AMALİYA PƏNAHOVA

Pənahova Amaliya Əliş qızı (15 iyun 1945, Gəncə) - Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti, dövlət mükafatı laureatı, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri.

Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun "Dram və kino aktyorluğu" ixtisasını bitirmişdir.

1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar.

1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-in xalq artisti fəxri adı verilmişdir.

1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur.

Böyük istedada, hərtərəfli biliyə malik olan aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. O, 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hal-hazırda televiziyanın Qızıl fondunda saxlanılır. Bunlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

Amaliya Pənahovanın istedadının başqa bir cəhəti onun böyük təşkilatçılıq qabiliyyətidir ki, 1992- ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb etmiş və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaratmışdır. Elə bu keyfiyyətləri, yəni gənc aktyor və rejissor kadrları tərbiyə etmək sahəsindəki uğurlarını nəzərə alaraq, A.Ə.Pənahova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunmuş və burada öz parlaq istedad və bacarığını nümayiş etdirmişdir. O Universitetin professorudur. Bu səbəbdəndir ki, onun hazırladığı tamaşalarda və tələbələrlə işlədiyi bədii proqramlarda müasirlik duyumu, tarixilik prinsipi, tamaşaçılara təsir və təlqin gücü yüksəkdir. Hal-hazırda onun dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında Amaliya xanımla birgə çalışırlar.

Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olmuşdur.

Azərbaycan milli teatr sənətinin inkişafında xidmətlərinə görə Amaliya Əliş qızı Pənahova Azərbaycan Respublikasının Prezidenti möhtərəm Heydər Əliyev cənablarının 1995- ci il 8 iyul tarixli 356 nömrəli fərmanı ilə yüksək mükafatla- "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Amaliya Pənahova həmçinin sənətşünaslıq elmləri doktoru adını alıb. Ötən il dekabrın 28-də "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini uğurla müdafiə edib. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını almışdır.


<< Geri