HƏSƏNAĞA TURABOV |
Həsənağa Turabov - Azərbaycan aktyoru, Azərbaycan Dövlət Mükafatı Laureatı (1972), Azərbaycan Xalq Artisti (1982) Həsənağa Turabov 1938-ci il aprelin 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. Həsənağa Turabov 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına həsr etmiş bu məşhur aktyorun teatr və kino tariximizdə silinməz izləri var. O, klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmışdı.
Səhnə fəaliyyəti
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. Həsənağa Turabov bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə tamaşaçıların yaddaşına həkk edib. Aktyorun böyük məharət və sənətkarlıqla yaratdığı obrazlar sənətsevərlər tərəfindən daim dərin rəğbət və məhəbbətlə qarşılanıb. İncəsənət İnstitutunu bitirmişdi, məşhur sənət adamlarından dərs almışdı. Həsən Turabovun gəncliyindən yaratdığı rollar teatrsevərlərin qəlbinə asanlıqla yol tapmışdı. Dramatik aktyor idi. Yaratdığı obrazlarda həmişə bütövlük olardı. Adətən baş rolları ifa edərdi. 1960-ci ildən Akademik Milli Dram Teatrında çalışırdı. Kimlərlə işləməmişdi: Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə qüdrətli sənətkarlarla tərəf-müqabil olmuşdu. Həsən Turabovun yaradıcılığında qəribə özünəməxsusluq var idi. "Mahnı dağlarda qaldı" tamaşasında Kamran onun ifasında necə də gözəl görünürdü. Gözəl diksiyası, səhnə hərəkətləri, obrazı özününküləşdirmək qabiliyyəti onu sevdirmişdi. Həsən Turabovun səhnədə yaratdığı rolları sadalamaqla qurtaran deyil. Hansının adını çəkəsən: Vahidimi ("Kəndçi qızı"), Azərimi ("Yaxşı adam"), Hamletimi ("Hamlet"), Lionelimi ("Orman qızı"), İsgəndərimi ("Ölülər") Xəyyamımı ("Xəyyam") deyim, hər biri teatrımızın tarixində öz yeri, öz mövqeyi olan əsərlər və rollar idi. Həsən Turabov 60-80-ci illər Azərbaycan teatrına yeni bir ruh gətirmişdi. Onun oynadığı tamaşalarda qəribə nikbin bir ruh hakim olardı, tamaşaçı axıra kimi onun qəhrəmanlarının aqibətini gözləyərdi. Çılğın aktyor idi. Səsində də bir özünəməxsusluq duyulurdu. Həm də çox məhsuldar aktyor idi, gecəli-gündüzlü məşqlərdə, çəkilişlərdə, radio-televiziya verilişlərində işləməkdən yorulmazdı.
Kino fəaliyyəti
Kinoda da özgə bir aləm yaratmışdı. Gəray bəyin ("Yeddi oğul istərəm") misilsiz obrazı onun ifasında kinomuzun nadir qəhrəmanlarından biridir. Bu rol elə bil onun boyuna biçilmişdi. Həsən müəllim bu rolundan söz düşəndə həmişə təvazökarcasına — "bu rejissorun seçimidir", — deyərdi, — "mən yalnız onun dediklərini etmişəm". Yox, elə deyildi, Həsən müəllim rejissorun istəyindən qat-qat üstün ifa edərdi rolları. Onunla səhnəyə, yaxud kamera qarşısına çıxan aktyorlar həmişə ehtiyatla hərəkət edərdilər. Çünki onun sənəti məktəb idi. Öyrəniləsi o qədər şeylər var idi ki, Həsən müəllimin sənətində. Xalq artisti idi, xalq onu sevirdi. Hansı əyalətdə, hansı şəhərdə olurdusa görüşünə minlərlə tamaşaçı yığılırdı. Mən dəfələrlə bunun şahidi olmuşam. Kinonu da teatr qədər sevirdi. Hətta, mənfi rolları da ustalıqla oynayırdı. Afşin ("Babək"), Gəray bəy ("Yeddi oğul istərəm") rolları nə qədər mənfi tiplər olsa da, sənətkarlıq baxımından yadda qalan idi. O, müsbət rollarını sevdirə bildiyi qədər də mənfi obrazlara tamaşaçıda kəskin nifrət hissi yarada bilirdi. Həsən Turabovun "Axırıncı aşırım", "Ürək... Ürək...", "Sevinc buxtası", "Çarvadarların izi ilə", "Qəm pəncərəsi" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilirdi. Amma Kəbirlinskini ("Dantenin yubileyi") özgə bir gözəlliklə yaratmışdı. Gəray bəy nə qədər çılğın, enerjili, hirsli-hikkəli obraz idisə, Kəbirlinski bir o qədər mülayim, sakit bir insandır. O, hər iki obrazı öz xarakterinə uyğun şəkildə çox məharətlə yaratmışdı. Hətta rejissorluq etmək fikrinə də düşmüşdü. "Bəyin oğurlanması"nda rejissor rolunda çəkilmişdi. "Qaçaq Nəbi"ni isə rejissor kimi çəkmişdi. Hər ikisində Həsən Turabovun yaradıcılıq xüsusiyyətləri aydın hiss edilirdi. Son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olmuşdu.
Pedaqoji fəaliyyəti Həsən Turabovun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyəti də səmərəli olub. O, zəngin təcrübəsinə əsaslanaraq, gənclərin bu nəcib, eyni zamanda mürəkkəb sənətin incəliklərinə yiyələnməsi və Azərbaycan teatrının ənənələrini davam etdirə biləcək sənətkarların yetişdirilməsi işində əlindən gələni edib.
Rəhbərlik fəaliyyəti
|