CAHANGİR ZEYNALOV |
Cahangir Zeynalov - Azərbaycanda realist aktyor məktəbinin banisi, teatr xadimi Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, Azərbaycan realist aktyor məktəbinin banisi Kərbəlayı Cahangir Zeynalovdur. 1865-ci ildə Bakıda doğulmuş Cahangir Zeynalovun atası Məşədi Rza da, özü də tacirlik etmişlər. Cahangir bəy ibtidai təhsil almışdı, rus və fars dillərini mükəmməl bilirdi, geniş mütaliəsi vardı. Səhnəyə ilk dəfə 1885-ci ildə qız rolunda çıxıb. Bakıda fəaliyyət göstərən Lanskoy, Şorşteyn, Aqriptseva kimi aktyorların truppaları ilə yaxından əlaqəsi vardı, şəhərə gələn qastrolçuların tamaşalarına müntəzəm baxardı. Hətta 1916-1918-ci illərdə baxdığı tamaşalar barədə rəylərini, sənət haqqında mühakimələrini təcəssüm etdirən "Teatro dəftərçəsi"ndə ("Əxz etdiyim hərəkətlər") nəzəri-təcrübi fikirlərini traktat səpkisində yazıb. Müəyyən vərəqləri itmiş həmin dəftərçə Azərbaycan Dövlət Teatr Muzeyində saxlanılır. Maddi imkanı geniş olan Cahangir Zeynalov aktyorlara həmişə əl tutur, onlara pul yardımı edirdi. O, indiki Hüsü Hacıyev və Dilarə Əliyeva küçələrinin kəsişməsində yerləşən Şahmat klubunun yerindəki evinin böyük bir zalını məşq üçün ayırmışdı. Otağın baş hissəsində xərc çəkib səhnə də düzəltdirmişdi. Hacıağa Abbasov, Mirzağa Əliyev, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Mirmahmud Kazımovski kimi aktyorlar, Sultanməcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Bədəl bəy Bədəlbəyli kimi müəllim və səhnə fədailəri dəfələrlə həmin zalda məşq etmiş, tamaşalar hazırlamışlar. Məşqdən sonra iştirakçıların hamısına süfrə açılardı və xərci Kərbəlayı özü ödəyərdi. Cahangir Zeynalov səhnədə əvvəllər Həbib bəy Mahmudbəyovla Sultanməcid Qənizadənin hazırladıqları tamaşalarda oynayıb. XIX əsrin sonlarında isə sənət dostu Nəcəfqulu Vəliyevlə birgə əsərlər tamaşaya qoyublar. 1900-cü illərdə Müsəlman dram artistləri şirkətinin ("Şirkət" də deyilib) təşkilində Zeynalovun müstəsna rolu olub. "Nicat" (1906) və "Səfa" (1912), "Nəşri-maarif" mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında Kərbəlayı Cahangir əsasən aktyorluq edər və həm də tamaşalara quruluşlar verərdi. "Səfa"nın teatr truppası 1912-ci ildən fəaliyyətdə idi, ancaq cəmiyyətin özü 1910- cu ildə yaranmışdı. "Səfa"nın kitabxanasının təşkilində böyük işlər görən Cahangir Zeynalov onun fonduna çoxlu nüsxədə kitab bağışlamışdı. Bakıda qabaqcıl elm ocaqlarından sayılan "Səfa" məktəbində Səməd Mənsur, Abbasmirzə Şərifzadə, Cəfər Bünyadzadə ilə yanaşı, Cahangir Zeynalov da dərs deyirdi. O, dəfələrlə, "Səfa" teatr bölməsi idarə heyətinin rəhbərləri sırasma seçilmişdi. Hətta 1914-cü ildə sədr vəzifəsini Cahangir Zeynalov, müavinliyi isə Mehdi bəy Hacınski tutmuşlar. Cahangir Zeynalov ilk Azərbaycan aktyorudur ki, teatr ictimaiyyəti ona təntənəli yubiley ("Yomi ali") keçirib. Səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyətinin Qurban bayramı günündə (30 noyabr 1910) Tağryev teatrında keçirdiyi yubiley təntənəsində rəsmi hissə olmuş, fasilələrdə xanəndə və