Hacıbaba Şərifov Azərbaycan teatrı ilə sıx bağlı bir nəslin nümayəndəsi
olmuşdur. Dörd qardaş – Ağasəlim, Hacıbaba, Niyaz və Ağakərim
Şərifovların həyatı teatrla bağlı olmuşdur. Ağasəlim və Ağakərim
Şərifovlar həvəskar kimi uşaq rollarını oynamışlar. O zamanın teatr
afişa və proqramlarında onların adlarına da rast gəlinir. Hacıbaba
Şərifovun o biri qardaşı görkəmli rejissor Niyaz Şərifov bir çox
musiqili komediyaların quruluşçusu olmuşdur.
Hacıbaba Şərifov ilk milli operalarda həm aktyor, həm rejissor kimi
çıxış edirdi. O, Ü.Hacıbəyovun "Şeyx Sənan" operasının rejissoru olmuş,
M.Maqomayevin "Şah Ismayıl" operasının premyerasında Aslan şah
partiyasını ifa etmişdir. C.Cabbarlı onun sənətinə, fəaliyyətinə yüksək
qiymət verərək yazırdı: "Bu adam özündə çırpınan həvəs və şövq
nəticəsində ta cocuqluqdan bütün varlığını səhnəyə, daha doğrusu,
sənayei-nəfisəyə vəqf etmiş, Azərbaycan səhnəsinin fəlakətlərinə ağlamış,
müvəffəqiyyətlərilə sevinmiş və bir bir vaxt səhnəmizdə çalışmaq üçün
ağır şəraitə və sıxıntılara baxmayaraq, bir addım geri aparmış və öz göz
yaşlarına bulanmış bir parça çörəyə qənaətlə daima irəli, irəli getdikcə
sıxlaşan əzab və məşəqqətlər içərisinə doğru irəliləmişdir". C.Cabbarlı
və A.Rzayev H.Şərifovun ölümü münasibətilə yazdıqları nekroloqlarda onu
akkord və rejissor, eləcə də, opera əsərlərinin müəllifi kimi
qiymətləndirirlər. C.Cabbarlı onun ölümünü Hacı Hacınski, Vəli (Ə.Əliyev)
və Hüseyn Ərəblinskidən sonra Azərbaycan səhnəsinə dəyən ən müdhiş zərbə
hesab edirdi. H.Şərifov Azərbaycan teatrında həm aktyor, həm rejissor
köməkçisi kimi çalışırdı. O, mahir aktyorluq istedadına, gözəl səsə
malik idi. 6 opera librettosunun müəllifi olmuşdur: 1920-ci ilədək
Hacıbaba Şərifovun rus musiqiçisi və dirijoru D.Slavinski ilə yazdığı 3
operası – "Əsli və Kərəm", "Mehr və Mah", "Tahir və Zöhrə" tamaşaya
qoyulmuşdur. Hacıbaba Şərifov öz operalarında aktyor kimi də çıxış
edirdi: "Mehr və Mah"da o, Kürdoğlunun, "Tahir və Zöhrə" operasında
Çingizin partiyalırını ifa etmişdir. H.Şərifovun "Mehr və Mah" operası
Nicat cəmiyyəti tərəfindən alınmışdır.
|