E L E K T R O N   M Ə L U M A T   B A Z A S I


1992-ci il fevralın birinci yarısınadək ermənilər Şuşa-Xocalı yolu və Şuşanın ətrafındakı yaşayış məntəqələrini ələ keçirdilər. Xocalı şəhəri tam mühasirəyə alındı, həmçinin hava nəqliyyatı vasitəsi ilə əlaqələr də kəsildi. Düşmənin zenit-raket kompleksləri və zenit artilleriyası vertolyotların Xocalıya uçuşlar etməsinə imkan vermirdi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri 366- cı motoatıcı alayla birlikdə hücuma keçərək Xocalı şəhərini və yaxınlıqda yerləşən aeroportu zəbt etdilər. Erməni silahlı dəstələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırım törətdilər. Xocalı Dağlıq Qarabağda yalnız azərbaycanlıların yaşadığı 57 yaşayış məntəqəsindən biri idi. Bu qəsəbə Ağdam-Şuşa və Xankəndi-Əsgəran yolu üzərində strateji əhəmiyyətli mövqeyə malik idi. Xocalının əhalisi 1991-ci ildə 7 min nəfər idi, burada Ermənistandan, Xankəndindən və Dağlıq Qarabağın digər yerlərindən qovulmuş Azərbaycan türkləri, həmçinin Özbəkistandan çıxarılmış məhsəti türkləri də məskulaşmışdılar. Ermənilər Xocalıya hücum zamanı “yandırılmış torpaq” taktikasını yeritdilər. Hücumdan əvvəl bir neçə saat ərzində qəsəbə toplar və zirehli texnikadan fasiləsiz atəşə tutuldu və xarabalığa çevrildi. Həmin dövrdə Ermənistanın prezidenti L.Ter-Petrosyan erməni ordusuna müraciətlə deyirdi: “Siz, ermənilər düşməni öldürərkən ürəyiyumşaqlıq göstətməməlisiniz. Dağlıq Qarabağda azərbaycanlı deyilənləri qırıb qurtarana və orada öz sivilizasiyamızı bərqərar edənə qədər sizin düşmənə yazığınız gəlməməlidir”. Sonralar əsir götürülmüş erməni əsgərlərinin dedikləri bu vəhşi xəttin həyata keçirildiyini təsdiq edir. Mixail Qazaryan (Hadrut rayonunun sakini) bildirirdi ki, “Əlbəttə, mən müharibəyə getdiyimi başa düşürdüm, ancaq uşaqlara atəş açacağımı və hətta öldürəcəyimi ağlıma da gətirməzdim”. Aşot Barxudaryan (Mehri rayonunun sakini) isə göstərirdi ki, “adamlar qışqırır, ağlayırdılar, bizim yaralıları çıxarırdılar, azərbaycanlılar isə yolun ortasında qalmışdılar, tanklar, zirehli texnika, yük maşınları onların üzərindən keçib gedirdilər”. Rantik Mirzoyan (İrəvan şəhərinin sakini) isə belə xatırlayırdı: “Və burada mən bizimkilərin törətdikləri vəhşilikləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Meyidlərin iyi hər yanı bürümüşdü. Hər yerdə meyidlər tökülüb qalmışdı”. Ermənistanın indiki prezidenti Serj Sarkisyan isə ermənilərin həqiqi simasını açaraq xarici jurnalistlə müsahibəsində bildirirdi: “Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq. Məhz bu baş verdi”. Xocalının sağ qalmış sakinləri isə hadisələri xatırlamaqdan da dəhşətə gəlirlər. Sənubər Ələkbərova danışır ki, “meyidlərdən böyük bir dağ əmələ gəlmişdi, anamı güllələdilər, qızlarım Sevinc və Hicranı yaraladılar, güllə mənə də dəydi, gənc qadınlar və uşaqlar qarın üstündə ölürdülər”. Cəmil Məmmədov belə xatırlayır ki, “mən 5 yaşlı nəvəmi və 14 min manat pulu götürərək meşəyə tərəf qaçdım, səhər başa düşdüm ki, uşaq soyuğa dözməyəcək, ona görə yaxınlıqdakı Naxçivanik kəndinə getdim, orada ermənilər bizi əsir götürdülər, orada mənim dırnaqlarımı çıxardılar, təpiklə sifətimə zərbələr endirdilər, nəvəmi əlimdən aldılar, bu günə qədər onun taleyi haqda heç bir məlumatım yoxdur”. Səriyyə Talıbova isə daha dəhşətli hadisələrin şahidi olmuşdu: “Bizi erməni qəbirstanlığına gətirdilər.... Burada erməni döyüşçünün qəbri üstündə 4 məshəti türkünü və 3 azərbaycanlını qurban kəsdilər... Sonra valideynlərin gözləri qarşısında uşaqlarına işgəncə verdilər və öldürdülər...Az sonra milli ordunun formasında 2 azərbaycanlını gətirdilər, ucu iti dəmirlə onların gözlərini çıxardılar”. On bir yaşlı Ramil Həsənov xatırlayır ki, “dostlarım Elçin və Elgizin meşədə necə öldüklərini yadımdan çıxara bilmirəm, onların ayaqları donmuşdu, bizimlə qaça bilmirdilər, lal-dinməz qarın üstündə uzanmışdılar və yavaş-yavaş gözlərini yumurdular”.

