Səfərov Firudin Səttar oğlu (01.08.1933) 1 avqust 1933-cü ildə Bakı
şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb
alətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor
maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan
Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov
adına Leninqrad Dövlət Konservatoriyasının musiqili teatr rejissorluğu
fakültəsini bitirmişdir.
1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
quruluşçu rejissor kimi fəaliyyətə başlayan istedadlı sənətçi az bir
zaman ərzində yüksək yaradıcılıq imkanlarına, dərin səhnə duyumuna malik
olduğunu göstərə bilmişdir. O, bir çox opera tamaşalarına quruluş vermiş,
teatr aləmində bacarıqlı rejissor kimi nüfuz qazanmışdır.
Respublikamızda keçirilən 40-a yaxın dövlət səviyyəli tədbirin
hazırlanması Firudin Səfərova həvalə olunmuşdur.
Sovetlər İttifaqı zamanında maraqlı işləri ilə ölkədə tanınan rejissor
1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet
Teatrına dəvət edilmişdir. F.Səfərov bu günə qədər teatrın baş rejissoru
vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera
tamaşalarına, o cümlədən P.İ.Çaykovskinin "Qaratoxmaq qadın", "İolanta",
Q.Donisettinin "Sevgi şərbəti", C.Verdinin "Traviata", "Riqoletto", "Trubadur",
C.Rossininin "Sevilya bərbəri", S.Prokofyevin "Odlu mələk" və başqa
tamaşalara maraqlı səhnə həlli vermişdir.
O, Özbəkistanda keçirilən kütləvi bayramların bədii rəhbəri və quruluşçu
rejissoru olmuş, yaradıcı adamlar sırasında Azərbaycanı ləyaqətlə təmsil
etmişdir.
Firudin Səfərov hətta ölkədən kənarda çalışdığı vaxtlarda Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun "Leyli
və Məcnun", "Koroğlu", müasir türk bəstəkarı Nevit Kodallının "Van Qoq"
və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun "Natəvan"
operalarına quruluş vermişdir.
Sənətçinin peşəkar kadrların yetişdirilməsində də xidmətləri böyükdür.
O, uzun illərdir ki, Daşkənd Dövlət Konservatoriyasının opera hazırlığı
fakültəsində bu istiqamətdə səmərəli iş aparır. Bir çox gənc vokalçılar
ilk yaradıcılıq addımlarını məhz ustad rejissorun köməyi ilə atmış,
böyük səhnədə öz istedadlarını nümayiş etdirə bilmişdir. Firudin Səfərov
2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.
1981-ci ildə A.Petrovun "Birinci Pyotr" operasının quruluşuna görə
Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.
O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan
Respublikasının Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.
|