E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


Hazırda Pirşağıdakı Xocalı şəhər orta məktəbində müəllimə işləyən Səidə Cəfərova da o müdhiş gecənin canlı şahididir. Onun dediklərindən:

- Fevralın 25-də axşama doğru ermənilər Xocalını atəşə tutmağa başladılar. Adəti üzrə atışma düşəndə qadınlar, yaşlılar, uşaqlar zirzəmilərə doluşurdular. Həmin günün axşamı da atışma başlayanda üz tutduq zirzəmiyə. Amma bir az keçəndən sonra, - təxminən gecə saat 11 olardı, - dedilər ki, ermənilər sovet ordusunun bölmələri ilə birləşib şəhərə hücuma keçiblər, hər tərəfdən tanklarla bizi mühasirəyə alırlar. Məsləhət görüldü ki, qadınlar, qocalar körpələri də götürüb meşə ilə Ağdama tərəf getsinlər. Zirzəmidən çıxıb yanacaqdoldurma məntəqəsinin yanına gəldik. Vəziyyət o qədər gərgin idi ki, əynimizə palto, ayaqqabı geyməyə macal tapmamışdıq. Xocalı camaatının bir hissəsi yanacaqdoldurma məntəqəsinin yanına yığılmışdı. Ermənilərin hücumu getdikcə şiddətlənirdi, şəhəri topa tuturdular. Elə burdan meşə yolu ilə Ağdam tərəfə üz tutduq. Camaat dəstələrlə, necə gəldi, kor-koranə gedirdi. Tərslikdən həmin gün möhkəm şaxta idi. Ayağımda ayaqqabı olmadığından ayaq barmaqlarımın ucu sırsıra bağlamışdı. Əllərimi demək olar ki, hiss etmirdim. Səhərə yaxın birtəhər gəlib Xocalı ilə Ağdamın arasında yerləşən Qarakənd kəndinin yaxınlığına çatdıq. Elə burda ermənilər camaatımızın qarşısını kəsib, böyük əksəriyyətini qırdılar. Şumluq olan bu ərazidə daldalanmağa, güllədən gizlənməyə yer yox idi. Məcbur olub qarda sürünə-sürünə ərazini keçməyə başladıq. Amma hava işıqlandığı üçün ermənilər adamları görürdülər. Mənimlə bir yerdə olanların bir hissəsi həlak oldu, bir qismi isə yaralandı... Biz Xocalını nisbətən tez tərk etmişdik. Ona görə də alaqaranlıqda sağ qalanlar oldu. Amma elələri vardı ki, Xocalıdan bir qədər gec çıxmışdılar. Ermənilər onların əksəriyyətini əsir götürdülər. Əsir götürə bilmədiklərini isə öldürdülər. Mən də çiynimdən yaralandım. Al-qan içində idim. Sürünə-sürünə bir xeyli getdikdən sonra yolu tanıyanlar dedilər ki, artıq Ağdamın Şelli kəndinə çatmışıq. Ayağa qalxdıq. Bir az da gələndən sonra gördük ki, Şellidə çoxlu maşın dayanıb. Demə, ermənilərin Xocalıya hücum etdiyi, camaatı qırdığı barədə xəbər Ağdama çatıbmış. Sağ qalan xocalılıların hansı istiqamətdən gələ biləcəklərini təxmini bildikləri üçün Ağdam camaatı bura toplaşmışdı. Sağ olsunlar, bütün yaralıları öz maşınlarına mindirib Ağdam mərkəzi xəstəxanasına çatdırdılar. Səhər tezdən bütün həkimlər artıq işdə idilər. Bizi palatalara yerləşdirdilər. Kimisini əməliyyat etdilər, kimisini də təcili Bakıya yola saldılar. Gecə ikən ermənilər Ağdamı da atəşə tutdular. Mərmilərdən biri düz xəstəxanaya düşdü. Məni və bir neçə yaralını həkimlər öz maşınları ilə gətirib qatara mindirdilər. Ordan da bizi Bakıya yola saldılar. Bakıda 15 gün xəstəxanada müalicə aldıqdan sonra Pirşağıda yerləşdik.


Məhəmməd Orucov:

- Şəhərə hücum başlananda 16 yaşlı oğlum Xaqani evə girib məni, qızlarım Leylanı və Aybənizi, 2 yaşlı nəvələrim Fuadı və Muradı meşəyə qaçırdı. Əmimdən xəbərimiz yox idi. 2 gün meşədə qarın-çovğunun içində qalandan sonra ermənilər bizi tutub Pircamala apardılar. Hamımızı tövləyə saldılar. Tövlə əsirlərlə dolu idi. Əmimi də burada gördüm. Gözlərimiz qarşısında əmimi və oğlumu möhkəm döydülər.

