Abbas
Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (12 dekabr, 1893, Şamaxı-16 noyabr,
1938, Bakı) — Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru,
film bədii rəhbəri və film montajçısı.
Aktyor sənətinin böyüklüyü bəlkə də ondadır ki, bu sənət sahibləri hamı
kimi bir ömür deyil, bir neçə ömrün sahibi olurlar. Səhnə yaşantısı bu
insanların həyatının mənasına çevrilir. Onlar səhnədə yaratmaq üçün
yaşayırlar.
"Sənət qurban tələb edir" sözləri də məhz onların timsalında
aforizmləşib.
Ancaq biz bu gün insan ömrünün itkisindən, qurbanlarından deyil, sözün
böyük mənasında, sənətin itkisindən söz açacağıq. Söhbət Azərbaycan
teatrının korifeyi Abbas Mirzə Şərifzadənin yarıda qalan ömür və
yaradıcılıq yolundan gedir.
Erkən Dövrlər
Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala
məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul
dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid"
məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən
sayılırmış.
Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi,
ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə
Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da
ailəsi şəhəri tərk edib, Bakıya köçürlər.
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd
Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı
dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, "Şəbeh" tamaşasında
əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada
Şümüru oynayırmış.
Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada
cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan
Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir
kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının
yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm
qəzəblənir.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də
səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya
şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.
Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin
gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən,
neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss
edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni
yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar.
Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində
müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə
cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas
şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb,
Lermontovun "Şairin Ölümü" şerini deyir.
"Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb,
gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda
idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu.
Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".
Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas
mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər
ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul
oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin
aktyorluq sənətinə münasibətini xatırladır. Ancaq çifayda... Abbas nə
atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla
birgə tamaşalar hazırlamağa başlayır.
Səhnə və Kino Fəaliyyəti
Abbas Mirzə Şərifzadənin səhnə fəaliyyətinə gəlincə, o, ilk dəfə 1908-ci
ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb. Düz iki
ildən sonra – 1910-cu ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr
kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən
Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını
yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"
faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.
İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam
etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə
ustaları sırasında özünəməxsus yer tutur.
Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran
kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.
Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya
məxsusdur. "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını
öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir
sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında,
iliyindədir.
Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını
genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə
həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq
vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". Bu istedadın sayəsində
onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay,
Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz,
Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas
roldan, rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç
bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.
Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale
ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər
salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən.
Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə
oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun
səhnələşdirdiyi bu tamaşa 1927-ci ildə Dram Teatrı səhnəsində qoyulub.
Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib.
Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da,
böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə
"Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq
Kərəm" əsərlərini səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq
Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olub.
Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. "Bismillah",
"Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə
ilk kino rejissorumuz olub.
Repressiya və Tale
Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarənsə, Abbas
Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı
istintaq işinə baxmaq olar.
İstintaq işindən məlum olur ki, Abbas Mirzə Şərifzadə ömrünün son
günlərini yalnız yalanlara, iftiralara cavab verməklə yaşayıb. TEATR isə
ömrünün o biri sahilində qalıb.
Əslinə baxanda, istintaq işi yalnız iftiraların, minlərlə insanın
faciəsinə qol qoyan dövrün eybəcərliyinin görküdür. Soyuq, qaranlıq
zirzəmilərdə isə daha dəhşətli hadisələr baş verib. Ağlagəlməyən
işgəncələr, təhqirlər son ucda isə QORXU, VAHİMƏ.
Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs
edərkən, evində ciddi axtarış aparılıb. Bir teatr qılıncı, iki teatr
tapançası silah kimi müsadirə edilib.
"Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq
edib." – bu sətirlər Abbas Mirzə Şərifzadənin həbs olunması barədə
tərtib olunan arayışdandır. "Əldə edilmiş Məlumatlar" isə ağlagəlməz
işgəncələrdən sonra Ruhulla Axundovun verdiyi ifadədir. Ruhulla Axundov
ifadəsində bildirib ki, o, əksinqilabi millətçi təşkilatına Milli Dram
Teatrının direktoru Əli Kərimovu cəlb edib. Əli Kərimovsa öz növbəsində
Abbas Mirzə Şərifzadəni təşkilatla tanış edib.
"Əldə edilmiş Məlumatlar" gözgörəsi əsassız idi, ən azı, bu ifadələr
bir-birini təkzib edirdi. Belə ki, Ruhulla Axundovdan fərqli olaraq, Əli
Kərimov sözügedən təşkilatla bağlılığından danışarkən, Abbas Mirzə
Şərifzadənin adını hallandırmayıb. İsrarla dönə-dönə verilən bu suala
rədd cavabı verib.
Maraqlıdır ki, Abbas Mirzə Şərifzadənin istintaq işində haqqında
danışılan şəxslərin heç birinin ifadəsi yoxdur. Abbas Mirzə məsuliyyətə
"İran dövlətinin xeyrinə casusluq etdiyinə görə" cəlb olunubmuş.
İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə
çalışırlar. Və onun xarici ölkə səfirliklərilə əlaqələrini araşdırarkən,
məlum olur ki, Abbas Mirzə Şərifzadə 1932-ci ildə Gəncədə olarkən,
iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib. İran
konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Demək olar ki, hər axşam
onların tamaşalarına baxmağa gəlirmiş. Və oyunlarına böyük maraqla
baxdığı aktyorları hərdən qonaq çağırmağı da unutmurmuş. Abbas Mirzə
Şərifzadə də məhz bu münasibətlə bir neçə dəfə İran səfirliyində olubmuş.
Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız
ehtiyatsızlıq edərək, İran konsulxanasına ayaq basmaqda günahkar bilir.
O, ifşa olunmuş "xalq düşmənləri"lə yaxınlığına, siyasi görüşlərinə dair
bütün ittahamlara isə birmənalı şəkildə "yox" deyir. "Ümumiyyətlə, mən
teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş"
Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə
günahlandırılır.
Abbas Mirzə bu ittihamları rədd edərək, bildirir ki, o, yalnız ona
tapşırılan rolları oynayıb. Konsertlərdə və radio çıxışlarında mətni isə
incəsənət komitəsi tərəfindən tərtib olunurmuş.
İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, "yox"
cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız
şahid ifadələri əsasında günahkarlandırılıb. İstintaqın gedişatı zamanı
onun işinə daha bir ittiham əlavə olunur: "Abbas Mirzə əksinqilabi
burjua millətçi təşkilatının üzvüdür".
Məhbusun "dindirilmə" üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə
İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu
ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin
sözlərini təsdiqləyir. Və 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü
verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə
güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında
çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə
yetirilir.
O dövrün mənbələri göstərir ki, bir qayda olaraq, belə hökmlərin icrası
təxirə salınmırmış. Belə olan təqdirdə Abbas Mirzə Şərifzadə haqda
çıxarılan hökmün niyə yerinə yetirilməməsinə gəlincə, aydın olur ki,
ondan gələcək həbslərə rəvac verən ifadələrin alınmamasından narazı
qalan istintaq qrupu daha çirkin bir oyuna əl atır. Haqqında onsuz da
ölüm hökmü çıxarılan Abbas Mirzə ilə daha amansız rəftar edərək
bildirirlər ki, bəzi ifadələrə qol atacağı təqdirdə onu
güllələməyəcəklər. Abbas Mirzə Şərifzadədən alınan ifadələr əsasında
həbs edilənlər qatı cinayətkarlar olub. İstintaq qrupunun ən müxtəlif
vəzifələrində çalışan bu şəxslər günahsız insanları şərləmək üçün çirkin
vasitələrə əl atanlardanmışlar. |