YAŞAR NURI

Yaşar Nuri (tam adı: Yaşar Məmmədsadıq oğlu Nuriyev (3 sentyabr 1951-22 noyabr 2012) — azərbaycanlı aktyor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı; Prezident təqaüdçüsü, Azərbaycanın xalq artisti.

Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir. Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.

...İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin "Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin "Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır

Səhnə fəaliyyəti

Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk rolu Aleksandr Vampilovun "Övlad" ("Böyük oğul")(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel(6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr, 1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır. Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.

Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.

İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.

Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) və Amaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.

Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.

Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.

Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.

Kino fəaliyyəti

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd Bazar Günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı Yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.

Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol Əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.

Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.

Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin Oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Yubileyləri

Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını - əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona "Yaramaz" filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş "Səhnəmizin Yaşarı", 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar "Yaşar Olduğu kimi" sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.

Aldığı adlar və mükafatlar

  • Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı.

  • Azərbaycan Lenin Komsomolu Mükafatı.

  • Azərbaycan SSR Xalq Artisti fəxri adı.

  • "Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatı.

  • "Qızıl dərviş" Mükafatı.

  • "Qızıl dərviş" Mükafatı.

  • Azərbaycan Respublikası Prezidentinin I dərəcəli mükafatı.

  • Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

  • "Şöhrət" ordeni.

  • Milli Kino Mükafatı.

Teatr səhnəsindəki rolları

  • Tapdıq  (Toy kimindir? - Məhərrəm Əlizadə)

  • Bədəl (Hacı Qara - Mirzə Fətəli Axundov)

  • Silva (Övlad - Aleksandr Vampilov)

  • Pərviz (Bağlardan gələn səs - İlyas Əfəndiyev)

  • Cığatay (Yağışdan sonra - Bəxtiyar Vahabzadə)

  • Sqanare l (Bəşərin komediyası və yaxud Don Juan - Mirzə İbrahimov)

  • Namiq (Şəhərin yay günləri - Anar)

  • Sərsəm Salman (Dəli yığıncağıv - Cəlil Məmmədquluzadə)

  • Qulaməli (Müsyö Jordan və Dərviş Məstəli Şah - Mirzə Fətəli Axundzadə)

  • Əbdüləli bəy (Sevil - Cəfər Cabbarlı)

  • Qasım (Quşu uçan budaqlarv - Əkrəm Əylisli)

  • Eduard (Yad adam - Leonqard Frank)

  • Polkovnik Əmir (Səhra yuxuları - Anar)

  • Qurbanqulu (Mirzə Şəfi Vazeh - Nəbi Xəzri)

  • Molla Nəsrəddin (Sizi deyib gəlmişəm... - Anar)

  • Ziyad (Məhəbbət yaşadır - Nahid Hacıyev)

  • Rəhman (Fəryad - Bəxtiyar Vahabzadə)

  • Aktyor (Həyatın dibində - Maksim Qorki)

  • Odakar (Böyük Romul - Fridrix Dürrenmatt)

  • Altunbay (Od gəlini - Cəfər Cabbarlı)

  • Mirzə Həbib (Lənkəran xanının vəziri - Mirzə Fətəli Axundzadə)

  • Böyükağa (Günah - Rəhman Əlizadə)

  • Conatan Piçem (Üç quruşluq opera - Bertolt Brext və Kurt Vayl)

  • Davud (Bizim qəribə taleyimiz - İlyas Əfəndiyev)

  • Xanəhməd (Qızıl teşt - Seyran Səxavət)

  • Abdi (Qanlı Nigar - Sadıq Şəndil)

  • Şahməmməd (Gülüstanda qətl - Cəmil Əlibəyov)

  • Balaş (Sevil - Cəfər Cabbarlı)

  • Salmanov (Toy)

  • Neznamov (Günahsız müqəssirlər)

  • Alışov (Kəndçi qızı - Mirzə İbrahimov)

  • Kürd Musa (Vaqif - Səməd Vurğun)

  • Məşədi Oruc (Ölülər - Cəlil Məmmədquluzadə)

  • Bayandur (Büllur sarayda - İlyas Əfəndiyev)

  • Səlim (Yollara iz düşür - Bəxtiyar Vahabzadə)

  • Şahbaz (Hara gedir bu dünya - Bəxtiyar Vahabzadə)

  • İsgəndərzadə (Ah  Paris… Paris!.. - Elçin)

  • Şöbə müdiri (Mənim sevimli dəlim - Elçin)

  • Tanrıqut (Sokratı anma gecəsi - Çingiz Aytmatov və M. Şabanov)

  • Yoldaş Əmrah (Bu dünyanın adamları - Hidayət Orucov)

  • Sərsəri (Kəllə - Nazim Hikmət)

  • Kommunist partiyasının lideri (Hərənin öz payı - Xeyrəddin Qoca)

  • Nəcəf (Brüsseldən məktublar - Həsən Həsənov)

  • Xandəmir (Afət - Hüseyn Cavid)

  • Milan (Biganələr otelində - Rüstəm İbrahimbəyov)

  • Məzarçı (Hamlet - Uilyam Şekspir)

  • Ağamusa Nağıyev (Mesenat - Əli Əmirli)

  • Kürən (Xəcalət - Hüseynbala Mirələmov)

  • Soltan bəy (Arşın mal alan - Üzeyir Hacıbəyov)

Filmoqrafiya

Ruhəngiz Qasımovanın «Qonşu, qonşu olsa…» (on bir müxtəlif tip), «Yollar görüşəndə» (Yaşar),

İsi Məlikzadənin «Qatarda» (Dadaşov),

Anarın «Evləri köndələn yar» (Surxayzadə),

Hüseyn Cavidin «Topal Teymur» (Cücə),

Mövlud Süleymanlının «Kökdən düşmüş piano» (Nəriman),

Üzeyir Hacıbəyovun telenovellaları əsasında «Ordan-burdan» (Fotoqraf Əli bəy),

Mehdi Hüseynin «Alov» (Bədəl),

Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Nəcəf dayı),

Anatoli Dudarevin «Astana» (Andrey Buslay),

Aslan Qəhrəmanovun «Bağışla»,«Səni axtarıram»,

«Səndən xəbərsiz» (Elçin) trilogiyası,

Anarın «Nigarançılıq» (Qurbanəli bəy)

və s.əsərlərinin teletamaşaları televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur.

Qara ciyər serrozundan əziyyət çəkən Yaşar Nuri 2007-ci il dekabrın 3-də səhhətində yaranmış problemlə bağlı Mərkəzi Neftçilər Xəstəxanasına müraciət etmişdi. Daha sonra Nuri xəstəliyi ilə əlaqədar olaraq fevralın 9-da Türkiyəyə aparılıb. Elə həmin gündən müxtəlif müayinələrdən keçib.

Azərbaycanın xalq artisti Yaşar Nuri 22 noyabr 2012-ci ildə uzun sürən ağır xəstəlikdən sonra Mərkəzi Gömrük Xəstəxanasında dünyasını dəyişib.

 

<< Geri