Sonra faşistlər əsirlər arasında 10-13-15 yaşlı qızları seçib ayırdılar...Həyat yoldaşımı da bir neçə nəfərlə Əsgərana aparıb güllələdilər. Bundan sonra məni buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi isə əsir saxladılar.


XXI əsrdə əsir həyatı, bu həyatın çəkilməz ağrıları və bu ağrılarla həyatının 22 ilini artıq geridə qoyan İNSAN. 8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayeva:

Xocalı - arzuların doğulduğu və öldürüldüyü məkan

- Mən o zaman Xocalı Rabitə Qovşağında telefonçu işləyirdim. Bu işə 1989-cu ildə təyin olunmuşdum. Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə də heç kim yatmamışdı. Topun, tankın səsində qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha kəskinləşdi və şəhər gülləboran edilməyə başladı və insanlar pərən-pərən düşdü.

«Yeganə əlaqə telefon və ratsiya ilə mümkün idi»

Son günlər isə Bakı, Ağdam, Şuşa istiqamətində yeganə əlaqəmiz telefon və ratsiya ilə mümkün idi. Gündə bir neçə dəfə, elə olurdu ki, 10-15 dəfə Bakıdan, Ağdamdan, Şuşadan zəng edirdilər, xocalılara təskinlik verirdilər. Həmin gecə də, yəni fevralın 25-də də zəng edib camaata təskinlik verdilər, üstəlik, Əsgəran yolunun nəyin bahasına olur-olsun açılacağını dedilər. Amma görünən odur ki, bu, xocalılar üçün sonuncu sözlər oldu».

“Alovlar içində inildəyən Xocalı”

Dürdanə xanım bildirir ki, gecəyarı – daha da ağırlaşanda bir müddət evlərin zirzəmilərində gizlənməli olublar: - Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki, artıq düşmən Xocalı aeroportunu da işğal edib. Aeroport da xocalıların yeganə çıxış yolu idi. Çünki o zaman Xocalı mühasirəyə alınmışdı. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu başa düşdük. Ona görə də saxlandığımız yerdən çıxıb şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2 olardı. Hamı şəhəri tərk edirdi.

Qarlı, şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf getdik. Hər tərəfdə atışma getdiyindən və hər yerdə qaniçən ermənilərin olduğunu nəzərə alıb meşəyə girməli idik. Bunun üçün də buz kimi suyu olan çayı keçməli olduq. Bu zaman insanlarımız suda islandı, sərt şaxtanın altında donmalı oldular və bir çoxları buna görə də bir qədər irəlilədikdən sonra yollarına davam edə bilmədilər. Çayı keçdikdən sonra qarlı dağları aşıb Ağdama getmək istəyirdik. Dağın başına qalxanda çevrilib bir anlıq Xocalıya baxdım. Son dəfə baxırdım. Gördüm ki, Xocalım yanır. Sanki onunla bərabər arzularım, dünənim, bu günüm də yandı.

«Ana bətnində ikən güllələnən məsum fəryadı»

