HÜSEYN ƏRƏBLINSKI

Hüseyn Ərəblinski (tam adı: Hüseyn Məmməd oğlu Xələfov; d. 1881, Bakı - ö. 17 Mart 1919, Bakı) — görkəmli Azərbaycan aktyoru.

Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya göz açıb. Hüseynin həyatı uşaqlıqdan ehtiyac və sıxıntı içində keçib. Atasını vaxtsız itirən Hüseyn anasının himayəsi altında böyüyüb. Uşaqları böyük çətinliklə saxlamasına baxmayaraq, anası Hüseyni mollaxanaya qoyub. Bir neçə il burada oxuyan Hüseyn təhsil xərcini ödəyə bilmədiklərinə görə, mollaxananı buraxmağa məcbur olub. O illərdə "Üçüncü Rus-Tatar" məktəbinin müəllimi Həbib bəy Mahmudbəyov yoxsul uşaqlarının məktəbə götürülməsinə şərait yaradırmış. Bundan xəbər tutan Hüseyn də Həbib bəy Mahmudbəyova müraciət edir.

 

Erkən dövrlər

Beləliklə, "Üçüncü Rus-Tatar" məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, professional teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi.

 

Teatr və kino fəaliyyəti

Hüseyn Ərəblinskinin sənətə gəlişinin səbəbkarı da Həbib bəy Mahmudbəyov olub. Belə ki, dövrünün qabaqcıl ziyalılarından olan Həbib bəy Cahangir Zeynalovla birgə Mirzə Fətəli Axundovun əsərlərindən birini tamaşaya qoymaq istəyir. Əsas heyəti müəyyənləşdirsələr də, epizodik rollarda oynamağa aktyor tapmırlar. Mahmudbəyov epizodik rollara öz şagirdlərini cəlb eləmək qərarına gəlir. Bu şagirdlər sırasında Hüseyn Xələfov də olur. Hüseyn özünün ilk məşqlərini Cahangir Zeynalovun evində edir. Ancaq sonralar teatr tariximizdə ən görkəmli yerlərdən birini tutan Hüseyn Ərəblinski özünün ilk rolunu oynaya bilmir. Səhnədə çaşan Hüseyn susmağa məcbur olur. Hərgah bu, tamaşanı pozmur. Çünki Hüseynin rolu tamaşada, demək olar ki, nəzərə çarpmırmış.

Bundan sonra, o, 1897-ci ildən 1900-cu ilədək yalnız kiçik rollarda çıxış edir. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903-1904-cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır. Onun səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir. Belə ki, Müsəlman artistləri cəmiyyəti 1905-ci ildə Lənkərana qastrol səfərinə gedir. Xatırladaq ki, bu, teatr tarixində həm də ilk qastrol olub. Hüseyn Ərəblinskinin ilk müəllimlərindən biri olan Əbülfət Vəliyevin başçılıq etdiyi truppa üzvlərinin əksəriyyəti həmişə arxa planda olan Hüseynin də bu qastrola getməsini təəccüblə qarşılayırlar.

Səfər zamanı "Müsibəti-Fəxrəddin" tamaşasını göstərən truppa gözlənilməz fakt qarşısında qalır – tamaşaya bir-iki saat qalmış məlum olur ki, Fəxrəddin rolunu oynayacaq aktyor xəstələnib. Əlacsız qalan truppa rəhbərliyi Fəxrəddin rolunu Hüseynə tapşırır. O gecənin şahidi olan teatr xadimləri sonralar öz xatirələrində yazırdılar ki, Hüseyn bu rolu son dərəcə uğurla oynadı. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan Hüseyn, beləliklə, indiyə qədər onun haqqında olan fikirləri də alt-üst edir. Tezliklə teatr ictimaiyyətində istedadlı aktyor kimi tanınan Hüseyn Ərəblinski "Nicat" teatr cəmiyyətinə baş rejissor kimi dəvət alır. Yalnız sənət yenilikləri ilə kifayətlənməyən Hüseyn teatr mühitində bir sıra dəyişikliklər edir. O, əldə bilet satmağı, qapı-qapı gəzib tamaşaçı toplamağı qadağan edir və aktyorlara məvacib müəyyənləşdirir. Repertuardan isə mövhumatı təbliğ edən əsərləri çıxarır.

