MOBİL ƏHMƏDOV

Mobil Əhmədov — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti.

Teatrın şöhrətli sənətkarlarındandır. Vokal ifaçılığını dramatik və komik aktyor oyunu ilə yüksək sənətkarlıqla sintez etməyin bünövrəsini qoyanlardan biridir. Şirin, məlahətli, coşğun səsi və zəngin çalarlı aktyorluq ifadə vasitələri, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu var. Mobil Salman oğlu Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət konservatoriyasına qəbul edilib və Bülbülün sinifində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Bir neçə xarakterik rol oynayıb. Qazandığı nailiyyətlərin kökündə onun daxili sənət yanğısı, yaradıcılıq ehtirası durur. Həmişə realist oyun tərzi, sərbəst və əlvan çalarlı ifa üslubu ilə diqqətdə durub. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradan Mobil Əhmədov bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Solist-aktyorun əsas partiyalarının çox yığcam siyahısını belə ümumiləşdirə bilərik. Klassik operettalarda və klassik milli dramaturgiya əsasında yazılmış musiqili komediyalarda oynadığı rollar: Sərvər və Rüstəm bəy, Əsgər ("Məşədi İbad" və "Arşın mal alan", Üzeyir bəy Hacıbəyov), Heydər bəy ("Hacı Qara", Mirzə Fətəli Axundzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Şəmsi Bədəlbəyli. Bəstəkarlar Ramiz Mustafayev və Vasif Adıgözəlov), Məhəmmədhəsən əmi ("Danabaş kəndinin əhvalatları", Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında libretto müəllifi Cənnət Səlimova, bəsətənar Oqtay Kazımov). Müasir mövzulu musiqili komediyalarda ifa etdiyi səhnə surətləri: Tuğay ("Bir dəqiqə", Məhərrəm Əlizadə və Hacı Xanməmmədov), Nadir ("Qızıl axtaranlar", Həsən Seyidbəyli və Tofiq Quliyev), Ayaz ("Qaynana", Məcid Şamxalov və Zakir Bağırov), Alay ("Gözün aydın", Məhərrəm Əlizadə və Fikrət Əmirov), Bəxtiyar ("Ulduz", Sabit Rəhman və Süleyman Ələsgərov), Arzu, Zəfər, Yetim, Toğrul ("O1madı elə, oldu belə", "Özümüz bilərik", "Milyonçunun dilənçi oğlu" və "Sevindik qız axtarır", Şıxəli Qurbanov və Süleyman Ələsgərov), Cəsarət, Çingiz ("Nənəmin şahlıq quşu" və "Boşanaq, evlənərik", Əliağa Kürçaylı və Vasif Adıgözəlov), Sahib ("Ləpələr", Əliağa Kürçaylı və Arif Məlikov), Etibar ("Qızılgül", Məhərrəm Əlizadə və Soltan Hacıbəyov). Tərcümə əsərlərində oxuduğu partiyalar: Zurab ("Tiflis nəğməsi", Levon Cubabiriya və Şota Milorava), kote ("Keto və kote", Vladimir Dolidze), Elbrus ("Sevgilimin anası", Georgi Xuqayev və A.Ovanov). Mobil Əhmədov müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərir. Sənət dostlarının yüzlərlə şarjını çəkib. Radionun fondunda 600-dən çox lent yazısı, xeyli valı var. Aktyor-müğənni Azərbaycan Respublikasının əməkdar artist (1978) və xalq artist (2000) fəxri adlarına layiq görülüb.

Uzun sürən xəstəlikdən sonra bu gün 75 yaşında dünyasını dəyişib.

 

Filmoqrafiya

 

Dəcəl dəstə (film, 1937)

Qara daşlar (film, 1956)

Aktrisanın təbəssümü (film, 1974)

Üzeyir ömrü (film, 1981)

Məkanın melodiyası (film, 2004)

Cümhuriyyətə doğru üç addım (film, 2008)

Yeni il gecəsində (film, 1958)

 

<< Geri