E L E K T R O N M Ə L U M A T B A Z A S I


XIX əsr Azərbaycanın görkəmli şairəsi, sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan xanım Cavanşir 6 avqust 1832-ci ildə Şuşada anadan olmuşdur.


 

- İlk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdular.

- Məktəb yaşına çatdıqda evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır.

- "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olmuşdur.

- Doğma dili ilə bərabər, ərəb və fars dili dillərini öyrənmiş, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir.

1850

-Vorontsovun şəxsi yavəri Xasay bəy Usmiyevlə ailə həyatı qurmuş, əvvəlcə Dağıstanda, sonra isə Tiflisdə yaşamışlar.

-Yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır.

1855

- Xurşidbanunun oğlu Mehdiqulu xan dünyaya gəlmişdir

1856

- Xurşidbanunun qızı Xanbikə xanım anadan olmuşdur.

1858

- Məşhur Fransız yazıçısı Aleksandr Düma ilə Bakı şəhərində görüşmüşdür..

1867

- Xan qızının Qarabağ cinsli “Əlyetməz” və “Meymunu” adlanan köhlənləri Parisdə keçirilən ümumdünya sərgisində birincilik qazanmış, qızıl medala və fəxri fərmana layiq görülmüşdü.

1869

- Rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir.
- Xan qızının Qarabağ cinsli “Əlyetməz” və “Meymunu” adlanan köhlənləri Moskvada keçirilən ümumdünya sərgisində birincilik qazanmış, qızıl medala və fəxri fərmana layiq görülmüşdü.

1870

- Şairə özünə "Natəvan" (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır.

1872

- Ədəbiyyat tariximizdə məşhur olan “Məclisi-üns” cəmiyyətini təşkil etmişdir.

1873

 ‒ Şuşa şəhər əhalisinin suya olan təlabatını ödəmək məqsədi ilə başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən Sarıbaba dağının ətəyindən götürən saxsı borularla su kəməri çəkdirmişdir (“Xan qızı bulağı”).

1878-1880

 ‒ Xan qızı tərəfindən Merdinli məhəlləsində bir gün kişilərə, bir gün qadınlara xidmət göstərən “Şirin su hamamı” tikdirmişdir (Layihənin memarı Kərbəlayi Səfixan Qarabaği)

1886

- 227 səhifədən ibarət “Gül dəftəri” adlı şeir və rəsmlərdən ibarət albomu tərtib etmişdir.

1887

- Yaşadığı binanın şimal səmtində məktəb binası tikdirmişdir.

1888

 - Tiflis şəhərinə köçdüyü ilə əlaqədar “Məclisi-ünsü”ü tərk etmişdir.

1889

 - Şuşaya yazdığı şəxsi xarakter daşıyan məktubu Respublika Əlyazmaları fondunda saxlanılır.

1897

- Oktyabrın 1-də vəfat etmiş, Ağdamın "İmarət" qəbiristanlığında dəfn olunmuşdur.

1928

- İlk mətbu əsəri “Natəvan (Xurşid Banu)” Hənəfi Zeynallının redaktəsi ilə “Azərnəşr”də ərəb qrafikasında nəşr edilmişdir.

1932

‒ 10 oktyabrda Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Xan qızı Natəvanın evində ilk uşaq musiqi məktəbi ‒ “Şuşa Musiqi məktəbi” fəaliyyətə başlamışdır;

1937

- Natəvanın şeirləri rus dilinə tərcümə edilərək Moskva, Leninqrad və Bakıda nəşr olunan jurnal və kitablarda hissə-hissə cıxmışdır.

1938

- “Şeirlər” adlı kitabı Məmməd Rahimin redaktəsi ilə “Azərnəşr”də köhnə latın qrafikasında nəşr edilmişdir.

1956

- “Şeirlər” adlı kitabı M. A. Sultanovun redaktəsi ilə “Azərnəşr”də çapdan çıxmışdır.

1981

- “33 qəzəl” adlı kitabı “Gənclik” nəşriyyatında nəşr olunmuşdur.

1982

‒ Azərbaycan KP MK-nin Birinci katibi Heydər Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün açılışı olmuşdur;

1984

- İlk akademik nəşri - “Əsərləri” “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır.

1985

‒ Xurşidbanu Natəvan adına Respublika uşaq (vərəm) sanatoriyası yaradılmışdır.

1987

‒ Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı fəaliyyətə başlamışdır.

1991

- Təbriz şəhərində “Seçilmiş əsərlər”i ərəb qrafikasında nəşr edilmişdir.

1993

‒ Üzeyir Hacıbəyov, Xan qızı Natəvan, Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir.

2004

- Bəylər Məmmədovun tərtib etdiyi və ön söz yazdığı “Əsərləri” “Lider” nəşriyyatında çapdan çıxmışdır.

2012

- 3 aprel Azərbaycan Prezidenti İlham Əliyev "Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında" Sərəncam imzalamışdır;
- Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Mustafa Çəmənlinin tərtib etdiyi “Neçin gəlməz” şeirlər kitabı “Təhsil” nəşriyyatında çapdan çıxmışdır.

2016

‒ Fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilmişdir. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyevdir.

2018

 ‒ Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində şairə Xurşidbanu Natəvanın poemaları əsasında səhnələşdirilmiş “Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir.

2019

‒ 7 may Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

2021

‒ 16 martda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Üzeyir Hacıbəyov, Xan qızı Natəvan, Bülbülün güllələnmiş heykəlləri Şuşaya gətirilmişdir;

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçiriblər;

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Xan qızı” bulağında olublar;

‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan “Xan qızı” bulağında olublar;

2022

Xurşidbanu Natəvanın 190 İlliyinin Qeyd Edilməsi Haqqında Azərbaycan Respublikasi Prezidenti Sərəncam imzalamışdır.


<< Geri