HÖKÜMƏ QURBANOVA |
Hökümə Abbasəli qızı Qurbanova — Azərbaycan aktyoru, SSRİ xalq artisti. Milli səhnəmizin misilsiz faciə aktrisası olub. Tükənməz ehtiraslı, səngiməz temperamentli, coşğun emosiyalı, musiqili lirik-dramatik səsli sənətkar idi. Romantik aktyor məktəbinin görkəmli nümayəndəsi olmaqla bərabər, realist üslubda da möhtəşəm sənət nailiyyətləri qazanıb. Hökümə Abbasəli qızı Qurbanova 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Teatrda ilk illər aktyor Ələsgər Ələkbərovda ərdə olduğu üçün "Ələkbərova" soyadıyla çıxış edib.
Milli Dram Teatrının tamaşalarında əvvəllər ara-sıra çıxış edən Hökümə Qurbanova 1938-ci ildən ömrünün sonunadək bu kollektivin əvəzolunmaz aktrisası kimi şöhrətlənib. Hökümə xanımın xırda-para epizod rollarını nəzərə almasaq, o, 1940-cı illərdən əsas rolların ifaçısına çevrilib. Teatr tariximizdə Hökümə Qurbanova kimi gözəl və məlahətli səs variasiyaları ilə oynaya bilən ikinci qadın sənətkar olmayıb. Tamaşaçı salonunun arxa sıralarında əyləşən sənətsevərlər də onun məşəl kimi yanan, alovlu və ağıllı gözlərindəki mənaları aydınca görür, duyur və dərk edirdilər. Aktrisa lazım gələndə səhnədə dəqiqələrlə mərmər abidə kimi "donub" qala bilirdi (məsələn, Şekspirin "Qış nağılı"nda Hermiona rolunda). Pauzaları baxış və hərəkətləri ilə ustalıqla "doldururdu". Hökümə Qurbanova romantik aktyor məktəbinin poetika göstəricilərini lirik-psixoloji aktyor məktəbinin ifadə vasitələri ilə qovuşduran, onları harmonik ayrılmazlıqda, bir estetik prinsiplərdə təqdim edən ilk aktrisadır. Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazlarının ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel işlətməkdə, onları obrazın mürəkkəb, psixoloji, ziddiyyətli mənəvi aləminin açılmasma istiqamətləndirməkdə mahir ustad idi. Psixoloji rollarda obrazın ovqatını tamamlamaq üçün səsləndirilən musiqinin ritm və ahəngini, təranə düzümünü Hökümə xanım səsinin cingiltili, titrəyişli musiqisi ilə eyni kökdə, not dəqiqliyi ilə qururdu." Komediya rollarında (Bənovşə, Xanuma...) səhnəyə çıxan Hökümə Qurbanovanın məlahətli yumoru, sərrast və dürüst istiqamətli satirası sanki səhnəyə sığmırdı, vəziyyətin ovqatı bütün salona sirayət edirdi. Onun yumorlu ifası əsərin məhvərinə çevrilir, tamaşadakı bütün personajları öz gülüşünün oxu ətrafında fırlanmaq cazibəsinə salırdı. Mənalı, zərif və cazibəli plastikası vardı. Hərəkətlərini Personajın ictimai-sosial mənsubiyyətinə, mənəvi-əxlaqi xüsusiyyətlərinə, hadisələrin psixoloji dramatizmınə ahəngdar həssaslıqla bağlayıb əlaqələndirirdi. Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssümü vardı. Aktrisa o təbəssümün sehrindən və hüsnündən dramatik rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların həyat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub. Janr-üslub və oyun-forma baxımından Hökümə Qurbanovanın yaradıcılığını aşağıdakı bölgülərə ayırmaq olar. Romantik faciə rolları. Hökumə xanımın Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Südabə), Vilyam Şekspirin "Antoni və Kleopatra" (Kleopatra), "Qış nağılı" (Hermiona), Fridrix Şillerin "Orlean qızı" (Janna d'Are), Səməd Vurğunun "Fərhad və Şirin" (Şirin və Məryəm), Cəfər Cabbarlının "Od gəlini" (Solmaz) faciələrində oynadığı mürəkkəb obrazların səhnə təfsiri bu bölümə aiddir. Realist faciə rolları. