Mahmudova
Fatma Yaqub qızı 1954-cü ildə Ağdam rayonunda anadan olub. Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət İnstitutununu bitirib. 1968-ci ildən
Ağdam Dövlət Dram Teatrında aktrisa işləyib. Teatrın aparıcı
aktrisalarından olan F.Mahmudova bu müddət ərzində bir çox özünəməxsus
obrazlar yaratmağa nail olmuşdur. "Dağılan Tifaq"da Sona xanım, "Fərhad
və Şirin"də Məryyəm, "Solğun Çiçəklər"də Sara, "Qaçaq Nəbi"də Həcər, "Təhminə
və Zaur"da Təhminə, "Qismət"də Ana və s. bu kimi obrazlar onu
tamaşaçıların sevimlisinə çevirmişdir. Aktrisa 1989-cu ildə "Pirverdinin
Xoruzu" filmində Həlimə roluna çəkilmişdir.
1989-cu ildə Respublikanın Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.
Ağdam rayonunun işğalı ilə bağlı Bakıda köçkün kimi yaşayan F.Mahmudova
1994-cü ildən taleyini Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə
bağlamalı olmuşdur. Burada teatrın repertuarında olan tamaşaların
əksəriyyətində rol alaraq bir sıra maraqlı obrazlar yarada bilmişdir. O,
"On min dollarlıq keyf" tamaşasında Bağdagül, "Hərənin öz ulduzu"nda
Xurma, "Bankir adaxlı"da ağuçu Gülbikə, "Birgünlük siğə"də Adilə Dudu, "Adamın
adamı"nda At Balaxanım, "Məsmə xala dayımdır" əsərində Əsmər, "Şeytanın
yubileyi"ndə Məryəm və s. rolların öhdəsindən bacarıqla gəlmişdir.
İki qız anası F.Mahmudovanın əməyi yüksək qiymətləndirilərək 2000-ci
ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülb. Prezident
təqaüdçüsüdür.Kiçik qızı Nigar musiqi ilə məşğuldur. |