MEHDİ MƏMMƏDOV

Milli rejissuramızda xüsusi yeri olan Mehdi Məmmədovun quruluş verdiyi tamaşalarda idrakin gücü zərifliyə və emosiyaya, psixoloji çalarlardan zəmin tapan lirizmə qovuşaraq tamaşaçını düşüncələr aləminə aparırdı. Onun quruluşlarının ritmindəki karvan ləngəri, ahəngin ağırlığı sənətkar təfsirinin fəlsəfi dərinliyindən, rejissor yozumundakı qanadlı fikirlərdən, epizodlardakı mizan düzümündən, obrazların xarakterini açan ifadə vasitələrindəki rəngarənglikdən irəli gəlirdi. Mehdi Məmmədov 1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirib (1935). Həmin il Moskvada ali rejissor təhsili almağa gedib. 1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib. Burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb. Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960- 1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor Kürsüsünü tutub. Sıravi quruluşçu rejissor kimi ən çox Milli Dram Teatrında quruluşlar verib. 1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri olub. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabların müəllifidir. Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov respublikanın əməkdar incəsənət xadimi (21 iyul 1949), xalq artisti (26 aprel 1958) və SSRİ xalq artisti (7 avqust 1974) fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub. Mehdi Əsədulla oğlu Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. Mehdi Məmmədovun böyük oğlu Elçin Məmmədov (anası Barat Şəkinskayadır) məşhur teatr rəssamı idi.

Görkəmli rejissorun Gəncə teatrında hazırladığı tamaşalar: "Bahar" (Məmmədhüseyn Təhmasib), "Madrid" (Mirzə İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" (İlyas Əfəndiyev və Mehdi Hüseyn), "Nizami" (Mehdi Hüseyn), "Partizan kostya" (Nadejda Filippova), "Vasvası xəstə" (Jan Batist Molyer). Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (1951), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (1956), Viktor Rozovun "Şadlıq sorağında" (1961), Mehdi Hüseynin "Alov" (1961) Mirzə İbrahimovun "Kəndçi qızı" (1962), Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib. Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub. Mehdi Məmmədov səhnə sənətinə aktyorluqla başlayıb. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib. "Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib. Zəngin elmi təfəkKürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı il-lərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı Ittifaqı) sədri seçilib. Görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır. Mehdi Məmmədovun rejissor üslubunun fərdi keyfiyyətlərini qısaca belə ifadə edib, aşağıdakı şəkildə ümumiləşdirmək olar. Mehdi Məmmədov aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü. Mehdi Məmmədov pauzaların psixoloji nöqtəsini tamaşanın əsas akkordu ilə ustalıqla birləşdirirdi. Mehdi Məmmədov tamaşalarında (hətta ailə-məişət mövzulu əsərlərin səhnə həllində də) ictimai motivləri fəlsəfi dərinliyin gur işığı ilə ziyalandırırdı. Mehdi Məmmədov məzmun və forma vəhdətini möhtəşəm monumentallıqda təcəssüm etdirirdi. Bu məqsədlə tərtibatçı rəssamlarla yaradıcı tələbkarlıqla işləyirdi. Mehdi Məmmədovun janrından asılı olmayaraq, hazırladığı səhnə əsərlərinin sürət-ritmində fəlsəfi daxili ləngər vardı. Mehdi Məmmədovun tamaşalarında idrakın gücü zəriflik və emosiya ilə, psixoloji çalarlardan şirələnən lirizmlə ahəngdar cazibə yaradırdı. Mehdi Məmmədov tamaşanın ali məqsədini psixoloji münasibətlərin, əqidə mübarizələrinin mahiyyətində, fərdin dünyanı dərkində axtarırdı. Mehdi Məmmədov kəskin epizodlarda verdiyi ən mürəkkəb mizanlarda da müəyyən dinamik, musiqili, poetik və ifadəli ritmə əsaslanırdı. Mehdi Məmmədov janr əlvanlığına az, ancaq cəsarətlə meyil edirdi. Mövzunu janrın qanunları çərçivəsində, cəmiyyətin ictimai-sosial, çağdaş mənəvi-əxlaqi problemləri ilə əlaqələndirirdi. Mehdi Məmmədov cəmiyyətdə (həyatda) olduğu kimi, sənətdə də özünütəsdiq mövqeyində dayanırdı. Mehdi Məmmədovun rejissurası bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyəvidir.

<< Geri