Qarlı, buzlu, sürüşkən cığırlarla, sıldırımlı, daş-kəsəkli dağ ətəyi ilə getməyə məcbur idik. Çünki çay boyunca hərəkət edə bilməzdik. Əsgəran yolu düşmən tərəfdən bağlanmışdı. Yeganə yol dağlardan keçirdi. Elə bilirdik ki, o tərəfdə düşmən görməyəcəyik. Lakin artıq düşmən ən orta mövqe tutaraq tələ qurmuşdu. Bizim getdiyimiz dəstə çox böyük idi. Onların arasında yaralılar da var idi. Amma havanın soyuqluğu və çayı keçərkən islanmağımız çoxlarını dondururdu, ayaqlarımızı hiss etmirdik, elə titrəyirdik ki, bir-birinə dəyən dişlərimizin səsi açıq-aydın eşidilirdi. Nə qədər ehtiyatla, sakitcə getsək də, qayalardan, uçurumlardan düşüb dünyasını dəyişənlər də olurdu. Hava işıqlaşmağa başlayanda biz Qara qaya adlanan yerə yenicə çatmışdıq. Bir də gördük ki, ermənilər bizə tərəf atəş açmağa başladılar. Camaat pərən-pərən düşdü, hərə vahimə içərisində bir tərəfə qaçmağa başladı. Biz də sürünə-sürünə ərazidən uzaqlaşmaq istədik. Bu zaman gördüm ki, yerdə açılmamış güllələr var, onları da çantama yığdım ki, əsgərlərə verərəm, lazımları olar. Həmin anda ayağımda istilik hiss etdim. Baxanda gördüm ki, məni də güllə ilə vurublar, yaralanmışam. Bir qədər süründükdən sonra huşumu itirdim. Ayılanda gördüm ki, camaatdan geri qalmışam. Bir qədər tez-tez hərəkət etməyə başladım. Bir qədər gedəndən sonra hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşımı da güllə ilə yaraladılar. Sonra başımızın üstünü kəsdirdilər və dedilər ki, sizi öldürməyəcəyik, bizə sağ lazımsız. Bizi əsir alıb Əsgərana gətirdilər. Burada erməni qadınlar bizi daşa basmağa başladı. Ətrafda çoxlu sayda silah, zirehli maşınlar, toplar, tanklar, BTR gördüm. Dəhşətə gəlmişdim, bu qədər silaha qarşı bizim əsgərlər cəmi 1 BTR və 1 BMP ilə durmuşdu. Bizi «pojarnı» deyilən binanın kameralarına saldılar. Bura gələndə gördüm ki, Xocalının demək olar ki, sakinlərinin böyük bir hissəsini əsir götürüblər. Bütün kameralar, dəhlizlər xocalılarla, tanıdığım insanlarla dolu idi. Sonra bizi ayırmağa başladılar, qadınları bir, kişiləri isə bir kameraya yığdılar. Təxminən 40 qadın qalmışdıq.

«Qocalara və qadınlara məhəl qoymadan vəhşicəsinə döyürdülər»

- Sonra başladılar qiymətli əşyaları yığmağa. Kimin üstündə qızılı, gümüşü var idisə, hamısını aldılar. Çiblərimizi, çantalarımızı yoxladılar. Nə var idisə, hamısını vedrəyə yığdılar. Mənim çantamdan isə güllələr çıxdı. Buna görə də onları üzümə çırpıb öldürməklə hədələdilər.

Axşam ermənilər gəlib uşaqlı qadınların hamısını apardılar. Sonradan dedilər ki, onları benzinin əvəzində dəyişiblər. Kamerada 6-7 qadın qalmışdı. Səhərə yaxın içəri girdilər bizi də aparmağa başladılar. Mən qapının arxasında gizləndim, içəri çox qaranlıq olduğundan məni görmədilər. Hamını aparandan sonra tək qaldım, hava tam işıqlaşandan sonra gördüm ki, palçığın içində oturmuşam.


Xocalı sakini, 33 yaşlı Musayev Ramil Səlim oğlu

Onda mənim 13 yaşım var idi. 7-ci sinifdə oxuyurdum

Bir hadisə də heç yadımdan çıxmır, biz meşədə olanda bir məhsəti qadının qucağında körpə bir uşaq vardı. Uşaq aclıqdan, susuzluqdan, soyuqdan hey ağlayırdı. Gözlərimin önündə uşaq səs salmasın deyə ana öz övladını sakitləşdirmək istədi. Bir xeyli keçəndən sonra səs gəlmədiyini görən ana körpəsini bağrına basdı. Körpə ölmüşdü. Bu ara ermənilər ananı da vurdular.

Ermənilər 12-13 nəfər əynində Milli Ordu paltarında olan kişiləri güllələdilər. Onların arasında X sinifdə oxuyan Xaqani adında bir oğlan da var idi. Sonra əlində tank əleyhinə qumbara tutmuş Telmanı da güllələdilər. Növbə mənə çatdı. Ayaqlarımı soyundurdular. özüm də güllə dəymiş sağ ayağımı, don vurmuş, qaralmış barmaqlarımı görəndə dəhşətə gəldim...

Hə, bu dözülməz vəziyyətə baxmayaraq bircə-bircə ayaq dırnaqlarımı kəlbətinlə çəkib-çıxartdılar. Bağırtım göylərə bülənd olmuşdu...


Mirəş Əliyeva:

- Biz meşədə qara bata-bata dolaşırdıq. Yolu keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa dura bilmədim. Haradasa meşədən, səngərdən tez-tez atəş açılırdı. Əlif məndən yapışıb yolun qırağına tullandı.

Meşədən açılan atəşlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun komandiri - A.A.) başını qaldırmadan yolun o biri tərəfində uzanmış qadınlara qışqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 nəfərədək qadın və uşaq yolu keçmişdi. Əlif avtomatın darağını dəyişməyə başlayanda ermənilər cavab atəşi açdılar. Güllələrdən biri düz Əlifin alnına dəydi.