Xocalı soyqırımı dünyanın heç bir faciəsi ilə müqayisə oluna bilməz. Bu faciəni törətmiş millətə isə dünya birliyində yer yoxdur. Dünya bunu nə vaxtsa başa düşəcək və qərarını verəcəkdir. Rəsmi statistikaya görə, Xocalı soyqırımı zamanı 613 dinc əhali, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Xocalıda 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 1000 nəfərdən artıq adam, o cümlədən 76 uşaq aldıqları yaralardan əlil olmuşlar, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 1275 nəfər girov götürülmüşdür. Qətlə yetirilənlərin cəsədlərinin əksəriyyətini şəhərdən çıxartmağa ermənilər imkan verməmiş, ona görə də yalnız 335 nəfərin meyidini dəfn etmək mümkün olmuşdur. Bu günə qədər 150 nəfər Xocalı sakininin taleyi ilə bağlı heç bir məlumat yoxdur. Onlar hələ də erməni girovluğunda saxlanılırlar. Xocalı üzərinə hücuma mayor Seyran Ohanyan (hazırda o, Ermənistanın Müdafiə naziridir), Yevgeni Nabokixin, Valeri Çitçyan və erməni əsilli 50-dən artıq zabit və praporşik rəhbərlik etmişlər. Həmin dövrdə Xocalıdan Ağdama gətirilmiş 181 meyid (130 kişi, 51 qadın, onlardan 13 uşaq) məhkəmə-tibbi ekspertizadan keçirilmişdir. Nəticədə müəyyən edilmişdir ki, 151 nəfər güllə, 20 nəfər qəlpə, 10 nəfər küt alətlərlə öldürülmüşdür, meyidlərin əksəriyyətinin baş dəriləri soyulmuşdur, burunları, qulaqları və digər orqanları kəsilmişdir.

Ermənilər Xocalı üzərinə hərbi əməliiyat keçirmək məqsədilə hücum etməmişdilər. Onların məqsədi dinc əhaliyə divan tutmaqdan ibarət idi. Onlar yaxşı bilirdilər ki, Xocalıda ciddi hərbi qüvvə yoxdur. Şəhərin az saylı müdafiəçiləri XTM dəstəsinin bir bölüyü, yerli özünümüdafiə taburu və minomyot batareyasından ibarət idi. Əlif Hacıyevin rəhbərlik etdiyi bu qüvvələr axıra qədər müqavimət göstərdilər, lakin düşmənin dəfələrlə üstün qüvvəsi və texnikasının qarşısını ala bilmədilər. Şəhərin müdafiəçilərinin, demək olar ki, hamısı qəhrəmanlıqla həlak oldular.

Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımın bütün obyektiv cəhətlərinə Xocalıda rast gəlmək mümkündür.

Soyqırım hər hansı bir milli, etnik, irqi və ya dini qrupun tam və qismən məhv edilməsi məqsədilə hərəkətlərdə ifadə olunan və aşağıdakı yollarla həyata keçirilən beynəlxalq cinayətdir:

Bu qrupların üzvlərinin öldürülməsi;

Onların sağlamlığına ağır zərər yetirilməsi;

Uşaqların doğulmasına zorakı əngəllər yaradılması;

Bir qrupa mənsub olan uşaqların zorla başqa qrupa keçirilməsi;

Zorla köçürmə;

Qrupun məhv edilməsinə yönələn şəraitin yaradılması.

Soyqırım cinayəti ilk dəfə olaraq 1948-ci il 9 dekabr BMT Baş Assambleyasının 260 A (III) saylı qətnaməsi ilə beynəlxalq hüquqi status almışdır.

Bunula yanaşı Xocalı hadisələrinə soyqırım kimi qiymət verməyə istinad ediləcək bir çox beynəlxalq hüquq normaları və müqavilələr mövcuddur:

Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (burada soyqırımı təşkil edən hərəkətlər bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).

Beynəlxalq Cinayət TribunalınınYuqoslaviya üzrə Nizamnaməsinin 4-cü maddəsi.

Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsinin 1-ci maddəsi.

Beynəlxalq Cinayət Məhkəməsinin statusunun 6-cı maddəsi.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 103-cü maddəsi.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı.

Bütün bunları nəzərə alaraq “Soyqırım” hüquqi norması cinayət kimi beynəlxalq hüquqa əsasən aşağıdakı hüquqi nəticələri doğurur:

Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.

Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırım törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.

Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.

Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.

Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə
görə məsuliyyət daşıyırlar.

Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.

Soyqırım cinayətinə münasibətdə qanunun retroatik tətbiqinə yol verilir.

Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidir.

Beləliklə Xocalıda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur.

Bunları nəzərə alaraq bütün dəlilləri Azərbaycan dövləti Beynəlxalq Məhkəməyə təqdim etməlidir.

