MİRZƏAĞA ƏLİYEV

Mirzəağa Əli oğlu Əliyev. (1883, Bakı, Hövsan-25 oktyabr, 1954, Bakı). Tanınmış Azərbaycan aktyoru. SSRİ xalq artisti (1949).

Kəndli ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir. İlk dəfə 1901-ci ildə Şahmar bəy ("Müsibəti Fəxrəddin", Nəcəf bəy Vəzirov) rolunda çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. Mirzəağa Əliyev 1906-1907-ci illərdə "Həmiyyət" teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907-1912-ci illərdə "Nicat" cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912-1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş "Ölülər" (Cəlil Məmmədquluzadə) komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.

Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.

M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, "Bismillah", "Hacı Qara", "Məhəbbət Oyunu", "Almaz", "Bakının İşıqları" və s. filmlərdə çəkilmişdir.

Anadan olduğu Hövsan qəsəbəsində Mirzəağa Əliyev adına mədəniyyət evi fəaliyyət göstərir. Bakının Yasamal rayonunda küçələrdən biri Mirzəağa Əliyevin adını daşıyır.

 

Adlar və mükafatlar

SSRİ Dövlət Mükafatı Laureatı (1943, 1948)
SSRİ Xalq Artisti (1949)
"Qırmızı Əmək Bayrağı" Ordeni

Filmoqrafiya

Arşın mal alan (film, 1917)-Süleyman bəy (Tammetrajlı Bədii Film)
Bismillah (film, 1925)-Molla Mirzə Əbdürrəhim (Tammetrajlı Bədii Film)
Müxtəlif sahillərdə (film, 1926)-Amerikan Fəhləsi (Tammetrajlı Bədii Film)
Hacı Qara (film, 1929)-Hacı Qara (Tammetrajlı Bədii Film)
Məhəbbət oyunu (film, 1935)-VVAQ müdiri (Tammetrajlı Bədii Film)
Almaz (film, 1936)(tammetrajlı bədii film)-rol: məktəb direktoru Səməndər
Mavi dənizin sahilində (film, 1936)
Arşın mal alan (film, 1945)
Bakının işıqları (film, 1950)
Üzeyir ömrü (film, 1981)
Min birinci söz (film, 1997)
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(arxiv kadrlar)("Bismillah" filmində)

<< Geri