Cəmil Məmmədov:

- Şəhərə girən tanklar və zirehli transportyorlar evləri dağıdır və adamları basıb keçirdilər. Rus əsgərlərinin arxasınca erməni yaraqlıları gedirdilər. 5 yaşlı nəvəmi və 14 min manat pulumu götürüb meşəyə tərəf qaçdım. Gecə uşağın donmaması üçün paltarımı çıxarıb onu bürüdüm. Lakin bu kömək etmirdi. Qarı qazıb uşaqla birlikdə onun içinə girməli olduq. Səhər uşağın buna tab gətirməyəcəyini başa düşüb yaxınlıqdakı Naxçıvanik erməni kəndinə yollandım. Orada bizi silahlı ermənilər qarşıladılar. Mən onlara yalvarıb-yaxardım ki, pulu götürsünlər və uşağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında məni döydülər, söydülər və kəndin komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə salsınlar. Pəyədə artıq azərbaycanlı qadınlar və uşaqlar var idi. Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su verdilər. 4 gün sonra məni nəvəmlə Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, Naxçıvanikdəki pəyəni cənnət sandım. Erməni muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə ermənidən seçirəm). Ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya tullanaraq ayaqları ilə üzümdən vururdular. Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir erməni ilə dəyişdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbərim yoxdur.

 


Cəmil Cümşüd oğlu Məmmədov:

- Ruslar tanklar və BTR-lərlə şəhərə daxil olaraq evlərimizi darmadağın etdilər. Arxalarınca isə ermənilər gəlirdi. Beş yaşında nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qalmışam. Körpə donmamaqdan ötrü paltarlarımı soyunub uşağa bükmüşdüm. Artıq taqətim qalmamışdı. Naxçıvanik kəndinə yollanıb ermənilərə yalvardım ki, nəvəmə rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil verdilər. O isə əmr verdi ki, bizi tövləyə salsınlar. Burada çoxlu qız-qadın, körpə vardı. Sonra bizi Əsgərana gətirdilər. Arvadım, qızım, yeznəm burada idilər. Boyeviklər dırnaqlarımı çıxartdılar. Zəncilər göyə atılıb üzümüzə təpik vururdular. Çox işgəncədən sonra məni ermənilərlə dəyişdirdilər. Nəvəm, arvadım, qızım və yeznəmdən heç bir xəbər yoxdu.


 Səriyyə Talıbova:

- Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumuzun başını erməni quldurunun qəbri üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarşısında uşaqlarına işgəncə verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər:


Camal Allahverdi oğlu Orucov:

- 16 yaşında oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən aldılar.


Xatirə Orucova:

- 8 yaşım var. Gözümün qabağında atamı, anamı və 6 yaşlı bacımı ermənilər güllələyib qətlə yetirdilər. Güllə mənə də dəyib.

10 yaşlı Ramil Həsənov:

- Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. Çoxlu qar yemişəm.


Sənan Abdullayev:

- Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam.


Qasımova Ayna:

- 12 gün meşədə qaldıq. İki oğlum və bacım da yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. Tez-tez qar da yeyirdik. 12 gündən sonra min bir zülmlə gəlib Ağdama çıxdıq. Ağdamda nə qədər çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra ayaqqabılarımızı bıçaqla kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər.


Talıbov Səməd:

- Fevralın 25-dən 26-na keçən gecə 120-130-a qədər adamla meşəyə qaçdıq. Bu müddətdə Kətik meşəsində qaldıq. Bir müddət meşədə qaldıqdan sonra Hray kəndinə tərəf getdik. Böyüklər aclığa. saxtaya dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. 3 gün ac-susuz qaldıq meşədə. 3-cü gün Naxçıvanik istiqamətinə gedəndə ermənilər bizi tutub mal tövləsinə saldılar. Bizdən başqa 50-60 adam da var idi. Bir az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə başladılar. Vuranda, döyəndə səsini çıxaran şəxsi həmin saat güllələyirdilər. Girovluqda gördüyüm dəhşətləri heç zaman unutmayacağam.


Salman Qasımov:

- Ermənilər Xocalıya girəndə hamımız qaçdıq meşəyə. Əvvəl 300-ə qədər adam idik. Gülablı tərəfə gedirdik. Orda ermənilər camaatın qabağını kəsdi. Atışmada Abdullam öldürdülər. Adamlar qaçıb dağılışdılar. 11 adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun üstünə saldım. Sonra mühasirədən çıxmaq üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin əhatəsində olduğumuzu hiss edirdik. Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüşdük. Keçdiyimiz yerlərdə çoxlu meyit var idi. Görüşdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə ən yaxın, doğma adam bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağışlayır mənə. Amma Gülalı kişinin o yazıq görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır dağdır.


