|
Doğrudur, Azərbaycanda peşəkar teatr bir çox başqa ölkələrə nisbətən gec yaranmışdır. Bunun səbəblərini, əsasən, tarixi-ictimai, siyasi şəraitlə əlaqələndirmək daha doğru olardı. Rəssam Elçin Aslanovun 1994-cü il 6 may tarixli «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyi «Şəbihləri kim yaradırdı» («Füzuli və milli dramaturgiyamız») adlı məqaləsində Azərbaycan peşəkar teatr sənətinin ən azı 500 illik tarixə malik olduğunu və onun öz başlanğıcını şəbih tamaşalarından götürdüyü fikri məqbul sayılmalıdır. Görkəmli bəstəkar Üzeyir bəy Hacıbəyov da yazıb ki, «tarixçi və alimlərin fikrincə, bütün milli teatr sənətinin ibtidası dinə bağlı olmuşdur. «Sonra davam edərək «bizim - Şaxsey» misteriyası öz səhnə təcəssümünü şəbih tamaşalarından götürmüşdür. Etiraf edək ki, məqalə müəllifi, -dahi bəstəkarın M.Füzulinin «Leyli və Məcnun» poeması əsasında opera üçün tərtib etdiyi ədəbi mətn məhz «şaxsey» misteriyası «Şəbih tamaşaları» ənənəsi çərçivəsində hazırlanmışdır» - deməkdə haqlıdır. Qafqaz canişini Voronsovun «Azərbaycanın Molyeri» adlandırdığı M.F.Axundovun komediyaları əsasında Azərbaycanda yaranan, Qərb tamaşa mədəniyyətinin Şərq variantı olan, onun iqtibası və yamsılanması kimi nəzəri cəlb edən, dünyəvi teatr isə XIX əsrin 40-cı illərinə aiddir. Bu tipli teatr 1848-ci ildə Şuşada, 1850-ci ildə Lənkəranda, 1857-1858-ci illərdə Şamaxıda yaranmışdı. Bu, bir faktdır ki, millətin öz yaşayışını əks etdirməsində, Azərbaycan xalqının oyanmasında milli teatrın çox böyük rolu olmuşdur. Milli teatrın sağlam təməlini isə öz əsərlərində Mirzə Fətəli Axundov atmışdır. Bu cəhəti də qeyd etmək lazımdır ki, dünyada-Qədim Yunanıstanda teatr öz fəaliyyətinə faciə ilə başlamışdır. Azərbaycan teatrı isə komediya ilə. Nəzərə alınsa ki, XIX əsrin ortalarında Azərbaycan ədəbiyyatında komediya janrının yaranmasının və komiklik probleminin mütərəqqi estetik fikir mövqeyindən izahı olduqca çətin idi, qəhrəmanlıq tələb edirdi, bu fəaliyyətin məna və əhəmiyyəti xeyli artar. Çətinlik yalnız komediya janrının nəzəri cəhətində deyildi, həm də o zamankı polis və senzor nəzarətinin çox güclü olması ilə bağlı idi. Gülüşün estetik və ictimai funksiyası barədə söhbət açmaq asan iş deyildi. Cəmiyyət rəislərinə yönəldilən ən adi gülüş «ictimaiyyətin sakitliyini, asayişini, təhlükəsizliyini pozan» hal kimi qələmə verilirdi. Ona görə də M.F.Axundov və ondan sonra gələn azərbaycanlı dramaturqlar da komikliyin, gülüşün əsas məsələlərinə toxunarkən onu əxlaqı yaxşılaşdıran, naqislikləri qamçılayan bir vasitə kimi şərh etmişdilər. Azərbaycan dünyəvi peşəkar teatrı öz fəaliyyətinə komediya ilə başladı. M.F.Axundovun beş ölməz komediyasına söykəndi. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərildi. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazandı. «Lənkəran xanının vəziri» tamaşasından bir ay yeddi gün sonar Mirzə Fətəli Axundovun «Hacı Qara» komediyası da tamaşaçılara göstərilmişdi. «Kaspi» qəzeti (1873-cü il) xəbər vermişdi ki, «Bakıdan yazırlar ki, aprel ayının 17-də Bakı «cəmiyyətinin» salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası vermişlər. Bu dəfə M.F.Axundovun «Sərgüzəşti-mərdixəsis» adlı beşpərdəli komediyası oynanılmışdır. İlk üç pyesindən bir il sonra yazdığı dördüncü dram əsərində Mirzə Fətəlinin zahirən əyləncəli gorünən, lətifəvari təsir oyadan hadisələrin dərin qatlarında yenə də cəmiyyətin kəskin problemləri təsvir olunub. Əlbəttə ki, yeni mövzu-problematikada, yeni hadisələr burulğanında və əlbəttə ki, yeni bədii personajlar vasitəsilə. "Xırs quldurbasan" komediyası həyati olduğu qədər də canlı, gülməli, həyat nəfəslidir, cazibəli və