ƏLƏSGƏR ŞƏRİFOV

Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram dərnəyində "İblis" (Hüseyn Cavid), "Aydın", "Sevil", "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Qaçaqlar" (Şiller), "Qaçaq Kərəm" (Vano Mçedaşvili) tamaşalarında baş rolları oynayıb. Həmçinin Akademik teatrın tamaşalarında epizod rollarda səhnəyə çıxıb. 1926-cı ildə texnikumun buraxılış kursunda oxuyan Ələsgər Şərifov imtahanları vaxtından əvvəl verərək Moskvaya ali təhsil almağa gedib. Ancaq orada oxumaq ona iki il sonra nəsib olub. Buna görə Bakıya qayıdaraq aktyor işləyib. Moskvada Teatr Sənəti İnstitutunun eksperimental teatr emalatxanasında islahatçı rejissor Vsevolod Meyerxoldun kursunda iki il təhsil alıb. Ali rejissor diplomu ilə Bakıya gələndə Akademik Milli Dram Teatrının yaradıcı heyətinə qəbul olunub. Az sonra Azərbaycanın kənd rayonlarında əhalinin mədəni səviyyəsini yüksəltınək məqsədilə Bakıda kolxoz-sovxoz Teatrı yaranıb və oranın bədii rəhbərliyi Ələsgər Şərifova tapşırılıb. Səyyar fəaliyyət göstərən kollektiv ilin üç-dörd ayını Bakıda olub tamaşalar hazırlayır, sonra həmin repertuarla rayonlara gedib tamaşalar göstərirdi. Gənc rejissor həmin teatrda Üzeyir bəy Hacıbəyovun "Arşın mal alan", "O olmasın, bu olsun", Sabit Rəhmanın təbdil etdiyi "Varlı gəlin", Cəfər Cabbarlının "Almaz", "Sevil", "Yaşar" pyeslərinə quruluşlar verib. İlin müxtəlif aylarında boş qalan Ələsgər Şərifov 1932-ci ildə Akademik teatrda Rza Darablı, Rza Təhmasib, İsmayıl Hidayətzadə ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsinə rejissorluq edib. Müəyyən təcrübə toplayan Ələsgər Şərifov 1934-cü il iyun ayının 11-də Milli Dram Teatrına rejissor götürülüb. 1935-ci il-də bu teatrda ilk müstəqil işi kimi Qurban Musayevin "Qızıl çeşmə" dramına quruluş verib. Teatrda Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1938, 1940, 1948, 1957), İmran Qasımovun "Arzu" (1938), Məmmədhüseyn Təhmasibin "Bahar" (1940), "Aslan yatağı" (1942), Cəfər Cabbarlının "Oqtay Eloğlu" (1940), "Sevil" (1944), "Od gəlini" (1951 və 1961), Abdulla Şaiqin "Nüşabə" (1946), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (1948), Cabbar Məcnunbəyovun "Məhəbbətin hökmü" (1962), Hüseyn Cavidin "Səyavuş" (1963), Qeybulla Rəsulovun "Söz yarası" (1966), Mirzə İbrahimovun "Közərən ocaqlar" (1967), Seyfəddin Dağlının "Mənziliniz mübarək!" (1971) pyeslərinin quruluşçu rejissoru olub. Ələsgər Şərifovun tamaşaya hazırladığı pyeslər içərisində tərcümə əsərləri ayrıca yer tutur. Onun Aleksandr Ostrovskinin "Cehizsiz qız" (1939, 1945 və 1979. Tərcüməçi Ənvər Məmmədxanlı), "Tufan" (1943. Tərcüməçi Ənvər Məmmədxanlı), "Günahsız müqəssirlər" (1948. Tərcüməçi Rza Təhmasib), Aleksey Kapler və Zlotoqorovanın "Lenin" (1940. Tərcüməçi Nigar Rəfibəyli), Tur qardaşları və Lev Şeyninin "Gizli döyüş" (1944. Tərcüməçi Mikayıl Rəfili), Boris ÇirsikoVun "Qaliblər" (1947. Tərcüməçi Rza Təhmasib), Anatoli Boryanovun "O tayda" (1949. Tərcüməçi Ənvər Məmmədxanlı), Georgi Mdivaninin "Kimdir müqəssir?" (1949. Tərcüməçi Sabit Rəhman), Abdulla Qəhharın "İpək naxışlar" (1952. Tərcüməçi Cabbar Məcnunbəyov), Vilyam Şekspirin "Qış nağılı" (1955. Tərcüməçi Tələt Əyyubov), Aleksandr Şteynin "Şəxsi iş" (1956. Tərcüməçi Ənvər Məmmədxanlı), Aleksey Kaplerin "Tufanlı il" (1959 və 1967. Tərcüməçi Tələt Əyyubov), Anton Çexovun "Vanya dayı" (1959. Tərcüməçi