək
biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa
edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün
bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır. Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə
baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz
olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi
müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi
cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq
maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi
inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan
bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi
imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik? Biz ölkə daxilində
uğurlu siyasət apararaq hesab edirəm ki, ölkəmizdə dünya üçün çox nadir inkişaf
modelini yaratdıq. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda
birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici
dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə
planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik
göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu
müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim
bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli
həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə
bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası,
qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas
vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq
və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə,
xalq-iqtidar birliyi bu planları da alt-üst etdi. Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün
dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki,
əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni
əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı
məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik,
sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli
Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri
əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün
beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının
qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin
qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı
şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə
əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan
edən proseslər bizə böyük problemlər yarada bilərdi. Biz bu illər ərzində bir
çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura
bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu
ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi
dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam
əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa
proseslər gedə bilərdi. Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox
idi, rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə
Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz
demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı
təcrid edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda
tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat
xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə
bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin
edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm
üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq
nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem
dondurulmuş vəziyyətdə qala bilərdi. Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas
hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək,
ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları
almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi
səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi
təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə
Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə
daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi
təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim
fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli,
təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll
olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin
yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi
bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir.
Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı. Azadlıq
meydanında dəfələrlə keçirilmiş hərbi paradlar bütün dünyaya bizim gücümüzü
göstərdi. Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz
müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin
texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir,
Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq,
əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də
əsgərdir. Eşq olsun bizim əsgərlərimizə! Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin,
işğala son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki
siyasətimiz birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini
tapmasa, hərbi yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna
görə də tənqid olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim
torpaqlarımız məgər hərbi yolla zəbt edilməyibmi? Ermənistan bizim
torpaqlarımızı sülh yolu iləmi zəbt edib? Hər bir ölkənin özünümüdafiə hüququ
var. Bu hüququ bizə BMT Nizamnaməsi verir. Mən demişdim, əgər görsəm ki,
danışıqlar artıq tamamilə səmərəsizdir, bizim başqa yolumuz qalmayacaq. Bunu
hamı bilsin - düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər.
Həmişə sözümün üstündə durmuşam. Azərbaycan xalqına nə demişəmsə, onu da
etmişəm. Bu məsələdə də sözümün üstündə durdum və artıq biz Qələbəni qeyd
edirik. Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad
edildi. O cümlədən Füzuli şəhəri, tamamilə darmadağın edilmiş, bir dənə də
salamat bina qoymayıb mənfur düşmən. Cəbrayıl tamamilə dağıdılmış. Qubadlı,
Zəngilan tamamilə dağıdılmış. Kəndlər, şəhərlər. Hadrut qəsəbəsi, Suqovuşan
qəsəbəsi və bu gün Şuşa şəhəri. Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də
döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona
qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki,
bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü
alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya
ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs,
hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların
bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu
döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində
milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları
inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik
hesabına! Bir daha demək istəyirəm ki, bizim zəfər yürüşümüz davam edir. İşğal edilmiş
bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir.
Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu
tələb edir. Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında
doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin
ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı
yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının, Xocalı qurbanlarının qanı yerdə
qalmır. İntiqamımızı döyüş meydanında aldıq. Biz mülki vətəndaşlara qarşı heç
vaxt müharibə aparmamışıq, bu dəfə də aparmamışıq. Baxmayaraq ki, mənfur düşmən
93 mülki şəxsi namərd atəşlə öldürüb, 400-dən çox mülki şəxs yaralanıb. Amma mən
dedim yox, biz azərbaycanlıyıq! Biz intiqamımızı döyüş meydanında alacağıq və
alırıq! Onların ordusunu məhv etmişik, texnikasını məhv etmişik, məhv edirik və
edəcəyik. Düşməni qovuruq və qovacağıq! Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun
ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini
yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu
Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun
dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan
minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm
ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər
gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün
dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz
xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk! Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq
göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil.
Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni
zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq
kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə
gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu
illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm,
görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu,
mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin
edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm.
Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə
də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! |