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Qeybulla Rəsulovun "Qarabağ əfsanəsi"ndə Günəş, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifası realist faciə janrında köklənib. Romantik-dramatik rollar bölümünə Gülbahar ("Müsibəti-Fəxrəddin", Nəcəf bəy Vəzirov), Xuraman ("Vaqif", Səməd Vurğun), Afaq ("Nizami", Mehdi Hüseyn), Oliviya ("On ikinci gecə", Vilyam Şekspir), Cenevrə ("Dərin köklər", Ceyms Qou və Arno D'Nyusso), Nataşa ("Şərqin səhəri", Ənvər Məmmədxanlı), Reyhan ("Cavanşir", Mehdi Hüseyn) və müəyyən mənada Hermiona ("Qış nağılı", Vilyam Şekspir) obrazlarının ifası daxildir. Realist-dramatik rollar bölümünün estetik prinsiplərini təhlil süzgəcindən keçirəndə nəzərlərimiz önünə ilkin Sona, Yaxşı ("1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Həyat, Maral ("Həyat" və "Közərən ocaqlar", Mirzə İbrahimov), Məhmənə banu ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Nataşa ("Mühəndis Sergeyev", Vsevolod Rokk), Sevgili ("Ana ürəyi", İslam Səfərli), Gülara, Sürəyya ("İşıqlı yollar" və "İntizar", İlyas Əfəndiyev. Qeyd: Əfəndiyev ikinci əsəri Mehdi Hüseynlə birgə yazıb), Yeva Qrant ("Bir evin sirri", Tur qardaşları), jsfərgiz ("Aslan yatağı", Məmmədhüseyn Təhmasib), Zöhrəxan ("İpək naxışlar", Abdulla Qəhhar), Reyhan ("Qardaşlar", Rəsul Rza) obrazları canlanır. Psixoloji-dramatik rollar. Bu obrazların səhnə təcəssümü prinsiplərini aktrisa Tamara ("Vaqif", Səməd Vurğun), Vəfa ("Vəfa", Rəsul Rza), Vasantasena ("Hind gözəli", Yuri Osnos və Viktor Vinnikov), Serebryakova ("Vanya dayı", Anton Çexov), Amanda ("Şüşəli heyvanxana", Tennessi Uilyams), Xədicə ("Türkiyədə", Nazim Hikmət), Gülşən ("Son gülən", Kondrat Krapiva), Sevda ("Böyük məhəbbət", Cabbar Məcnunbəyov) rollarında daha parlaq ifadə vasitələri və daha dəqiq janr ölçüləri ilə təcəssüm etdirib. Tarixi-dramatik səpkili rollar sırasına Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Həcər), Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" (Zeynəb), Ənvər Məmmədxanlının "Od içində" (Reyhan), Cabbar Məcnunbəyovun "İliç buxtası" (Könül), Aleksandr Fadeyevin "Gənc qvardiya" (Valya) pyeslərinin tamaşalarındakı rollarını daxil etmək olar. Lirik təmayüllü psixoloji rolların ən parlaqları Sevinc ("Sənsiz", Şıxəli Qurbanov), Arzu ("İkinci səs", Bəxtiyar Vahabzadə), Tolqanay ("Ana torpağı", Çingiz Aytmatov), Şəfəq, Gülara, Lalə ("Bahar suları", "İşıqlı yollar" və "Atayevlər ailəsi", İlyas Əfəndiyev), Yelena Andreyevna ("Vanya dayı", Anton Çexov), Zina ("Ailə namusu", Hüseyn Muxtarov), Qız ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət) obrazlarının səhnə ifasıdır. Yumorlu dramatik rollar bölümü də zəngindir. Aktrisa Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Nişanlı qız", "Əliqulu evlənir" komediyalarında İnci, Fəridə, Bənövşə, Nazlı, Karlo Haldoninin "Məzəli hadisə"sində Janina, Mirzə İbrahimovun "Kəndçi qızı"nda Bənövşə, Anatoli Safronovun "Kişilərə inanmayın" məzhəkəsində Naydyonova, Avksenti Saqarelinin "Xanuma" satirasında Xanuma, "Şərqli diş həkimi"ndə Marta rollarını oynayıb. Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi "Bir ailə" filmində Leyla, "Onu bağışlamaq olarını?", "Mən rəqs edəcəyəm" kinolentlərində Laçın, Mahmudun anası, "İnsan məskən salır"da Ana rollarına çəkilib. Rəssam Nüsrət Fətullayevdən doğulmuş qızı Vəfa Fətullayeva Akademik Teatrın tanınmış aktrisalarından olub və 42 yaşında dünyasını dəyişib. Hökümə Qurbanova iki çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. 17 iyun 1943-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 24 may 1960-cı ildə xalq, 2 mart 1965-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb. 1988-ci il noyabr ayının 2-də Bakıda vəfat edib. Fəxri xiyabanda dəfn olunub.
|