əyləndiricidir. Həyatın real hadisələrini reallıqla təsvir etmək məharəti bu komediyada da Axundzadənin sənətkarlıq üslubunun estetik xüsusiyyəti kimi səciyyələnir. Məişət komediyası janrı "Xırs quldurbasan" səhnə əsərində əvvəlki pyeslərdən tamam fərqli rakursdan və tamam fərqli bədii-estetik məziyyətlərlə təcəssüm tapıb. Cəmiyyətdəki ictimai bərabərsizlik, sosial bərabərsizliyin eybəcər fitnə-fəsadları həm satirik, həm də yumorlu ifadə vasitələri ilə qələmə alınıb. Bir zümrənin özbaşınalığı ilə itaətə məhkum olan başqa zümrənin mütiliyi qarşılaşdırılıb və bu toqquşmada, bu müstəvidə mövcud cəmiyyətin rəzillikləri gülüş hədəfinə çevrilib. "Xırs quldurbasan" komediyasında təsvir olunan Pərzad dramaturqun əvvəlki qadın tiplərinin yeni və bir qədər təzə səciyyələr daşıyan personajıdır. Bu komediyada Zalxa və Sona yeni bədii tutumlu obrazlar olduğu kimi, Tarverdi və Divanbəyi, yasavul Kərim, dilmanc Kamalov, Vəli Xatunoğlu, Oruc Nəsiboğlu, Koxa, Matvey surətləri tamam təzə personajlardır. Dramaturq bundan əvvəlki pyesində fransız Müsyö Jordanla iranlı Məstəli şahı üz-üzə gətirməsə də, bir müstəvidəki hadisələr zəminində bağlayıb. Bu bağlamaqla da çox gülməli vəziyyət komediyası yaradıb. "Xırs quldurbasan"da isə daha çevik formadan istifadə etməklə vəziyyət komediyasını daha sərt məişət olayları ilə daha canlı, daha gülməli və daha gözlənilməz finallı təqdimdə işləyib. Pərzadın sevgisini "qazanmaq" üçün karvan soymağa çıxan qorxaq Tarverdi təsadüfən yol keçən, milliyyətcə alman olan, hafizi-canəvarən Frans Foxtla rastlaşır. Elə əsil mərəkə də bundan sonra başlayır. Yenə də biz Avropa və Şərq şüur-əxlaq və məişət davranışı əksliklərinin gülüş doğuran, sarkazınla yoğrulmuş bədii təsviri ilə rastlaşırıq. Öyüd-nəsihət verən, insanları pis və bəd, yaramaz və rəzil əməllərdən çəkinməyə çağıran Divanbəyi obrazı Mirzə Fətəlinin "Hacı Qara" komediyasında Naçalnik surəti kimi verilib. Lakin bu komediyasından əvvəl dramaturq bir qədər də siyasi-ictimai səciyyə daşıyan "Lənkəran xanının vəziri" əsərini tamamlayıb. "Mürafiə vəkilləri" (bəzən "Təbriz vəkilləri" yazılıb) Mirzə Fətəlinin sonuncu dram əsəridir. Dramaturqun bu pyesi 1855-ci ildə yazılıb və komediyadan daha çox dram janrının estetik tələblərinə daha yaxındır. Mirzə Fətəli burada yaşı on səkkiz olsa da, dərrakəsİ, dünyaya açıq gözlə baxması, qətiyyəti, iradəsi ilə seçilən Səkinə obrazı yaradıb. Məhz bu insani keyfiyyətlərinə görə o, nadürüst, haramzada Təbriz vəkilləri ilə mübarizədə, insanlıq haqqı, varislik haqqı, sevib-sevilmək haqqı uğrundakı çətin mübarizədə qalib gəlir. Mirzə Fətəli Axundzadə əvvəlki beş komediyasında rast gəlmədiyimiz, lakin cəmiyyət üçün xarakterik olan vəkillər Ağa Salman və Ağa Mərdan, bazar darğası Hacı Rəcəbəli, ləçər, bihəya və riyakar Zibeydə, pullu tacir olan, amma haqq mübarizəsində uduzan Ağa Həsən kimi bədii obrazlar yaradıb. Mirzə Fətəli Axundzadənin komediyaları ("Təmsilat"ı) milli ədəbiyyatımızda yeni janrın bünövrəsmi qoyub. Mirzə Fətəli Axundzadənin pyesləri Azərbaycanda qüdrətli dramaturqların yetişibformalaşmaları üçün təməl olub. Mirzə Fətəli Axundzadənin dram əsərləri dövrün ictimai-sosial mənzərəsini bədii reallıqla, xarakterik həyat hadisələri ilə təcəssüm etdirib. Mirzə Fətəli Axundzadənin komediyaları öz dövrünün ən tipik insan xarakterlərini, cəmiyyətin təzadlı zümrələrinin koloritli təsvirini təbii boyalarla gələcək nəsillərə çatdırıb. Nəhayət, Mirzə Fətəli Axundzadənin komediyaları milli peşəkar teatrımızın təşəkkülü və inkişafı, geniş yayılması və ayrı-ayrı sənət ocaqlarının formalaşması üçün münbit zəmin olub və ölməz ənənə kimi ləyaqətlə davam etməkdədir. |