Gülalı Mehralıyev:

- Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin içində qızımla məşəqqətlər çəkdik. Gecə meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam balam dözə bilmədi, keçindi. Gülalı kişi için-için ağlayır. Qurumuş bir halda qızımın meyitinin yanında oturdum. Bədbəxt qızıma baxıb göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardı. Səkkiz ay idi ki, toyu olmuşdu. Dişimnən, dırnağımnan yığıb qızıma cehiz almışdım, 12 min manatlıq mebel alıb toyunu etmişdim. İndi yazıq balam torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı qızımdan çətinliklə də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri gördüm. Qaçıb girdim bir körüyün içinə. Ermənilər xoşbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra minbir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın meyitindən nigaranam. Bircə meyiti gətirib basdırsaydım, rahatlanardım. Meyitin yeri yaxşı yadımdadır. Amma ora getmək mümkün olacaqmı?


Vüqar Qarayev:

- Gecə saat 11-də evdən çıxdıq. Gəldik meşəyə. Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, qışqırırdılar. Arvadlar uşaqların ağzına dəsmal tıxadılar ki, səsləri eşidilməsin. Sonra ermənilər mühasirəyə alıb çoxunu girov tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 kilometrə qədər onu mən apardım. Sonra qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə bil ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma mənim üçün daha heç bir fərqi yox idi. Onsuz da tam haldan düşmüşdüm. Xoşbəxtlikdən döyüşçülərimizin postuna gəlib çıxdım. Hümbətov Cəlil Hümbətəli oğlu-Ermənilər onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və gəlini Südabəni güllələmişlər.


Paşayeva Kübra Adil qızı:

-Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşaev Şura Tapdıq oğlu, oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.


Əhmədova Xəzəngül Təvəkkül qızı:

- Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşlər. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göycəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək yandırmışlar.


Kərimova Səidə Qurban qızı:

- “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızımı Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürdülər”


Nəcəfov Əli Ağami oğlu:

- “Ermənilər qaçan adamları mühasirəyə alaraq 30-40 nəfəri yerindəcə güllələdilər”.


Heydərov Camal Əbdülhüseyn oğlu:

- «Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyidi var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb ürəklərini parçalamış, əksər meyidləri isə tikə-tikə doğramışdılar».


Heydərov Şahin Zülfuqar oğlu:

- Naxçıvanik kəndi (Xocalı) yaxınlığında 80-ə yaxın meyid görüb. Meyidlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.


Əliyeva Zoya Əli qızı:

- 150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq ölmüşdür.


Salman Qasımov:

Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tutdular. Yaşlı bir qadını və cavan oğlanı yerindəcə güllələdilər. Sonra bizi Naxçıvanikə gətirib mal pəyəsinə saldılar. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz eşitdik. Bir müddət pəyədə saxladıqdan sonra bir yük maşınına mindirib bizi gətirdilər Xankəndinə. Orda bizi maşından düşürəndə bir erməni kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən Kürün o tayında verərlər çeşməyini!" Sonra bizi saldılar həbsxanaya. Həbsxanada hansı işgəncələri çəkmədik? On günə kimi dilimizə heç nə dəymədi. Çörək-su həsrətiynən gözümüzü tikirdik qapıya. Qapının nə vaxt açılacağını səbirsizliklə gözləyirdik. Amma qapını açıb içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar təpikləməyə, döyməyə, qol-qabırğamızı sındırmağa. Elə döyürdülər, elə hala salırdılar ki, yerdə döşəli qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə 70 qram çörək, hər üç adama bir stəkan su verdilər. Bir də görürdün gecə saat 2-də, 3-də ermənilər sərxoş halda gəlib içəri girir, pis söyüşlər söyüb, istədikləri işgəncəni verirdilər. Qaldığımız yer olduqca soyuq idi. Pəncərə soyuq olduğundan külək içəridə vıy-vıy vıyıldayırdı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da verməmişdilər. Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yanımızda Qaradağlıdan yazıq bir kişi vardı. Bizdən çox qabaq onu tutub bura salmışdılar. Yazığın susuzluqdan ciyəri yanırdı. Gecənin bir vaxtında halı lap pisləşdi. "Su, su" deyib inildəməyə başladı. Dözə bilmədim, gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi erməni qapının o tayından məni söyüb təhqir etdi və təkrar qapını döydükdə öldürəcəyini bildirdi. Yazıq kişi "su, su" deyə-deyə canını tapşırdı. Bir dəfə xaricdən - Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam gəlib vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə təəssüflə başlarını buladılar. Ermənilər isə bizə əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək. Əksinə ermənilərdən razılıq edək ki, guya bizə yaxşı baxırlar. Əgər belə deməsəydik, ermənilər bizə elə işgəncələr verərdi ki... Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyişdilər.


