E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa şəhərinin abadlığı və mədəni həyatının canlılığı üçün böyük zəhmət sərf etmiş, humanist təbiətinə və nəcibliyinə görə tanınıb fədakarlıq və mərhəmət mücəssəməsi kimi sevilmişdir. Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan söz ustalarındandır. İncəsənətin ayrı-ayrı növlərinə dərindən bələd olan sənətkar Şərq poetik ənənələrinə sədaqətlə yazıb yaratmış, mənəvi saflığa çağıran və insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və parlaq bədii boyalarla zəngin bir irs qoyub getmişdir. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir.

Xurşidbanu Natəvanın parlaq bədii istedada malik söz sənətkarı kimi ədəbiyyatımız tarixində özünəməxsus layiqli yeri vardır. Klassik ədəbi ənənələrimizi yaşadan, yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı və unikal şəxsiyyəti sayəsində Natəvan dövrün ədəbi mühitinin formalaşmasına mühüm təsir göstərərək xalqımızın mədəni irsinin zənginləşməsinə töhfələr vermiş, dolğun ictimai fəaliyyəti ilə tanınmışdır.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti


Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər. Xurşidbanu Natəvan da bu şairlərdəndir.

Firidun bəy Köçərli,

maarifçi, pedaqoq, metodist,

ədəbiyyatşünas, publisist


Xurşidbanu Natəvanın insana məhəbbət, həqiqətə inam və xeyirxah əməllərə ümid dolu poeziyası həmişə təzədir. Onun şeirləri öz mayasını, qaynaqlarını təbiətin munis gözəlliklərindən, baharın həyat qoxulayıcı nəfəsindən, torpağın ətrindən götürmüşdür.

Məsud Əlioğlu,

filologiya elmləri doktoru, yazıçı,


Xurşidbanu Natəvan ədəbiyyatımızın rövnəqlənməsində, təsir və nüfuz dairəsinin genişlənməsində muhum rol oynamış, mənəvi xəzinəmizin ətirli gül-çiçəyi hesab olunmuşdur.

Şamil Qurbanov,

filologiya elmləri doktoru,

professor


Natəvan talantlı, həssas, lirik şairə olub, Füzuli məktəbinin layiqli davamçısıdır.

Səməd Vurğun,

Xalq şairi


Xurşidbanu Natəvan ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən, xalqın rifahı və mənafeyi yolunda hər cür çətinliklərə dözən və bu yolda yorulmaq bilməyən şairədir.

İlyas Əfəndiyev,

Xalq yazıçısı


Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən gerçək, bəzən isə romantik, təsirli poetik vasitələrlə təsviri Xurşidbanu Natəvan yaradıcılığının başlıca özəlliklərindəndir. Natəvanın əsərləri bədii sənətkarlıq baxımından kamil şeir nümunələridir.

Zaman Əsgərli,

filologiya elmləri doktoru,

professor


Natəvanın təbiət gözəllikləri mövzusunda yazdığı şeirlər nikbin əhvali- ruhiyyə oyatmaqla bərabər, təbiətdəki ülviyyəti duymağı, sevməyi tərbiyə edir və həyatın mənasını aydınlaşdırmaqda oxucuya yardım göstərir.

Bəylər Məmmədov,

ədəbiyyatşünas


Füzuliyanə şeirlər yazmaqla fəxr edən Natəvan öz əsərlərində insani duyğuları, həyat və məhəbbəti yanıqlı dil və gözəl üslubla realistcəsinə əks etdirmişdir.

Fikrət Seyidov,

pedoqoji elmlər doktoru,

professor


Hərgah Şuşanı bir taca bənzətmək mümkünsə, Natəvan onun ən parlaq daşlarından biridir.

Məmməd Rahim,

Xalq şairi


XIX əsrin ikinci yarısında Qarabağın böyük Cavanşirlər nəslindən olan Xurşidbanu Natəvan yaşayıb-yaradıb və həm insanlığı, həm düşüncələri, həm də özünəməxsus dərdləri ilə xalqın yaddaşında əbədiləşib. İnsan qəlbinin zərif və mürəkkəb hisslərini qəzəllərində dolğunluqla əks etdirən Natəvanı olduğu kimi təsdiq edə bilməsək də keçən yüzilliklərdən gözəl Natəvanın səsi, nəfəsi duuyulur. O ən cox sevilən, ən cox mübahisələrə səbəb olan, lakin həyat və yaradıcılığının öyrənilməsi vacib sayılan sənətkarlardan biridir.

Cəmil Tağıyev

 araşdırmaçı


Natəvan elə bir şəxsiyyət idi ki, onun heç bir digər fəailiyyəti olmasaydı belə, xalqın yaddaşında yaşaması üçün zərif, kədərli poetik irsi kifayət idi. Və ya şairliyi, poeziyası olmasa idi, gördüyü cox böyük xeyirxah əməllər onu yaşadacaqdı.

Vasif Süleyman

şair


Çətin situasiyalarda ağıllı qərarlar vermək, vəziyyəti uğurla dəyərləndirmək, yeri gələndə özündən “güclülər”lə mücadilə aparmaq, yaşadığı ağır həyat ona dolğunluq və yetkinlik gətirib və adının Qarabağ tarixində bir şəxsiyyət kimi əbədi qalmasına səbəb olub. Natəvan “Xan qızı” el anası statusu da qazandırıb və ömrünün sonuna qədər hər ikisini böyük məsuliyyət və ləyaqətlə daşıyıb.

Aygün Bağırlı
Filologiya üzrə fəlsəfə doktoru


Xurşidbanu xalqın ehtiyacını nəzərə alaraq 1873 cü il avqustun 18-də böyük məbləğ 20 min manat sərf edib meşə içərisində, sıldırım qayalardan axan suyu cox çətin yerlərlə şəhərə gətirtmiş, Şuşada ceşmə tikdirib suyu xalqın istifadəsinə vermişdi. Su gətirilən zaman bu işlə məşğul olanlar Xan qızına müraciət edərək söyləmişlər ki, su gələn yollar dərə-təpə olduğundan suyun şəhərə gəlməsi böyük məbləğ tələb edir, bu qədər pul sərf edilməsi sizə çox ağır başa gələr. Xan qızı onlara cavabında: "Bu haqda düşünməyə dəyməz, əgər lazım olsa, çeşmədən şəhərə kimi olan məsafə boyunca qızıl pul düzdürməyə hazıram" demişdi. Ağır xərc ilə şəhərə gələn su şərəfinə Xan qızı böyük ziyafət təşkil etmişdi. Böyük bağ qonaqlarla dolmuşdu.
Xurşidbanu Natəvan həmişə fəqirlərin, yoxsulların ehtiyacını ödəyirdi. Hər il xeyli pul sərf edib öz bağında ehsan verirdi.

Xosrov Axundov

Pedaqoq, şair


<< Geri