Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib.Azərbaycanda ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək təməli 1910-cu ildə qoyulmuş bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959 - cu ildən Akademik Opera və Balet Teatrı adlanır. Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-ndə tamaşaya qoyulmuş "Leyli və Məcnun" operasından başlanır. İnqilaba qədərki dövrdə Z.Hacıbəyovun "Aşıq Qərib" (1916), Müslüm Maqomayevin "Şah İsmayıl" (1919) operaları tamaşaya qoyulmuşdu. Teatrın repertuarı ənənəvi klassik opera formasında yazılmış "Şahsənəm" (1927, R.Qlier), "Nərgiz" (1935, M.Maqomayev) və "Koroğlu" (1937, Ü.Hacıbəyov) operaları ilə zənginləşdi.1940-cı ildə ilk milli Azərbaycan baleti - "Qız qalası" (E.Bədəlbəyli), "Vətən" (1945, Q.Qarayev və C.Hacıyev), "Xosrov və Şirin" (1942, Niyazi) "Nizami" (1948, E.Bədəlbəyli) operaları tamaşaya qoyulmuşdur. 1950-ci illərdən etibarən Akademik Opera və Balet Teatrı öz inkişafının yeni, daha da səmərəli mərhələsinə qədəm qoymuşdur. Bu illərdə “Sevil” (1955, F. Əmirov), “Azad” (1957, C. Cahangirov) “Vaqif” (1960, R. Mustafayev), “Bahadır və Sona”(1961, S. Ələsgərov), “Ölülər”(1963, V. Adıgözəlov), “Söyüdlər ağlamaz”(1971, Ə. Bədəlbəyli), “Aygün” (1973, Z. Bağırov), “Gəlin qayası” (1974, Ş. Axundova), “Aldanmış ulduzlar” (1977, M. Quliyev), “Xanəndənin taleyi” (1979, C. Cahangirov), “Natəvan” (2003, V. Adıgözəlov) və s. operaları uğurla səhnələşdirilmişdir. Bundan başqa, "Yeddi gözəl" (1952, Q.Qarayev), "Qaraca qız" (1965, E.Abbasov), "İldırımlı yollarla" (1961, Q.Qarayev), "Məhəbbət əfsanəsi" (1962, A.Məlikov), “Muğam” (1972, N. Əliverdibəyov), “Çitra” (1972, Niyazi), “Min bir gecə” (1979, F. Əmirov), “Babək” (1986, A. Əlizadə), “Ağ və qara” (2000, X. Mirzəzadə), “Eşq və ölüm” (2005, P. Bülbüloğlu) və s. baletləri tamaşaya qoyuldu və tezliklə bütün dünyada uğurla qarşılanmışdır.
|