Gəmi-bərə Xorvatiyanın Ulyanik tərsanəsində tikilib. Ən müasir naviqasiya sisteminə malik, uzunluğu
154,5 metr, eni 17,5 metr olan gəmi-bərə dəmiryol vaqonlarının daşınması üçün nəzərdə tutulub. Tam yükgötürmə qabiliyyəti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 dəmiryol vaqonu yükləmək mümkündür. Bu, Xəzər Dəniz Gəmiçiliyində sayca 8-ci gəmi-bərədir və özündən əvvəlkilərdən yükgötürmə qabiliyyətinin çox olmasına görə fərqlənir. Əvvəlki gəmi-bərənin hər biri cəmi 28 vaqon götürə bilir.
Vaqonların yerləşdirilməsi üçün ən müasir metodlar tətbiq edilir. Burada uzaq məsafələrə daşınan vaqonların daha sıx dayanması üçün xüsusi qurğulardan və liftlərdən istifadə olunur.
«Akademik Zərifə Əliyeva» gəmi-bərəsi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində istifadə olunacaq. Onunla Aktau və Türkmənbaşı limanlarına yük vaqonları daşınacaq və bu, Xəzər dənizində yükdaşımaların intensivliyinə təsir göstərəcək.