AĞADADAŞ QURBANOV |
Ağadadaş Gülməmməd oğlu Qurbanov - (8 mart 1911 - 25 iyun 1965) - Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı Ağadadaş Gülməmməd oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda doğulub. 1927-ci il martın 15-də "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Bu tamaşanı, başda Ağadadaş Qurbanov olmaqla, talelərini teatra bağlayan məktəblilər hazırlamışdılar. Bununla da Bakıda Fəhlə Uşaqlar Teatrının (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırıldı) bünövrəsi qoyulub. Ağadadaş Qurbanov həmin vaxtdan 1952-ci ilədək bu teatrda işləyib və qısa müddətdə kollektivin əsas qüvvələrindən Diri olub. Aktyor Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" (Aydın), Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" (Molla İbrahimxəlil), Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" (Hacı Qəmbər), Fridrix Şillerin "Qaçaqlar" (Karl Moor), Nikolay Qoqolun "Müfəttiş" (Xlestakov), Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" (Qaneş) pyeslərinin tamaşalarında iştirak edib. Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. O, bu teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo), Kamal ("Məhəbbətin hökmü", Cabbar Məcnunbəyov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tağı Hüseyn ("Köç", Cavad Fəhmi Başqut), Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Gülcamal ("Yaxşı adam", Mirzə İbrahimov), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Akif ("Həyat", Mirzə İbrahimov), Əşrəf bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) kimi parlaq və yaddaqalan rollarda çıxış edib. "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilib. "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn olunub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. |