Məhəmmədəli Rüşdi 1906-cı ildə Təbrizdə dünyaya göz açıb. Atası müəllim
idi və buna görə də oğlunu ziyalı görmək üçün ona mükəmməl təhsil verib.
O, Təbrizdə darülmüəllimi bitirdikdən sonra müxtəlif təhsil ocaqlarında
dərs verib. Müəllimlik edə-edə həm məktəblərdə hazırlanan tamaşalarda,
həm də şəhərin müxtəlif həvəskar teatr dəstələrində kiçik rollar
oynamağa başlayıb. Əvvəlcə qız rollarında səhnəyə çıxıb. Tədricən
qabiliyyəti və bacarığı, səhnədə sərbəst və inamla davranması ilə maraq
doğuran aktyora daha sanballı rollar tapşırılıb.
Məhəmmədəli Rüşdi dramatik rollarda, realist səpkili psixoloji
obrazların ifasında daha uğurla, daha inamla çıxış edib. İfadə
vasitələri sadəliyi, koloriti və anlaşıqlı olması, xalq folklorundan
gələn zərif, incə yumoru ilə fərqlənib. Qorxmaz, İmamverdi, Babakişi ("Od
gəlini", "1905-ci ildə", "Sevil", Cəfər Cabbarlı), Cəmşid ("Xəyanət və
vəfa", Rza Quluzadə Şərqli), Rüstəm ("Dəmirçi Gavə", Şəmsəddin Sami),
Doktor Əflatun ("Damədi fərari", Jan Batist Molyer. Bu, dramaturqun "Zorən
təbib" komediyasıdır), Rüstəm bəy, Süleyman ("Məşədi İbad", "Arşın mal
alan", Üzeyir bəy Hacıbəyov), Ayrapet ("Namus") rolları Təbriz
tamaşaçılarının rəğbətinin qazanıb.
Fədakar aktyor rejissorluqla da məşğul olub. Qrim sənətinin
incəliklərinin dərindən öyrənə bilib və aktyor yoldaşlarının
əksəriyyətini mürəkkəb obrazların ifasında məhz Məhəmmədəli Rüşdi qrim
edib. Yaradıclığının daha səmərəli dövrü Təbrizdəki Sovet Mədəniyyət
Evinin dram dəstəsi ilə bağlı olub. Təbriz Dövlət Dram Teatrının
yaradıcılarındandır.
|