FİRUZƏ ƏLİXANOVA |
Əlixanova Firuzə Məmmədqulu qızı (10.09.1917, Ordubad –
24.11.1994, Naxçıvan) – Azərbaycan aktrisası, Azərbaycan
Respublikasının xalq artisti (1974). Cazibəli səhnə görkəmi və şirin səsi olan Firuzə Məmmədqulu qızı Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda dogulub. Buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 15 noyabr 1974-cü ildə xalq artisti fəxri adları ilə təltiflənib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb. 23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.
Yaradıcılığı Firuzə Əlixanovanın ifa etdiyi rollar xarakter əlvanlığı ilə də seçiliblər. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (Leyli), "Əsli və Kərəm" (Əsli), "Ər və arvad" (Minnət xanım), "Məşədi İbad" (Gülnaz), "Arşın mal alan" (Gülçöhrə), Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" (Şahsənəm), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (Lalə), Şıxəli Qurbanov və [[Süleyman Ələsgərov]]un "Özümüz bilərik" (Şölə xanım) opera və operettalarında əsas partiyaların mahir ifaçısı olan aktrisa həmçinin qəhrəman və əsasən, xarakterik tiplərə səhnə həyatı verib. O, hərəkət, sifət və danışıq ifadə vasitələrindən həm ayrılıqda, həm də sintez şəklində məharətlə istifadə edərək yaradıcılıq salnaməsmə çeşidli obrazlar daxil edib. Firuzə Əlixanovanın rollar cəbbəxanasında Böyükxanım, Şərəbanı, Mariya Timofeyevna, Kərbəlayı Fatmanisə ("Aydın", "Yaşar", "1905ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Hafizə ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev),, Zalxa ("Toy", Sabit Rəhman), Şölə xanım, Tükəz ("Lənkəran xanının vəziri" və "Hacı Qara", Mirzə Fətəli Axundov), Ana ("Odlu diyar", Hüseyn Razi), Cənnət xala ("Qaynana", Məcid Şamxalov), Nina ("Şeyx Sənan", Hüseyn Cavid), Gülnar, Məhmənə banu ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Həcər xanım ("Eşq və intiqam", Süleyman Sani Axundov), Şirin xanım ("Yarımçıq şəkil", Adil Babayev), Mənsurə ("Əgər sevirsənsə...", Ramiq Muxtar), kruçinina ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Gertruda, Emiliya ("Hamlet" və "Otello", Vilyam Şekspir), Maşa ("Tribunal", Aleksey Makayenok) kimi yaradıcılıq nümunələri var. |