Qarabağ xanlığının
sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan
ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti
ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni
həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və
nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir.
Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz
ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar
Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və
insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq
bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi
məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi
mühitinin inkişafına güclü təsir göstərmişdir.
Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi
ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi
ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən
yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin
formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə
töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdır.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində
məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər. Xurşidbanu Natəvan da
bu şairlərdəndir.
Firidun bəy Köçərli,
maarifçi, pedaqoq, metodist,
ədəbiyyatşünas, publisist
Xurşidbanu Natəvanın insana məhəbbət, həqiqətə inam və xeyirxah əməllərə ümid
dolu poeziyası həmişə təzədir. Onun şeirləri öz mayasını, qaynaqlarını təbiətin
munis gözəlliklərindən, baharın həyat qoxulayıcı nəfəsindən, torpağın ətrindən
götürmüşdür.
Məsud Əlioğlu,
filologiya elmləri doktoru, yazıçı,
Xurşidbanu Natəvan ədəbiyyatımızın rövnəqlənməsində, təsir və nüfuz dairəsinin
genişlənməsində muhum rol oynamış, mənəvi xəzinəmizin ətirli gül-çiçəyi hesab
olunmuşdur.
Şamil Qurbanov,
filologiya elmləri doktoru,
professor
Natəvan talantlı, həssas, lirik şairə olub, Füzuli məktəbinin layiqli
davamçısıdır.
Səməd Vurğun,
Xalq şairi
Xurşidbanu Natəvan ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən, xalqın rifahı və
mənafeyi yolunda hər cür çətinliklərə dözən və bu yolda yorulmaq bilməyən
şairədir.
İlyas Əfəndiyev,
Xalq yazıçısı
Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən
gerçək, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri Xurşidbanu
Natəvan yaradıcılığının başlıca özəlliklərindəndir. Natəvanın əsərləri bədii
sənətkarlıq baxımından kamil şeir nümunələridir.
Zaman Əsgərli,
filologiya elmləri doktoru,
professor
Natəvanın təbiət gözəllikləri mövzusunda yazdığı şeirlər nikbin əhvali- ruhiyyə
oyatmaqla bərabər, təbiətdəki ülviyyəti duymağı, sevməyi tərbiyə edir və həyatın
mənasını aydınlaşdırmaqda oxucuya yardım göstərir.
Bəylər Məmmədov,
ədəbiyyatşünas
Füzuliyanə şeirlər yazmaqla fəxr edən Natəvan öz əsərlərində insani duyğuları,
həyat və məhəbbəti yanıqlı dil və gözəl üslubla realistcəsinə əks etdirmişdir.
Fikrət Seyidov,
pedoqoji elmlər doktoru,
professor
Hərgah Şuşanı bir taca bənzətmək mümkünsə, Natəvan onun ən parlaq daşlarından
biridir.
Məmməd Rahim,
Xalq şairi
XIX əsrin ikinci yarısında Qarabağın böyük Cavanşirlər nəslindən olan Xurşidbanu
Natəvan yaşayıb-yaradıb və həm insanlığı, həm düşüncələri, həm də özünəməxsus
dərdləri ilə xalqın yaddaşında əbədiləşib. İnsan qəlbinin zərif və mürəkkəb
hisslərini qəzəllərində dolğunluqla əks etdirən Natəvanı olduğu kimi təsdiq edə
bilməsək də keçən yüzilliklərdən gözəl Natəvanın səsi, nəfəsi duuyulur. O ən cox
sevilən, ən cox mübahisələrə səbəb olan, lakin həyat və yaradıcılığının
öyrənilməsi vacib sayılan sənətkarlardan biridir.
Cəmil Tağıyev
araşdırmaçı
Natəvan elə bir şəxsiyyət idi ki, onun heç bir digər fəailiyyəti olmasaydı belə,
xalqın yaddaşında yaşaması üçün zərif, kədərli poetik irsi kifayət idi. Və ya
şairliyi, poeziyası olmasa idi, gördüyü cox böyük xeyirxah əməllər onu
yaşadacaqdı.
Vasif Süleyman
şair
Çətin situasiyalarda ağıllı qərarlar vermək, vəziyyəti uğurla dəyərləndirmək,
yeri gələndə özündən “güclülər”lə mücadilə aparmaq, yaşadığı ağır həyat ona
dolğunluq və yetkinlik gətirib və adının Qarabağ tarixində bir şəxsiyyət kimi
əbədi qalmasına səbəb olub. Natəvan “Xan qızı” el anası statusu da qazandırıb və
ömrünün sonuna qədər hər ikisini böyük məsuliyyət və ləyaqətlə daşıyıb.
Aygün Bağırlı
Filologiya üzrə fəlsəfə doktoru
Xurşidbanu xalqın ehtiyacını nəzərə alaraq 1873 cü il avqustun 18-də böyük
məbləğ 20 min manat sərf edib meşə içərisində, sıldırım qayalardan axan suyu cox
çətin yerlərlə şəhərə gətirtmiş, Şuşada ceşmə tikdirib suyu xalqın istifadəsinə
vermişdi. Su gətirilən zaman bu işlə məşğul olanlar Xan qızına müraciət edərək
söyləmişlər ki, su gələn yollar dərə-təpə olduğundan suyun şəhərə gəlməsi böyük
məbləğ tələb edir, bu qədər pul sərf edilməsi sizə çox ağır başa gələr. Xan qızı
onlara cavabında: "Bu haqda düşünməyə dəyməz, əgər lazım olsa, çeşmədən şəhərə
kimi olan məsafə boyunca qızıl pul düzdürməyə hazıram" demişdi. Ağır xərc ilə
şəhərə gələn su şərəfinə Xan qızı böyük ziyafət təşkil etmişdi. Böyük bağ
qonaqlarla dolmuşdu.
Xurşidbanu Natəvan həmişə fəqirlərin, yoxsulların ehtiyacını ödəyirdi. Hər il
xeyli pul sərf edib öz bağında ehsan verirdi.
Xosrov Axundov
Pedaqoq, şair