|
Azərbaycan teatrı getdikcə inkişaf edir, xalq həyatına daxil olurdu. Onun xəritəsi də ildən ilə genişlənirdi. 1921-ci ildə Bakıda «Tənqid və təbliğ teatrı»nın (TTT) yaranması şəhərin mədəni həyatında əlamətdar hadisəyə çevrildi. 1923-cü ildə Bakı teatr məktəbinin açılışı və onun yetirdiyi məzunlar sonrakı illərdə milli teatr sənətinin inkişafında mühüm rol oynadı. 1929-cu ildə Bakıda uşaq teatrı fəaliyyətə başladı. 1937-ci ildə respublikamızın bir neçə rayonunda Dövlət teatrları yaradıldı. Təəssüf ki, həmin teatrlar 1949-cu ildə ucdantutma (Quba, Gəncə və Naxçıvan Dövlət teatrlarından başqa) bağlandı. Həmin teatr kollektivləri əvvəl xeyli müddət dram dərnəyi adı altında işlədilər. 1958-ci ildə isə xalq teatrları kimi fəaliyyətlərini davam etdirdilər. 1960 –cı illərdə Azərbaycan teatrı yeni bir mərhələyə qədəm qoydu. 1964-cü ildə rəssam T.Salahov və bəstəkar Q.Qarayev V.Şekspirin «Antonio və Kleopatra» əsərini tamaşaya hazırladı. Bunula teatrın və tamaşaçıların arzu etdikləri möhtəşəm, işıqlı, humanist bir tamaşa yarandı. Bu tamaşada teatrın novatorluq səylərinin gözəl nəticəsi də özünü göstərdi. Bu yüksək səhnə mədəniyyəti, sağlam yenilik və müasirlik ruhu T.Kazımovun həmin ilin noyabr ayında quruluş verdiyi «Sən həmişə mənimləsən» tamaşası həm müəllifin, həm də ümumiyyətlə teatrın böyük nailiyyəti oldu. «Sən həmişə mənimləsən»dən sonra «Yalan» (1965), «Ölülər» (1966), «Sənsiz» (1967), «Hamlet» (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirdi. 1960-cı illərin sonunda Azərbaycan teatrının nailiyyətləri içərisində fərəhləndirici hal teatra yeni istedadlı gənc dramaturqların gəlməsi oldu. 1969-cu ildə «İkinci səs» pyesi ilə Akademik Dram teatra gələn Bəxtiyar Vahabzadə sonrakı illərdə «Yağışdan sonra», «Yollara iz düşür», «Özümüzü kəsən qılınc» kimi səhnə əsərləri teatrın repertuarını zənginləşdirdi. 70-ci illərdə Nəbi Xəzri «Sən yanmasan» pyesi ilə başladığı dramaturji yaradıcılığını «Əks-səda», «Mirzə Şəfi Vazeh», «Torpağa sancılan qılınc», «Burla Xatun» əsərləri ilə müvəffəqiyyətlə davam etdirdi. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) müvəffəqiyyətlə göstərilən «Keçən ilin son gecəsi» pyesi ilə teatra gələn yazıçı Anar «Şəhərin yay günləri», «Adamın adamı», «Səhra yuxuları», «Sizi deyib gəlmişəm», «Təhminə və Zaur» pyesləri ilə özünü yaxşı bir dramaturq kimi təsdiq etdi. N. Həsənzadənin «Atabəylər», «Pompeyin yürüşü» tamaşaları müəllifə və teatra uğur gətirdi. 1980-cı illərdə «Mahnı dağlarda qaldı», «Xurşidbanu Natəvan», «İblis», «Atabəylər», «Fəryad», «Torpağa sancılan qılınc», «Od gəlini», «Şeyx Xiyabani» və s. bu kimi romantik qəhrəmanlıq tamaşaları ilə teatr öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Bu dövrdə Azərbaycan teatrında ən əlamətdar hadisə üslub və janr cəhətdən təkmilləşmə prosesinin müşahidə olunması idi. Bu dövrün faktik materialına əsaslanan teatr tənqidi də öz hüdudlarını genişləndirir, elmi-nəzəri, estetik keyfiyyəti artırırdı.; Azərbaycan teatr tənqidi imkan daxilində teatr prosesinə müdaxilə edir, onun tərəqqisinə çalışırdı. 1990-cı ildən sonra yaranan Yuğ, Miniatur, Pantomim, Bələdiyyə, Kamera Gənclər teatrlarının yaxşı mənada özlərini təsdiq etmələri fərəh doğurdu. Onlar sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi ilə kəskin şəkildə fərqləndilər. 1990-cı ildən sonra da Azərbaycan teatrında klassik və müasir Azərbaycan yazıçılarının, rus və dünya dramaturqlarının seçmə əsərləri tamaşaya qoyuldu. 70 il hökm sürən keçmiş SSRİ zamanı Azərbaycan teatrı yalnız SSRİ məkanında - Moskvada, Leninqradda, Minskdə, Kiyevdə, Tiflisdə, İrəvanda, Daşkənddə və s. yerlərdə qastrol səfərlərində olmuşdur. 1919-cu ildə Tiflis Azərbaycan teatrının Türkiyəyə qastrolundan 71 il sonra Azərbaycan Dövlət Akademik Dram teatrı mütəşəkkil şəkildə Türkiyəyə qastrola getdi. Görkəmli dramaturq İ.Əfəndiyevin «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» əsərlərinin tamaşalarını göstərdi. 1998-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı (ADAMDT) ikinci dəfə Türkiyəyə qastrola gedib. Teatrın 1992-ci ildə Almaniyadakı qastrolu da müvəffəqiyyətlə keçmişdir. Bundan əlavə Bakı Pantomim teatrı, Gəncə Dövlət Kukla Teatrı (GDKT), Bakı Bələdiyyə Teatrı (BBT) dəfələrlə Türkiyədə qastrolda olmuşlar. 2010-cu il 8-12 noyabr tarixində Azərbaycanda keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər, alternativlər” adlı Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycanın teatr aləmində əlamətdar hadisələrdən biri oldu. Bu konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqları iştirak edirdi. Azərbaycanda ilk dəfə keçirilmiş Beynəlxalq elmi-praktik konfrans dəvətlilər sırasına ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları da qatılmışdı. Azərbaycan peşəkar teatrının yarandığı vaxtdan keçən 125 il ərzində ölkədə qüvvətli teatr kollektivləri yaranmışdır. İndi Bakıda M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (ADAOBT), S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (ADRDT), Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrı (ADMKT) (Dövlət teatrı kimi 1938-ci ildə yaradılmışdır), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (ADGTT) (əsası 1929-cu ildə qoyulmuşdur) A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (ADKT), Bələdiyyə Teatrı (BT), Gənclər Teatrı (GT), Tədris Teatrı (TT), Yuğ Teatrı (YT), Kamera Teatrı (KT), Pontomim Teatrı (PT) fəaliyyət göstərir. Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt, Ağdam, Mingəçevir şəhərlərində də dövlət teatrları vardır. Bunlardan əlavə respublikada Mahnı teatrı, Muğam teatrı, Ş.Məmmədov adına Opera studiyası, Gəncə Dövlət Nizami poeziya teatrı, Gəncə gəlincik teatrı, Şuşa musiqili dram teatrı, Şəki satira teatrı, İrəvan Azərbaycan teatrı, Naxçıvan Cavid poeziya teatrı, Qusar Dram teatrı, Füzuli dram teatrı, Naxçıvan kukla teatrı, Qazax Dram teatrı fəaliyyət göstərir. |