TEYMUR ELÇİN

Teymur Süleyman oğlu Əliyev (Tеymur Еlçin) 1924-cü il mart ayının 28-də Şuşa şəhərində anadan olmuşdur.

1931-ci ildə ailəsi ilə Bakıya köçmüş, burada 132 saylı şəhər orta məktəbini bitirmişdir.

1941-1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır.

Eyni zamanda “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi (1941), 1941-1942-ci illərdə Azərbaycan Radio Komitəsində İctimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, 1942-1943-cü illərdə diktor, redaktor, məsul redaktor, 1945-1946-cı illərdə APİ-nin komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (VI, 1946- IV, 1948), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (V, 1949 – IV, 1950), “Azərnəşr”in siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950-1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952-1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953-1955), Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955-1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin (sonra Dövlət komitəsi) sədri (1957-1964), Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri (1964-1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975-1988) vəzifələrində çalışmışdır.

Ədəbi fəaliyyətinə kiçik yaşlarından başlamış, ilk şeirlərini məktəb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi “Şeirlər əcmuəsi”ndə dərc olunan “Azərbaycan” şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda “Kommunist”, “Yeni yol” və “Azərbaycan pioneri” qəzetlərində) dərc edilən yazıları “Teymur Əlizadə” imzası ilə çıxmışdır.

Şairin bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. “Qar qız” mənzum pyesi M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983).

Əsərləri keçmiş SSRİ, həmçinin, xarici ölkə xalqlarının dillərində çap olunmuş, bədii tərcüməyə də xüsusi diqqət yetirmişdir.

Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı ordeni” (1971), “Şərəf nişanı” ordeni (1979), yeddi medal və üç dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, həmçinin, ÜİLKGİ MK və Azərbaycan LKGİ MK Fəxri fərmanları ilə təltif edilmişdir.

Görkəmli şair, publisist Teymur Elçin 1992-ci il mart ayının 19-da vəfat etmişdir.

<< Geri