|
Mən həmişə teatra yaxın və bağlı olmuşam. Bu, ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. İncəsənətin, o cümlədən kino və teatrın təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır. Teatr Azərbaycan mədəniyyətinin, xalqımızın milli ruhunun, milli dirçəlişinin inkişafında, ümumxalq mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynayır. Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır. Heydər Əliyev Ümummilli Lider İndi Azərbaycanda, Bakıda və başqa şəhərlərdə mədəniyyət sahəsinin inkişafına böyük diqqət yetirilir. Bizim Bakı şəhərinin bütün teatrlarının yenidən qurulması üçün proqramımız var. Həyatını incəsənətə, yaradıcılığa həsr etmiş insanlar daim dövlət tərəfindən qayğı hiss etməlidirlər. O cümlədən iş üçün, yaradıcılıq üçün də ən əlverişli şərait olmalıdır. Müsəlman Şərqində ilk dünyəvi teatrın, ilk kinonun və ilk operanın yaradıcısı olan Azərbaycan xalqı mədəniyyətinin yeni yüksəliş mərhələsini yaşayır. Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Dövlət Musiqili Dram Teatrı zəngin sənət ənənələrinə malikdir. Milli teatr sənətimizin inkişafında mühüm yer tutan İrəvan Dövlət Azərbaycan Dram Teatrı Qafqazın qocaman sənət ocaqlarından biridir. XIX əsrin ortalarında milli məktəbin, milli mətbuatın və milli teatrın təşəkkülü mədəniyyətimizi daha da zənginləşdirmiş, mənəvi və vətənpərvərlik hisslərini gücləndirmişdir. XX əsr boyu opera və balet, musiqili komediya, gənc tamaşaçılar teatrı, pantomima və digər teatrlar yaradılmışdır. Yüksək səhnə mədəniyyəti ilə seçilən Azərbaycan teatrının zəngin repertuarı sayəsində xalqımız milli ədəbiyyatın parlaq nümunələri ilə yanaşı, dünya ədəbi fikrinin inciləri ilə daha yaxından tanış olmaq imkanı əldə etmişdir. Azərbaycan dövlət müstəqilliyinin bərpa edilməsi ilə qarşısında geniş üfüqlər açılan milli teatr bu gün dövlətçilik naminə mədəniyyətimizin inkişafına töhfələr vermək iqtidarındadır. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti "Biz öz növbəmizdə ən yaxşılarını seçərək maliyyələşdirəcəyik. Daha əvvəlki illərdə olduğu kimi dövlət sifarişi olmayacaq. Çalışacağıq ki, klassik və müasir dramaturqlara, dünya ədəbiyyatının nümunələrinə müraciət olunsun. İndi teatrlar işlərini elə qurmalıdırlar ki, onların təqdim etdiyi tamaşalar dünya standartlarına uyğun gəlsin. Əyalət çərçivəsindən çıxmaq lazımdır". Əbülfəs Qarayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri “Teatr həyatın güzgüsüdür” Ədalət Vəliyev Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Yeni teatr siyasətinin doğru-düzgün həyata keçirilməsi, həm də mədəniyyətin hərtərəfli təbliği ilə bağlıdır. Teatr siyasətinin formalaşması və teatr prosesində idarəetmənin optimallaşdırılması üçün bu sahədə islahatlar aparılmalı, hər bir teatr binası standartlara uyğun səviyyədə təmin olunmalı, onların maddi-texniki bazası möhkəmləndirilməlidir. Hər bir teatrın repertuarı günün tələblərinə uyğun formalaşmalıdır. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"ndan 18 may 2009-cu il Aktyor bir rəssamdır ki, rəngarəng fırçalar ilə yaratdığı bir şəkil yenə özüdür. O, bir şəkildir ki, özü də öz yaradıcısıdır... Aktyor bir heykəltəraşdır ki, yaratdığı heykəl yenə də özüdür... Aktyor bir musiqişünasdır, eyni zamanda canlı bir alət – musiqidir. Daha doğrusu aktyor bir musiqişünasdır ki, çaldığı aləti – musiqi yenə özüdür. Cəfər Cabbarlı Mən sağ ikən komediyamın öz dilimizdə tamaşaya qoyulması mənim üçün böyük xoşbəxtlikdir. Bu gün “Hacı Qara”nı öz dilimizdə səhnədə göstərməklə mənim ömrümün üstündə on il də artırdınız... Bakıya gəlib bu ilk tamaşanı öz gözlərimlə görmədiyim üçün təəssüf edirəm. Elm və mədəniyyətin hələ az yayıldığı ölkədə xalqın tərəqqisinə nail olmaq üçün ən güclü vasitələrdən birisi teatrdır. Çünki teatr sənətin ən demokratik növlərindəndir, o hamıya- padşahdan tutmuş fərraşa qədər müyəssərdir və şüurların oyanmasına, zövqlərin tərbiyəsinə bilavasitə təsir göstərməyə qadirdir. Camaat, geniş kütlə ( hərdənbir isə padşah da) teatra pul verib gedir, o, aktyorların çıxartdığı “oyundan”, göstərdiyi tamaşadan faydalanmaq, xeyir götürmək, ibrət almaq istəyir, odur ki, tamaşa məzmunlu və mənalı olmalıdır, tamaşada heç bir nalayiq, səthi, bayağı hallara yol verilməməlidir. Azərbaycan teatrı öz nümunəsini Avropa teatrından, konkret olaraq isə rus teatrından almaqla, dünya səhnə mədəniyyəti səviyyəsinə daha tez qalxar və öz maarifçilik rolunu daha müvəfəqiyyətlə yerinə yetirə bilər. Teatr böyüklər üçün məktəbdir. Azərbaycan xalq teatrı qədim bir tarixə və gözəl nümunələrə malikdir. “Təəccüb yerində - mütəəccib ol, sual yerində - sail, xövf yerində - xaif ol, heyrət yerində - hayir, sükut yerində - sakitol, zöhk yerində - zahik, büka yerində - baki ol, qeyz yerində - qaiz, şəfqət yerində - müşfiq ol, heybət yerində -mühib, istehza yerində - müstəhzi ol, çığırmaq yerində - çığır, ahəstə mükaliməni - ahəstə oxu, qoca mühakiməsində - qocamanənd söylə və erməni danışığında - erməni tələffüzünü mülahizə elə, qalan zad mövqufdur sənin öz qabiliyyətinə”... “Dram sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxucu və qulaq asanları ibrətləndirməkdir”. … íûíå ïîëåçíûìè, îòâå÷àþùèìè âêóñó ÷èòàòåëÿ è èíòåðåñàì íàöèè ïðîèçâåäåíèÿìè ÿâëÿþòñÿ äðàìû è ðîìàíû. Mirzə Fətəli Axundzadə Mən sənətdən aldığım zövqü heç bir şeydən almam. Buna görə də o atəşin zəkaya qarşı pək, dərin və səmimi hörmətlər bəslərəm... Hüseyn Cavid ...Mənim bu qədər əlləşdiyim odur ki, gələcəkdə teatr işini eylə bir hala salaq ki, bu gün nəinki tək bir Bakı və ya Qafqaz, bəlkə hər bir yerdə, hər bir şəhərdə teatrlar verməyə imkanımız olsun. Yüksək ideyaya, dolğun məzmuna, ağıllı süjetə malik faciələr, dramlar, komediyalar insanların tərbiyəsində əhəmiyyətli rol oynayır. Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır. Hacıbəyli Üzeyir Keçmişdə belə deyildi...Xah “Hamlet” və “Quldurlar” və xah revizor və “Hacı Qara”lar, ya “Məstəli şah” ilə “Kimyagər”lər - bunlar mən aciz bəndəyə o qədər təsir bağışlamayıblar, o qədər mənə ləzzət verməyiblər, nə qədər ki, indiki əsrimizin pyes və nümayişləri verir Cəlil Məmmədquluzadə Mən bu teatrı (Bakı Dövlət “Satir-akit” teatrı nəzərdə tutulur) onun fikir təzəliyinə, onun əhatə edə bildiyi inqilabi ruhuna və bizim nöqsanlarımıza doğru yönələn satirasının bütün kəskinliyinə görə sevirəm. Nəriman Nərimanov Bizim Bakıda müsəlman teatrı çıxarmağımızı Tiflis qəzetlərinə yazmışdılar. Mərhum Mirzə Fətəli Axundov onu oxuyub mənə bir uzun kağız yazmışdı və çox razılıq eləmişdi ki, öz sağlığında onun komediyasını müsəlmanlar öz türk dilində çıxartdılar və çox heyfslənmişdi ki, mən ona piş əz vaxt yazmamışam ki, özü də onu gəlib öz gözləri ilə görəydi və bir də yazmışdı ki, onun özünə “Hacı Qara” qeyri komediyalardan artıq xoş gəlir və təvəqqe eləmişdi ki, Tiflisə gələndə ona bir-bir deyim ki, hər kəs öz rolunu necə oynadı? Zikr olan kağızdan belə məlum olur ki, onun komediyaları heç birisi o vaxtacan türk dilində oynanmayıb, bircə Varantsov sərdar olan vaxtlarda onun komediyalarından (Müsyö Jordan və Xansərab) rus dilindən Tiflis teatrında oynanıb. Əvvəlinci teatrımız yaxşı çıxdığına Bakıda sakin olan, kənarlardan gələn müsəlmanların iltinasına görə “Hacı Qara”nı bir dəfə də oynadıq, və bu səfər yüz manata qədər pul yığdıq. Həsən bəy Zərdabi “Bakıda Müsəlman Teatrının binası” məqaləsindən Dama-dama daş deşilər. Bunlar bir zamanlar onlara dost olduğumu anlayarlar, məktəbin, teatrın mənfəətini başa düşərlər. İldə 2-3 dəfə müsəlman bayramlarında teatr çıxardırdıq.Amma neçə il belə teatr çıxartdıq isə də, Bakı müsəlmanlarına teatra gəlməyi öyrədə bilmədik. Həsən bəy Üzeyir Hacıbəyova “Sən elə bir teatr yaz ki, iştirak edənlər oxusunlar” demişdir. Həsən bəy Zərdabi Xalqın tərəqqisi üçün təsirli vasitələrdən biri də teatrdır. Həsənbəy 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində birinci teatr tamaşası göstərdi… Tamaşa gözəl keçdi. Tamaşa cəmiyyəti hərəkətə gətirdi. Hənifə xanım Məlikova (Həsən bəy Zərdabinin həyat yoldaşı) “Teatr böyüklər üçün məktəbdir”. Nəriman Nərimanov Mənim üçün teatr, Allahın insanlara bəxş elədiyi ruhun, gözəl hisslərin, arzuların, müxtəlif həyat ideyalarının yaşadığı, çarpışdığı bir məkandır. İnsanın daxili dünyasının aynasıdır. Teatr həm də xalqımızın tərcümanıdır. Bu məkan gözəl olduğu qədər, həm də ilahiləşmiş bir aləmdir”. İlyas Əfəndiyev Xalq yazıçısı “Azərbaycan teatrı M.F.Axundzadənin ölməz komediyaları əsasında yüksəlmişdir. Həmin komediyalar Azərbaycan dramaturgiyası ilə yanaşı olaraq teatrın tərəqqi və inkişafında, Azərbaycanda professional aktyor nəslinin yetişməsində böyük rol oynamışdır”. Mirzağa Əliyev İncəsənət xadimləri arasında aktyor yeganə sənətkardır ki, öz müasirləri ilə bilavasitə ünsiyyətdə olur, sözün əsil və müstəqim mənasında onlarla üzbəüz dayanır, onu həyəcanlandıran hissləri, onu düşündürən fikirləri öz tamaşaçılarına özü təqdim edir, onlarla bir ürəyin döyüntüsü ilə, eyni vaxtda, eyni həyatla yaşayır. Bu mənada aktyor sənətinin ictimai- estetik mahiyyətini, yaradıcılıq psixologiyasını tədqiq və təhlil etmək, öyrənmək çox maraqlıdır. Mehdi Məmmədov
|