Mirzə Allahverdiyev:

- Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma "Finski" evlər yananda geri çəkildik. Fevralın 26-da onların çoxu Beşmərtəbə deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda. Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb tutdular bizi. Həmin saat əlayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada milis idarəsinin həbs otağında bizi saxlayırdılar. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə. İnildəyir, zarıyırdım ağrıdan. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə saat huşsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman vəhşi idi ermənilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə özünəməxsus xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət alırdı. Mənim iniltim, qışqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovluqda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı öldürüblər.


Niftalı İbad oğlu Nəbiyev:

- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə idik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik və hər yandan bizə atırdılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu paltarında olanlardan 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları güllələyiblər. Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata azca çiy buğda paylayırdılar. Üç gün sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırdılar ki, iyirminiz də əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "KamAZ"a doldurub gətirdilər Stepanakertin milis idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Mənim paltarımı yoxlayanda paltomun cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək. Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə başqa erməni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara, bizim torpaqda siz axı nə edirsiniz?" Başladılar bizi döyməyə. İki qızıl dişimi vurub sındırdılar. Hər gün bu vəziyyət təkrar olunurdu. Ermənilər gah ayıq başla, gah da sərxoş vəziyyətdə gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə də yeddi adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmışdı. Bütün günü yazıqlar qaşınır, dırnaqları ilə dərilərini qoparırdılar. Yanımızda Nəbiyev Əli adlı bir kişi vardı. Yazıq zarıya-zarıya öldü. Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr bir-birimizlə danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq. Döşəmə beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzinir, səs eşidən kimi içəri girib bizi əzişdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdılar. Yanımdakı yoldaşımın iyirmi min pulunu, qızılını almışdılar. Sonra minbir çətinliklə bizi dəyişdilər.


Əliyev Hüseyn Sarı oğlu:

- Yatmışdım, həyat yoldaşım məni silkələyib durquzdu və dedi ki, ermənilər kəndə doluşub, camaat qaçır. Dedim ki, sən də qaç, camaata qoşul. Qonşumuz Həsəngilə gəldim. Həsən bayırda idi. Kəndin Stepanakert tərəfindən asfaltı, evləri atəşə tutmuşdular. Həsənlə onların bostanından keçib, məktəbin həyətinə girdik. Ərik ağaclarının altında Həsən qolundan yaralandı. Onun o biri qoluna girib, məktəbin zirzəmisinə tərəf apardım. Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu. Əliyeva Şərqiyyəni, qızı Aliməni beş uşaqla, fermada işləyən Yusifi, arvadını, onların da beş uşağını bizimlə bərabər Stepanakertin 9 nömrəli məktəbinə gətirdilər. Sonra arvad-uşaqdan bizi ayırıb, avtovağzalın yanındakı şəhər milis şöbəsinin qazamatına gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum Aslanov, Əşrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov, Şafanın oğlu Vidadi, Qaradağ stansiyasından Əli, Fərraşlı Abbas da burda idilər. Həsənabadlı "Dovşan" Edikin oğlu bir dəstə erməni ilə gəlib bizi təpikləyir, qaldırıb yerə çırpırdılar. O deyirdi ki, xocalıların hamısını qıracağam, mənim qardaşımı siz öldürmürsünüz. Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün. Deyirdi ki, mənim başımı sabah kəsəcəklər. Mənə deyirlər ki, Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüşəm. Vidadi bir şüşə tapıb cibinə qoymuşdu ki, lazım gəlsə venasını kəsib özünü öldürsün. Həsənabadlı Setrakın olğu Jora gəlib Həsəni harasa apardı. Həsənin qolu hovlayıb şişmişdi. Sonra eşitdik ki, Həsəni buraxıblar. Üç gün keçmişdi ki, gəlib Vidadini apardılar. Dedilər ki, bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə kəsmək üçün qəbiristanlığa aparırıq. Vidadi şüşə də cibində getdi...


Ayağımdan güllə yarası almış 4 yaşlı Fuad Gülməmmədov:

- Ermənilər məni ayağımdan tapança ilə vurdular.


