HÜSEYNQULU SARABSKI |
Hüseynqulu Məlik oğlu Rzayev (Sarabski) (20 mart 1879, Bakı — 2 fevral 1945, Bakı) — opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi, Azərbaycanın xalq artisti (1932).
Azərbaycan professional musiqi teatrının banilərindən biri. 1908-ci
ildən "Nicat" cəmiyyəti nəzdində "Müsəlman Opera truppası"nın
yaradıcılarından biri və solisti olmuşdur. Məcnun ("Leyli və Məcnun"),
Şeyx Sənan ("Şeyx Sənan"), Kərəm ("Əsli və Kərəm"), Sərvər ("O olmasın,
bu olsun"), Şah İsmayıl və b. partiyaların ən yaxşı ifaçılarından biri
olmuşdur. Hüseynqulu Sarabski 1879-cu ildə Bakıda kasıb bir ailədə anadan olmuşdur. Əslində onun həyatı maraqlı bir filmin süjeti ola bilərdi: taleyi də, sənət yolu da, daxilən bütöv, mətin, qarşısına qoyduğu məqsədə gedən yolda hər cür manələri dəf edən, ən əsası isə sevdiyi işinə, peşəsinə vurğunluğunu ömrünün son anınadək saxlayan böyük bir Aktyorun, şəx-siyyətin həyat tarixçəsidir. Ilk sənət məhəbbətinə o, son nəfəsində də sadiq qaldı. Uşaqlıqdan Hüseynqulu Sarabski musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". 12 yaşlı Hüseynqulu ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü-Sarabski də bu güclü təəssüratın əks sədası oldu. Elə bu gündən teatr və musiqi onun arzu və xəyallarında qoşalaşdı. Azərbaycanda milli dramaturgiyanın əsasını qoymuş Mirzə Fətəli Axundovun əsəri Azərbaycanın ilk opera artistinin taleyində rəmzi bir məna alaraq, onu əbədiləşdirən ada təkan verdi. Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərərək öz arzuları və xəyallarına doğru inamla gedirdi. Kiçik yaşlarından ağır zəhmətə qatlaşan, ağır fiziki işlərdən də çəkinməyən-dəmirçi, daşyonan, fəhlə işləyən Hüseynqulu, yeni əsrin səsini eşidirdi. O, oxumaq, təhsil almaq istəyi ilə özünü oda-közə vurur, qazandığını kitaba, dəftərə verirdi. O, ziyalı, müəllim, təhsilli insanları özünə nümunə seçirdi, onlara bənzəmək istəyirdi. Ilk dəfə gördüyü teatr tamaşası isə onun həyat seçimini bircə an içində dəqiqləşdirdi. Səhnəyə o, ilk baxışdan və birdəfəlik vuruldu. Səhnə onun əbədi məhəbbətinə çevrildi. Bu məhəbbət qarşılıqlı oldu. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşmə-sində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhimbəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin Bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Məhz bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Bu, zirvəyə gedən yolun başlanğıcı oldu. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və ümumazərbaycan şöhrəti gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolun sehrini yaşadı, yaratdı. Azərbaycan səhnəsinin əfsanəvi, təkrarolunmaz Məcnunu kimi tanındı. Əziz Şərifin Sarabskinin Məcnunu haqda yazdıqları bu gün bizlər üçün sənədli yazı qədər qiymətli və canlıdır. "Sarabskinin oyunu misilsiz idi. Onun nəğmələri bulaq kimi axır… Ağlaya-ağlaya, inildəyə-inildəyə öz məhəbbətindən, öz Leylisindən Füzulinin qəzəlləri ilə ölməz muğam üstündə danışır, insan qəlbinin ən incə damarlarına işləyən musiqi mənə o qədər təsir edirdi ki, hönkürtümü çətin boğa bilirdim . Lakin göz yaşlarım durmadan axırdı. Qəlbimi isə qəribə hisslər doldururdu. Zavallı, uğursuz, divanə Məcnun! Sarabski öz rolunu böyük məharətlə oynadı. O, Məcnun surətini səhnədə tam mənası ilə canlandırdı". Dünya opera sənətinin unikal bir səhifəsi olan Şərqin və Qərbin musiqi teatr ənənələrinin kəsişdiyi muğam operasının tarixini Hüseynqulu Sarabskisiz təsəvvür etmək mümkün deyil. O, milli opera tarixində Üzeyir Hacıbəyovun opera və operettalarında – Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O Olmasın, Bu Olsun"), Mərcan bəy ("Ər və Arvad"), Əsgər ("Arşın Mal Alan"), Müslüm Maqomayevin "Şah Ismayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu. Hər bir obraz üçün Hüseynqulu Sarabski təravətli, fərqli boyalar tapırdı. Məcnunu ifa edərkən tamaşaçılarını göz yaşlarına qərq edirdi. Şah Ismayılı oynayanda məğrurluğu, əzəməti ilə tamaşaçıları riqqətə gətirdi, Kərəm obrazını yaradanda yandırıb-yaxırdı… O, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Zülfüqar Hacıbəyovla birlikdə çiyin-çiyinə yeni musiqi tarixinin qurucularından biri idi. |