Nigar Rəfibəyli), Fridrix Şillerin "Orlean qızı" (1965. Tərcüməçi Tələt Əyyubov), "Məkr və məhəbbət" (1973. Tərcüməçi Nigar Rəfibəyli), öz tərcüməsində Nikolay Poqodinin "Zamanın hökmü" (1970), "Kreml saatı" (1975), Avksenti Saqarelinin "Xanuma" (1975. Tərcüməçi Tələt Əyyubov), Nazim Hikmətin "Məhəbbət əfsanəsi" (1977. Tərcüməçi İslam İbrahimov) tamaşalarına verdiyi quruluşlar böyük bir aktyor nəslinin yaradıcılığında mühüm əhəmiyyət daşıyıb. Ələsgər Şərifov uzun illər Milli Dram Teatrının baş rejissoru olmuş Ədil İsgəndərovla birgə Rəsul Rzanın "Vəfa" (1943), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (1945), Hüseyn Cavidin "Şeyx Sənan" (1956), Cabbar Məcnunbəyovun "İliç buxtası" (1958), Tofiq Kazımovla isə yuqoslav dramaturqu Branislav Nuşiçin "Nazirin xanımı" (1970. Tərcüməçi Tofiq Kazımov) tamaşalarını hazırlayıb. Arkadi Arkanov və Qriqori Qorinin "Görünməmiş toy" ("Bütün Avropanı gəzən toy"), Taufiq əl Hakiminin "Karıxmış Sultan" dramları Ələsgər Şərifovun tərcüməsində, Məmmədkamal Kazımovun və Tofiq Kazımovun quruluşlarında Milli Dram Teatrında oynanılıb. 1960-cı ildə böyük dramaturqun xatirə gününə hazırlanmış Adil Babayevin "Cəfər Cabbarlı qəhrəmanları arasında" kompozisiyasının rejissorları Ədil İsgəndərov, Əliheydər Ələkbərov və Ələsgər Şərifov olublar. O, 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə isə xalq artisti fəxri adları ilə təltif olunub. 1982-ci il sentyabrın 9-da Bakıda vəfat edib. Ələsgər Şərifov klassik üslub-formada tamaşalar hazırlamağa üstünlük verən rejissor idi. Ələsgər Şərifov formalaşmış milli klassik ənənələrdən kənara çıxmağa çalışırdı. Ələsgər Şərifov istər monumental-romantik, istərsə də realist formalı quruluşlarında, əsasən, aktyor tamaşası yaratmağa səy göstərirdi. Onun quruluşlarında rejissor işi (fantaziya, yeniliklər, poetika prinsipləri, estetik çalar və sairə) ikinci planda qalır, öndə bilavasitə baş rolların ifaçıları görünürdülər. Ələsgər Şərifov Azərbaycan teatr səhnəsinə Lenin mövzusu gətirən ilk və bu istiqamətdə daha çox tamaşa hazırlamış rejissordur. Ələsgər Şərifov klassik və müasir rus dramaturqlarının şöhrətli əsərlərinə daha çox müraciət edən, bu sahədə müəyyən səmərəli işlər görən rejissor idi. Ələsgər Şərifov janr axtarışları baxımından teatrın ənənələrindən kənara çıxmağa səy göstərməyib, ancaq mövzu, problem, xarakterlər müxtəlifliklərinə cəsarətlə girişib. Onun "Pəri cadu" faciəsinə dörd, "Cehizsiz qız" dramına üç dəfə müraciət etməsinin kökündə janr axtarışlarına cəhd deyil, məhz eyni mövzunu başqa-başqa ictimai, sosial mühitdə müxtəlif istiqamətlərdə qabartmaq niyyəti durub. Bir rejissor kimi Ələsgər Şərifov daha çox istedadlarını sübut etmiş, təcrübəli aktyorlarla işləməyə üstünlük verirdi. Gənc aktyoru sınaqdan çıxarmağa risk göstərməsə də, müəyyən məqamlarda onlara mürəkkəb rol tapşırırdı. Ələsgər Şərifov "Səbuhi" filmində görkəmli Azərbaycan şairi Mirzə Şəfi Vazehin roluna çəkilib. Gənc Tamaşaçılar Teatrında Mirmehdi Seyidzadənin "Qızıl quş" pyesini tamaşaya hazırlayıb. Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında Səməd Vurğunun "Xanlar" (1940) və Nikoİay Poqodinin "Kreml saatı" (1941) əsərlərinə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında şair-dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" (1958) faciəsinə əlvan və parlaq quruluşlar verib.

 

<< Geri