 

Xədicə Abdullayeva:

- Bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atam, anam və 16 yaşlı bacım şaxtaya tab gətirmədilər. Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz, döşəməsinə su doldurulmuş zirzəmidə saxladılar. Daşnak tör-töküntüsünə dəyişdirildim. İndi iki ayağımdan da məhrumam.


Mirzə Allahverdiyev:

Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 28-də axşam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli zərbələr endirirdi. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarında bizi dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım oğlunu öldürdülər.

Nəsibə Əliyeva:

- Meşədən çıxan kimi ermənilər atəş açdılar. 40 nəfər idik. 26 nəfəri, o cümlədən oğlumu və yoldaşımı öldürdülər. 8 yaşlı Yavərim isə güllə yarası aldı.


İlqar Əliyev

 -“Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə “silos” quyusuna töküb, üzərini torpaqladılar.” "...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."

“Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq”.


İ. Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:

“Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi”.


Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:

“Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər”. O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:

“Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər”.

“Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi”.

O. Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.


Cavid Əliyev

Xocalı Rabitə şöbəsinin müdiri olub. O, şəhəri sonuncu tərk edənlərdəndir. "Xocalılılar şəhəri tərk edəndən sonra, mən rabitəni söndürüb çıxmışam. Fevralın 25-də axşam Xocalı zirehli texnikalarla mühasirəyə alınmışdı. Ermənilər tanklar, BMP-lər və BTR-lərdən istifadə edirdi. Biz bunlarla bağlı Ağdama və Şuşaya məlumat vermişdik. Mənim işçilərim Gülşən də, rəhmətlik Gülbahar da məlumatları daim ötürürdü. Həmin gecə növbədə Gülbahar idi, o, anası və bacısı ilə birgə həmin gecə öldürüldü. Şəhərdəkilərin hamısı dinc əhali olduğundan qarışıqlıq düşdü, mən də atamı, anamı, bütün qohumlarımı itirdim"."Mən o gecə Şelli dağında anamı itirdim. O gecə mənim həyatımda ən ağır, ən faciəli gecədir, - deyə şəhərin digər qadın sakini qeyd edib.

Əli kişinin evi Xocalının ən ucqar yerində, Noraguğla üzbəüzdə yerləşib. Dediyinə görə, basqın birinci onların evinə olub və bütün məhəllədəki evlər yandırılıb. "Balaca qardaşımı evimizdə öldürdülər. Sonra ermənilər zirzəmilərdə gizlənmiş qadınları və uşaqları güllələdilər. Bizim məhlədə yaşayanların, demək olar ki, hamısı öldürüldü. Məhləmizdən iki-üç adam qalmışıq".


Xocalı sakini olan daha bir qadın hadisələr zamanı ailəsindən üç nəfərin güllələndiyini deyir. "Ermənilər ailə üzvlərim Əliyev Əyyub Sarı oğlunu, qayınatam Salahov Məhəmməd Əbdül oğlunu və gəlinim Salahova Zəhra Əliabbas qızını öldürdülər".


Şəhər sakini Tahir deyir ki, fevralın 25-dən 26-na keçən gecə "Kəsik" deyilən yerə qaçıblar. Onun sözlərinə görə, yolda anası yorulduğundan, mühasirəyə düşüblər: "6 sutka mühasirədə qaldıq, anam soyuqdan donub öldü. 6 sutkadan sonra Ağdamın Muğanlı kəndinə çatdıq. Qardaşım Tofiq hadisələrdən 12 gün sonra gəlib çıxdı. Soyuqdan hamımızın ayaqları donmuşdu".


Zülfiyyə xanım hadisələr zamanı bütün əzizlərini itirib. "Hamısı Xocalı hadisələri zamanı ermənilər tərəfindən qətlə yetirilib. O gecə həyat yoldaşımı, nəvəmi, gəlinimi, oğlumu, yeznəmi - hamını itirdim. Hər yan meyitlərlə dolu idi. Qaranlıqda zülmlə meyitləri ayaqlaya-ayaqlaya yol gəldik. Qaynım hələ də girovdur. Ağdama az qalmışdı, yenidən ermənilər qarşımızı kəsdi, hamını qırdı. Qarın üzərində insan meyitləri o qədər idi ki, elə bilirdin qara yaylıq sərilib".


Adını açıqlamaq istəməyən digər bir qadın əsir götürülüb. "O qırğında anamı, qardaşımı, həyat yoldaşımı, iki bacımı, qohum-əqrəbamı itirmişəm. İki körpə uşaqla ermənilər məni əsir götürərək, Əsgərana apardılar. Bizi döyürdülər, gözümün qarşısında neçə kişinin başını kəsdilər".


