BARAT ŞƏKİNSKAYA |
Barat Həbib qızı Şəkinskaya — Azərbaycanın teatr və kino aktrisası, Azərbaycanın xalq artisti. Barat Həbib qızı Şəkinskaya 28 iyun 1914-cü ildə Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Barat Şəkinskaya ilk təhsilini Şuşada alıb. 1923-cü ildə Gəncəyə köçüblər. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib. Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib. Teatr rejissoru Mehdi Məmmədovun həyat yoldaşı olmuşdur. Oğlu rəssam və kino aktyoru Elçin Məmmədovdur Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə teatr tariximizə yazılıb. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Axırıncı dəfə o, uşaq rolunu 37 yaşında oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin "Çiçəklənən Arzular" pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub. "Azərbaycan səhnəsinin Cülyettası" deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Sənətə böyük ehtiramı olan Barat Şəkinskaya elə bu məhəbbət üzündən də səhnəni tərk edib. Aktrisanın 70-ci illərdə səhnə ilə vidalaşma səbəbini İlham Rəhimli belə izah edir: "Səbəbini bir dəfə ondan soruşdum. Dedi ki, bir gün məşqdə idim. Məşq gedirdi. Mən bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı". Xalq artisti (1949) Barat Şəkinskaya 14 yanvar 1999-cu ildə dünyasını dəyişib. |