E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Bərdə şəhərində orta məktəb


2004-cü il sentyabrın 11-də Bərdə şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan orta məktəbin təntənəli açılış mərasimi olmuşdur.

Yeni istifadəyə verilən məktəb binasının önündə akademik Zərifə Əliyevanın heykəli ucaldılmışdır. Heykəlin müəllifi Azərbaycanın xalq rəssamı akademik Ömər Eldarovdur.

Akademik Zərifə Əliyeva adına Bərdə şəhər orta məktəbinin təməli bu ilin yanvarında qoyulmuş və tikinti səkkiz ay ərzində başa çatdırılmışdır. 1000 şagird üçün nəzərdə tutulmuş məktəb binasının sahəsi 5200 kvadratmetr, ərazisi 1,8 hektardır. Burada 32 sinif otağı, 576 kvadratmetrlik idman salonu vardır. Gözəl memarlıq üslubuna malik dördmərtəbəli məktəbin zirzəmi hissəsində laboratoriyalar, əmək təlimi və digər müvafiq otaqlar yerləşir. Kompüter, linqafon kabinetləri, kabinet tipli fənn otaqları müasir avadanlıqla və əyani vasitələrlə təmin olunmuşdur. Tikinti müddətində hər gün obyektdə 150-200 adam çalışmış, onların orta aylıq əmək haqqı 450-500 min manat təşkil etmişdir. Məktəbdə 45 yeni iş yeri açılmışdır. Müəllim və şagird kollektivi şəhər məktəblərinin hesabına formalaşdırılmışdır.


 

<< Geri