ARİF QULİYEV

 Arif Quliyev - Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti .

A.Quliyev 1965-ci ildə Bakı Mədəni Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilmişdir.
1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olmuşdur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət olunmuşdur. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirmişdir.
A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterli obrazlar yaratmışdır. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazlar A.Quliyevin yaradıcılıq potensialının zənginliyini ifadə edir. Hal-hazırda A.Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyir. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəridir.
1982-ci ildə o, Respublika Gənclər mükafatına, 1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülmüşdür. 1993-cü ildə A.Quliyev Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunmuşdur. 1994-cü ildə o, Xalq Artisti fəxri adına layiq görülmüşdür. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.

 

<< Geri