MƏLİK DADAŞOV |
Məlik Dadaşov – görkəmli Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti. Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə, ona görə də çox vaxt deyirdilər ki, Məlik müəllim ekranda, səhnədə elə öz obrazını yaradır. Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı vermişdi, elə kinoda da yaddaqalan, maraqlı rollar yaratmışdı. Məlik Dadaşov 1924-cü il iyunun 27-də Bakıda doğulmuşdu. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M. Əzizbəyov adına Akademik Dram Teatrına işə gəlmişdi və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynamışdı. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt səhnəmizdə Ə. Ələkbərov, M. Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərmiş və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarmışdı. Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında H. Sarabskidən, A. M. Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı idi. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. M. Əzizbəyov, N. Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları dediklərimizi bir daha təsdiq edir. Məlik Dadaşov xalq artisti idi. Doğrudan da, xalq onu çox sevirdi. Hətta bəzən onun qəhrəmanlarının ifadələri xalqın dilinə düşürdü. Elə Qəmlonun, ("Axırıncı aşırım"), Kərbəlayi İsmayılla dialoqlarındakı ifadələri xatırlayın. Yəqin ki, "Abbasqulu bəyin nazı ilə çox oynayırsan, a... Kərbəlayi" ifadəsi hamıya yaxşı tanışdır. "Ölülər"dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Akademik Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə "Ölülər" pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi. Tarixi şəxsiyyətlər də Məlik Dadaşovun ifasında çox real alınırdı. Kinorejissor Əjdər İbrahimov aktyoru bir neçə filmində çəkmişdi. "İyirmialtılar" və "Ulduzlar sönmür" filmlərində o, M. Əzizbəyovun və N. Nərimanovun çox real tarixi obrazlarını ekranda əbədiləşdirə bilmişdi. Xalq yazıçısı İ.Əfəndiyevin "Atayevlər ailəsi" pyesi əsasında hazırlanmış televiziya tamaşasında M.Dadaşovun yeni ampluada yaratdığı Atayev obrazı çox uğurlu ekran qəhrəmanı idi. "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Ancaq çox təəssüflə qeyd etmək lazımdır ki, kişi rolunun ən yaxşı ifasına görə keçmiş İttifaq festivalında onun adı mükafatçılar siyahısına salınmadı. O vaxt deyilirdi ki, sovetlərin düşməni (Qəmlo) "sovetin" mükafatını ala bilməz. Və bir də "Dəli Kür"dəki Molla Sadıq. Bu obrazın da Azərbaycan kinosunda öz xüsusi yeri var. Milli teatrda Səməd Vurğunun “Fərhad və Şirin” (Bizans sərkərdəsi, Şiruyə və Şapur), “Vaqif” (Kürd Masa, Qacar), Cəfər Cabbarlının “Od gəlini” (Aqşin və Elxan), “1905-ci ildə” (Aram), Rəsul Rzanın “Qardaşlar” (Bitərəf Əli), Cabbar Məcnunbəyovun “Od içində” (Mister Gipson), “İliç buxtası” (Şamil), İslam Səfərlinin “Ana ürəyi” (Yusif Şəfi), Məmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” (Səməd), Mirzə İbrahimovun “Közərən ocaqlar” (Mazar bəy və Nəriman Nərimanov), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (Aslan), Şıxəli Qurbanovun “Sənsiz” (Tərlan), Hüseyn Muxtarovun “Ailə namusu” (“Allanın ailəsi”. Arif), İ.Qasımovun "Nağıl başlananda" və s. pyeslərinin tamaşalarında M.Dadaşovun yaratdığı obrazlar bu gün də xatirələrdən silinməmişdir. Aktyorun faciə rolları içərisində Yaqo, Maqbet, Praspero (“Otello”, “Maqbet”, “Fırtına”, Şekspir), Viktor Karenin (“Canlı meyit”, Lev Tolstoy), Serqo (“Şeyx Sənan”, Hüseyn Cavid), tragikomik obrazı Şeyx Nəsrulla (“Ölülər”, Cəlil Məmmədquluzadə), komediya personajlarından Sebastian (“On ikinci gecə”, Şekspir), Camal (“Nişanlı qız”), Kəblə Muxtar (“Küləklər”, Sabit Rəhman), Don Aryas (“Sevilya ulduzu”, Lope de Veqa), Kovoler delya Kotri (“Məzəli hadisə”, Karlo Haldoni), Dərviş Məstəlişah (“Müsyo Jordan və dərviş Məstəlişah”, Mirzə Fətəli Axundzadə) bədii cəhətdən daha bitkindir. Ömrünün son illərində M.Dadaşov S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşmiş, buraya yeni yaradıcı qüvvələr cəlb olunmuşdu. 80-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyirdi. Bütün yaradıcı ömrünü Azərbaycan aktyor sənətinin inkişafına həsr etmiş görkəmli teatr və kino aktyoru Məlik Dadaşov bu gün aramızda olmasa da, onun əziz xatirəsi sənətsevərlərin qəlbində əbədi olaraq yaşayacaqdır.
Filmoqrafiya
|