sazəndələr çalıb-çağırmış, Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" komediyası oynanılmış, Mirzə Həbib rolunu Cahangir Zeynalov ifa etmişdi. Yubiley münasibətilə "Günəş", "Kaspi", "Nicat", "Səda", "Bakı", "Bürhani-Tərəqqi", "Qafqazskaya kopeyna" qəzetləri məqalələr və Nəriman Nərimanovun, Mehdi bəy Hacınskinin, Boyarski truppası aktyorlarının, redaksiya heyətlərinin təbriklərini çap etmişdi. Yubiley gecəsi "Nicat" tərəfindən Səməd bəy Acalov, Gürcü nəşri-maarif cəmiyyətindən Nasidze, bütün müsəlman dram dəstəsi adından Qulamrza Şərifzadə, "Maloross", "Kulturnıy soyuz", "Prosvita", "Nəşri-maarif", "İttihad", "Yəhudilər" cəmiyyətləri, "Yeni Fyüzat", "Molla Nəsrəddin" məcmuələri, "Səda", "Tərcüman" qəzetləri aktyoru təbrik etmiş, ona qiymətli hədiyyələr bağışlamışdılar. Mirzağa Əliyev, Hacıağa Abbasov, Məmmədəli Vəlixanlı kimi möhtərəm aktyorların səhnəyə gəlişində Kərbəlayı Cahangirin böyük xidmətləri olub. O, "Nicat", "Səfa", "Müsəlman artistləri ittifaqı"nın, Hacıbəyov qardaşlarının "Opera və dram truppası"nın aralarındakı xoşagəlməz ləcliyi, çəkişmələri aradan qaldırmış, onları ümumi mədəniyyətin tərəqqisi naminə birləşməyə çağırmışdır. Səhnəmizdə qadınların olmamasından həmişə rahatsızlıq keçirən aktyor qızını aktrisa görmək istəmiş, ancaq amansız ölüm bu arzuya kölgə salmışdı. Üç yaşında valideyni Cahangir Zeynalovu itirmiş Nəsibə Zeynalova sonralar atasının bünövrəsmi qoyduğu realist aktyor məktəbinin ən layiqli davamçısı kimi tarixiləşdi. 1918-ci ilin 17 martında erməni daşnakiarı Bakıda vəhşiliklə yanğınlar və qırğınlar törədəndə Cahangir Zeynalov həyat yoldaşı Hüsniyyə xanımla, körpə qızı Nəsibə ilə İranın Ənzəli şəhərinə, müvəqqəti orada yaşayan qayınatası Məşədi Əbdüldayan Hüseynovun yanına gediblər. Oktyabrın əvvəllərində ara sakitləşəndə o, ailəsi ilə birgə "Ardahan" gəmisinə minib Bakıya qayıdarkən dənizdə fırtına qopub. səkkiz gün dənizdə qalan gəmidə natəmizlikdən yatalaq (tif) xəstəliyi yaranıb və Kərbəlayı Cahangir də həmin azara tutulub. Bakıya çatandan sonra yaxın dostlarından, qohumlarından xəbərsiz dünyasını dəyişib. Aktyor son dəfə səhnəyə "İsmailiyyə" zalında oynanan "Hacı Qara" tamaşasında baş rolda çıxıb. Cahangir Zeynalovun milli dramaturgiyamızda oynadığı rolların tam olmayan siyahısı belədir: Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara, "Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsində Tavad Maqobeli, Rzaqulu Mirzə, Mirzə Cəfər xan, "Bəxtsiz cavan" ("Tamah"), "Kimdir müqəssir?", "Millət dostları" dramlarında Kişi, Hacı Səməd ağa, Mahmud, "Xəyalət"də Dərviş. Nəriman Nərimanovun "Dilin bəlası"nda Şamdan bəy və Hacı İbrahim, "Nadir şah" faciəsində Ədhəm və Cavad, İsmayıl Rüs təmbəyovun "Dövləti-bisəmər", Mehdi bəy Hacınskinin "Sultar Əbdüləzizin xəli" pyeslərində Hacı Fərəc, Həsən Xeyrulla Əfəndi, Süleyman Sani Axundovun "Tamahkar"ında Hacı Murad rolları. O, Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar " (Məşədi Şaban), "Xor-xor" (Seyfulla), "Dursunəli və ballıbadı" (Dursunəli), Məhəmmədhəsən