Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. İllər ərzində teatr özünü musiqi və xoreoqrafiya sənətinin ən gözəl və nümunəvi təbliğatçısı kimi göstərmişdir.

Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır.

Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev və s. kimi populyar sənət ustaları çalışmışdır.

R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı bir çox xarici ölkələrdə, o cümlədən ABŞ, Fransa, İsveç, İsveçrə, Hindistan, Pakistan, Almaniya, Türkiyə, Rusiya Federasiyası və s. tamaşaçı tərəfindən rəğbətlə qarşılanmışdır. Son illərdə yaradıcı kollektiv: 2000-ci ildə Hanoverdə «EKSPO-2000» sərgisinin açılışında konsert proqramında iştirak etmiş, 2001-2002-ci illərdə Türkiyə, Moskva, Strassburq, Avstriya, 2003-cü ildə Almaniyada «Azərbaycan Mədəniyyət Günləri»ndə, 2004-cü ildə Yekaterinburqda «Novruz şənliklərində», 2005-ci ildə yenə də Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti Günləri»ndə, Moldovanın Kişinyov şəhərində «Mersi-Şor» adlı Beynəlxalq Musiqi Festivalında Azərbaycan mədəniyyətini təmsil etmişdir.


<< Geri