ƏLƏSGƏR ƏLƏKBƏROV |
Ələkbərov Ələsgər Hacıağa oğlu (26 mart 1910, Bakı – 31 yanvar 1963, Bakı) — Azərbaycan aktyoru, SSRİ xalq artisti. Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb. 1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. Teatrda işlədiyi illərdə aktrisa Hökümə Qurbanova ilə ailə həyatı qurub. Bu evlilikdən onların Nailə adlı qız övladları dünyaya gəlib. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən gənc ailə də Bakıdan Gəncəyə köçüb. Amma çox keçməmiş onların ailəsi dağılıb. Hökumə Qurbanovadan ayrılandan sonra bir rus qızı ilə evlənib. Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb. 31 yanvar 1963-cü ildə vəfat edib.
|