Həsənovun "Pinəçi Seyfulla" (Seyfulla), Vasaq Mədətovun "Qırt-qırt" (Ağa Murad), İsgəndər Məlikovun "Yaxşılığa yamanlıq", "Molla Nəsrəddin" (Molla Nəsrəddin) vodevillərində əsas obrazları oynayıb. Tərcümə əsərlərindən Lev Tolstoyun "Əvvəlinci şərabçı" (Potap), Fridrix Şillerin "Qaçaqlar" (Qoca Moor), Jan Batis Molyerin "Zorən təbib" (Eyvaz), Şəmsəddin Saminin "Dəmirçi Gavə" (Qubad və Fərhad), "Əhdə vəfa" (Zübeyr), Hüseyn Bədrəddin və Məhəmməd Rüfətin "Əmir Əbül Üla" (Rəbi), S.Lanskoyun "Qəzavat" (Qoca səraərdə), Vano Mçedaşvilinin "Qaçaq Kərəm" (Çinovnik və Xanın katibi), Namiq Kamalın "Vətən" ("Vətən, yaxud Osmanlı müharibəsi". Şeyxülislam) tamaşalarında oynayıb. Yuxarıda sadalanan rolların əksəriyyətini dəfələrlə müxtəlif quruluşlarda ifa etmiş Cahangir Zeynalov bəstəkar Üzeyir bəy Hacıbəyovun "O olmasın, bu olsun" operettasında Rza bəy və Rüstəm bəy obrazlarını yüksək məharətlə yaradıb.
Rejissor kimi də səmərəli fəaliyyət göstərən Cahangir Zeynalov 1913-cü
ildə "Səfa"da dramaturqlardan Mirzə Fətəli Axundzadənin "Hacı Qara",
Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər", Namiq Kamalın "Vətən", Zülfüqar bəy
Hacıbəyovun "Evliykən subay", 1914-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin
"Millət dostları", Molyerin "Zorən təbib", 1915-ci ildə Namiq Kamalın "Əhdə
vəfa", digər illərdə müxtəlif truppalarda Cəlal Yusifzadənin "Fərhad və
Şirin" (opera), Şəmsəddin Saminin "Dəmirçi Gavə", Nəriman Nərimanovun
"Nadir şah" əsərlərinə quruluşlar verib. Cahangir Zeynalov xalq
folklorunun mayasından şirələnən yumordan yaradıcılıqla bəhrələnirdi. Cahangir Zeynalov oynadığı rolda doğruçuluğa, həyatiliyə, inandırıcılığa nail olmaq üçün obrazın daxili inkişaf məntiqinə əsaslanıb, müxtəlif üslubları sintez edə bilib. Cahangir Zeynalovun aktyor məktəbi köklü və davamlı prinsiplər əsasında qurulmaqla öz poetikasının müəyyən vacib göstərici-prinsiplərini formalaşdırıb. Cahangir Zeynalov rolunu nə qədər coşğun ehtirasla, çılğın temperamentlə oynasa da, heç vaxt personajın daxili sürət-ritminin inkişaf ahəngindən çıxmır, həmin rolla təqdim etmək istədiyi estetik flkrin mahiyyətindən uzaqlaşmır, həqiqət hissinə daim sadiq qalırdı. Cahangir Zeynalov obrazın (məsələn Hacı Qara, Vəzir) ictimai-sosial mənşəyindən çıxış edərək onun cəmiyyətdə tutduğu mövqeyini özü üçün aydınlaşdırır və buna uyğun məntiqlə rolun davranışını, geyimini, danışığını müəyyənləşdirirdi. Cahangir Zeynalov dramatik rollar (Hacı Səməd, Qoca Moor) oynasa da, təbiətən komik idi. Sənətdə hər cür zahiri əyləndiriciliyin, yüngül oyunbazlığın, şitliyin əleyhinə çıxır, teatrı yüksək hisslərə çıraq tutan məbəd kimi qiymətləndirirdi. Cahangir Zeynalov el arasında həmişə özünü yüksək ləyaqətlə, ağır ağayanalıqla aparır, hər yerdə hörmət-izzəti uca tutulurdu, onu müdrik ağsaqqal, xeyirxah ziyalı kimi qəbul edərdilər. Cahangir Zeynalov aktyorluq peşəsini müqəddəs tutar, sənətinə ciddi yanaşmayanları tənbeh edir, bütövlükdə teatra əvəzsiz tərbiyə ocağı kimi baxırdı. Aktrisa Nəsibə Zeynalovanın atasıdır.
|