Hüseyn Ərəblinskinin sənətə gəlişi dövründə ayrı-ayrı həvəskar qrupların, teatr dərnəklərinin simasında qərarlaşan Azərbaycan teatrı, sözün əsl mənasında, çətin günlərini yaşayırdı. Təqib olunan teatr truppalarının əsas problemlərindən biri də səhnə idi. Tamaşa göstərmək üçün bina icarəyə götürmək külli miqdarda vəsait tələb edirdi. Çox zaman pul tapmayan aktyorlar nəyi isə girov qoymağa məcbur olurdular. Hüseyn Ərəblinskinin də tez-tez girov qoyduğu bir üzüyü var idi. Həmkarlarının "sehirli üzük" adlandırdığı bu üzük illərlə girov qalırdı. Azərbaycanın ilk professional aktyoru, peşəkar rejissoru sayılan Hüseyn Ərəblinskinin şəxsi qayğıları, eləcə də, maddi çətinlikləri yetərincə idi. Onu nəinki mürtəce qüvvələr başa düşmürdü, eləcə də, bəzi qohumları onun sənəti ilə heç cür barışmaq istəmirdilər.

Xüsusən də, qadın rolunu oynamaq üçün bığını qırxdırandan sonra Hüseynin ailəsi ilə münasibəti bir qədər də gərginləşir. Bütün bunlara baxmayaraq, Hüseyn səhnəni hər şeydən uca tuturdu. Və bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə görürdü. "Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir əxlaq sahibi olmalıdır. Heç bir hərəkəti və sözü ikrah doğurmamalıdır. Bazarlarda dolaşmaq, çayxanalarda və meyxanalarda əyləşib zarafatlaşmaq, səliqəsiz geyinmək, özgəsinə boyun əymək və sair kimi hərəkətlər aktyorun təbiətinə, vəzifəsinə və məqsədinə tamamilə ziddir. Həyatda yüngül və şərəfsiz tanınan aktyor heç bir zaman səhnədə tamaşaçını inandıra bilməz. Tamaşaçı həmişə aktyora qarşı ehtiram və hörmət hissi bəsləməli, onu axtarmalı və rast gələrkən sevinməlidir", – həmişə bu məsləhəti verən Hüseyn həyatının sonuna qədər sənət yoldaşlarına nümunə olmuşdur.

Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi.

Bu haqda danışarkən, Hüseynin Otello rolunu diqqətdən kənarda qoymaq olmaz. O, ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olmuşdur: "Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim."

Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır. Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar"ında Qacar, Lanskoyun "Qəzavət"ində Əhməd bəy Şamxal, Qoqolun "Müəffətiş"ində Xlestakov, Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin" əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun "Hacı Qara" əsərində Heydər bəy, Şillerin "Qaçaqlar"ında Frans, Şekspirin "Otello"sunda Otello.

Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən "Neft və Milyonlar Səltənətində" filmində Lütfəli bəyi oynamışdır.

Ömrün Qəribə Sonluğu

Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. Sovet dönəmində Ərəblinskinin ölümü müsavatçıların adı ilə hallandırılsa da, tarixi sənədlər göstərir ki, onu dayısı oğlu Əbdülxalıq qətlə yetirib. Ərəblinski sənətinə həqarətlə baxan Əbdülxalıq qeyri-müəyyən bir mübahisə üstündə bu addımı atıb.

"Neft və Milyonlar Səltənətində" filmi Ərəblinskinin çəkildiyi ilk və son filmdir.

 

<< Geri