Beynəlxalq məhkəmə isə öz növbəsində:

Xocalı qətliamını soyqırım kimi tanımalı.

Gətirilən bütün sübutlu faktlar nəticəsində xüsusi qətnamə əsasında bu işlə məşğul olan tribunal yaratmalıdır ki, soyqırım törədən şəxsləri layiqincə cəzalandırsın. Bu mümkün olmazsa Beynəlxalq Tribunal və milli məhkəmə tərəfindən paralel yurisdiksiya qaydalarına uyğun olaraq soyqırımda təqsirli bilinənləri mühakimə etməlidir.

Tarixin bu səhifəsində beynəlxalq hüququn ümumtanınmış normaları ilə qorunan İnsan hüquq və azadlıqları kobudcasına pozulmuşdur. Ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər birbaşa olaraq beynəlxalq hüquqa ziddir.

Xocalıda baş verən hadisələrdə azərbaycanlırın təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır.Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948-ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur.

Bu hüquqları özündə cəmləşdirən normativ aktların maddələrində göstərilən hüquqlar Xocalı soyqırımında ermənilər tərəfindən tapdanmışdır. 1948-ci il 10 dekabrda elan olunan BMT-nin Baş Məclisinin İnsan hüquqlarının Ümumi Bəyannaməsinin aşağıdakı maddələri pozulmuşdur:

maddə 2: Hər bir şəxs dilindən, dinindən, milliyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdir.

maddə 3: Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var.

maddə 5: İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.

maddə 9:Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.

maddə 17: Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsi qadağandır.

İnsan hüquqlarının Ümumi Bəyannaməsi ilə yanaşı BMT Baş Məclisinin 2200A(XXI) saylı 16 dekabr 1966 -ci il tarixli qətnaməsi ilə qəbul edilən və 1976 -ci il 23 martda qüvvəyə minən BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın da insan hüquqlarını qoruyan maddələri pozulmuşdur:

maddə 6: Yaşamaq hüququ hər bir insanın ayrılmaz hüququdur. Bu hüquq qanunla qorunur . Heç kəs özbaşına həyatdan məhrum edilə bilməz.

maddə 7: Heç kəs qəddar, insanlıqdan kənar işgəncələrə, yaxud onun ləyaqətini alçaldan davranışa, yaxud cəzaya məruz qalmamalıdır. O cümlədən, heç bir şəxs üzərində onun azad razılığı olmadan tibbi yaxud elmi təcrübə aparıla bilməz.

maddə 8 : Heç kəs köləlikdə saxlana bilməz. Köləlik və qul etmənin bütün növləri qadağandır.

maddə 9: Hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq prosedurlara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.

Xocalıda ölən insanların, əlil olanların, əsir götürülüb işgəncə verilənlərin hüquqları pozulmayıbmı?

Bəli kobudcasına pozulub, 1992-ci il 26 fevral tarixində Xocalıda yaşayan Azərbaycan əhalisi ermənilər tərəfindən bu hüquqlardan məhrum edilmiş və ölüm və zorakılığa məruz qalmışlar. Bütün bu faktları nəzərə alaraq Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qorumaq məqsədilə BMT İnsan hüquqları Komitəsinə müraciət etməlidir.

Bütün bunlarla yanaşı Xocalıda baş verən soyqırım aktında "İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında " Avropa Konvensiyasının da maddələri pozulnmuşdur:

maddə 2: Hər bir insanın həyat huququ qanunla mühafizə olunur.Cəzalandırılması qanunla nəzərdə tutulmuş cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç kəs qəsdən həyatdan məhrum edilə bilməz.

maddə 3: Heç kəs işgəncələrə, qeyri-insani rəftara və ya ləyaqətini alçaldan cəzaya məruz qalmamalıdır.

maddə 4: Heç kəs köləlikdə və ya məcburi vəziyyətdə saxlanılmamalıdır.

maddə 5: Hər bir insan azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdir.

maddə 8: Hər bir insan, onun şəxsi və ailə həyatına hörmət edilməsi, mənzil toxunulmazlığı və yazışma sirri hüququna malikdir.

Xocalıda 613 nəfərin ölümü, 1000-dən çox adamın yaralanıb əlil olması, 1500-ə yaxın insanın əsir alınıb işgəncə verilməsi faktları bir mənalı şəkildə konvensiyanın sözü gedən maddələrinə ziddir. Bunu nəzərə alaraq Azərbaycan dövləti İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etməli və bu hüquqları pozan ermənilərin cəzalanmasını tələb etməlidir.

Bugün bizim başımıza gələn bu faciə sabah istənilən bir xalqın başına gələ bilər. Çünki Ermənistan hələ də mövcuddur və öz terrorçuluq ideyalarını yaymaqla məşğuldur. Xristian dövlətləri erməni terrorunun törətdiyi dəhşətləri və bu terrorun qurbanlarını unudub QONDARMA “Erməni Soyqırımını” yavaş-yavaş tanımağa başladılar. Bəşəriyyət erməninin TERRORÇU oldugunu unutmamalıdır.

Tarix heç nəyi unutmur.


<< Geri