XX əsrin
ikinci yarısında Azərbaycan təsviri incəsənətinin parlaq
nümayəndələrindən biri olan Oqtay Sadıqzadə görkəmli şairə Xurşidbanu
Natəvanın portretini 1983-cü ilə yaratmışdır. Rəssamın digər
portretlərində olduğu kimi burada da rəng qamması təsvir olunan insanın
emosional vəziyyəti ilə şərtlənir. Rəssam obrazının bədii mahiyyətini və
psixoloji vəziyyətini parlaq tünd rəng fonunda təsvirinə daha çox
üstünlük verir. Müəllif tünd rəng fonunda kolorit aksentlərinin
qabardılmasından kompozisiyanın dinamikliyini yüksəltmək vasitəsi kimi
istifadə edir.
Şairənin mavi gözləri, bir qədər soyuq və sakit siması onun geyiminin
mavi-gümüşü rənginə, rəngarəng qırçınlarına, çiyninə salınmış tirmə
şalın isti rənglərinə olduqca uyğundur. Rəssam burada müasir dövrün
ideallarına sadiq qalan poetik, romantik obraz yarada bilmişdirQeyd
etməliyik ki, şairənin bu portreti rəssam tərəfindən uydurulmamışdır.
Natəvanın XIX əsrdən qalma yeganə fotoşəkili zəmanəmizədək gəlib
çatmışdır. Oqtay Sadıqzadə Natəvanın ən xarakterik cizgilərini
götürərək, öz düşüncələrini, baxışlarını əlavə edərək yeni bir
kompozisiya yaratmışdır.