Xocalı sakini olan digər qadın faciə zamanı 28 nəfər yaxınlarının ermənilər tərəfindən öldürüldüyünü bildirib. "Şəhidlərimin 16 nəfəri - bacım, qardaşım, onların həyat yoldaşları və balalarıdır. 7 yaşlı nəvəmin nə günahı var idi, hələ birinci sinfə gedirdi, onu da qəddarcasına öldürdülər. Yeznəm, qudalarım, dayım qızları öldürüldü. Heç birinin məzarı da yoxdur ki, üstündə ağlayasan. Soyuqdan ayaqlarımız dondu. O gecə sanki təbiətin də acığı tutmuşdu. Duman, çiskin, soyuq idi. Qardaşım qızımın ayaqları dondu və əlil oldu, ayaqlarını kəsdilər", - deyə faciənin şahidi deyib


 Tərəvəz mağazasında işləmiş 33 yaşlı Nigar Əzizovanın "Helsinki Watch"-a (Human Rights Watch) söylədiyinə görə kütlə öldürülməyə başladığı zaman onlar geri çevrildi və müxtəlif istiqamətlər üzrə qaçmağa başladı.

Kütlə təxminən altmış metr uzunluğunda idi. Mən ortada idim və irəlidə olan insanların əksəriyyəti öldürülmüşdü. Naxçıvanikdə bu insanların irəlidən öldürüldüyünü gördük. Onlar qışqıraraq ölürdülər. Onları üzlərindən tanıyırdım. Onların üzərindən keçdikdə üzlərini görürdüm. Uşaqlar görməsin deyə onların gözlərini bağlayırdıq.


Sonradan əsir götürülən gənc azərbaycanlı qadın "Helsinki Watch"-a dediklərindən:

Ora şumlanmış sahə idi. Biz oraya yaxınlaşdıq və onların atəş açmağa başladığını gördük. Bu sahədə altmışa qədər ölmüş insan gördüm. Mənimlə birlikdə qaçanlar yıxılaraq ölürdülər.


Xocalı soyqırımı şahidi Həsən Allahyarovun dediklərindən:

Tank atmağa başlayan zaman biz bütün istiqamətlərdə qaçmağa başladıq. Mən səpələnmiş meyidlər gördüm və onların əhatəsində olan bütün insanların yıxıldığını gördüm.


Xocalı soyqırımı şahidi Hicran Ələkbərovanın dediklərindən:

Naxçıvanikə çatan zaman səhər saat 9:00 idi. Orada bir sahə və çoxlu ölmüş insan var idi. Onların sayı yüz olardı. Saymağa cəhd etmədim. Bu sahədə mən yaralanmışdım. Əlif Hacıyev yaralanmışdı və mən ona kömək etmək istədim. Güllə mənim qarnıma dəydi. Onların haradan atdığını görürdüm. Sahədə olan digər meyidlər də gördüm. Onlar yenicə öldürülmüşdülər – dərilərin rəngi hələ dəyişməmişdi.


Xocalı soyqırımı şahidi 50 yaşlı Baloğlan Allahyarovun dediklərindən:

Naxçıvanikə səhər saat 8:00-də çatdıq və onlar atəş açan zaman bir sahənin ortasında idik. Onlar yalnız bir istiqamətdən – meşədən – atəş açırdı. Sonra biz bu sahədən həyat yoldaşım və baldızımın öldürüldüyü dərəyə doğru qaçdıq. Onlar təxminən iyirmi metr məsafədən öldürülmüşdü. Baldızım üç yerdən vurulmuşdu – baş, qarın və ayaq nahiyəsindən. Həyat yoldaşıma arxadan atəş açılmışdı. [Ermənilər] onların üzüklərini götürmüşdülər.


Xocalı soyqırımı şahidi səhər saat 8:00-də Nazilə Əhmədova sol ayağından güllə yarası aldı:

Biz iməkləyirdik. Ayaq üstə duran hər kəs yaralanmışdı. Ayaqlarımı rahatlamaq üçün ayağa durdum və mən də yaralandım. Xeyli sayda insanın yaralandığını gördüm və iməkləyərək onlardan aralanmalı olduq. Yaralandıqdan sonra məni keçən bir çox insanı görmədim; onlar meşədə gizlənmişdilər. Axşam saat 7:00-yə kimi qarda qaldım. Xalq Cəbhəsinin üzvləri gəldi və mənə qaçmağa kömək etdi.


<< Geri