E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR ZƏRİFƏ ƏLİYEVA HAQQINDA


ZƏRİFƏ XANIM MƏNƏ XOŞBƏXTLİK BƏXŞ ETMİŞDİ

... Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.

Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür...

... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, mən bu qəmdən ayrıla bilmirəm.

HEYDƏR ƏLİYEV

Ümumilli lider

28.04.1995


Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.
 

***

Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti


Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. O özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım belə analardan idi.

***

Z.Ə.Əliyeva özünü tibbi tədqiqatların istedadlı təşkilatçısı, sənaye oftalmologiyası sahəsində görmə orqanının peşə patologiyası məsələləri üzrə böyük mütəxəssiz, dərin klinik təfəkkürə və zəngin pedaqoji təcrübəyə malik alim kimi göstərmişdir. O, ölkədə ilk dəfə olaraq sənaye istehsalının müxtəlif sahələrində göz xəstəliklərinin profilaktikasına dair geniş tədqiqatlar aparmışdır.

S.P.BURENKOV,

SSRİ səhiyyə naziri


Zərifə xanımı tanıyanlar onu sevməyə bilmirdilər. Qadın zərifliyi, ipək kimi yumşaq xasiyyət, xeyirxahlıq, ailəsinə, dostlarına böyük məhəbbət və səadət hissləri onun şəxsiyyətində müstəsna zəhmətsevərlik, qarşıya qoyulmuş məqsədə çatmaq üçün inadkarlıq, tibb elminə təmənnasız xidmət borcu ilə üzvi surətdə qaynayıb-qovuşmuşdu.

A. P. NESTEROV

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü,

Piroqov adına II Moskva Tibb İnstitutunun göz

Xəstəlikləri kafedrasının müdiri, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı


Zərifə xanım, hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi: o, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi tədqiqatlara çox vaxt sərf edirdi, o, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə Əziz qızı həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdır.

V. V. ŞMELYEVA,

Mərkəzi Həkimlər Təkmilləşdirmə İnstitutu

oftalmologiya kafedrasının professoru,

akademik Filatov adına mükafatın laureatı


Onun bir alim, pedaqoq, həkim kimi istedadı öz çoxcəhətliyi və dərinləyi ilə insanı heyrətə gətirirdi. Zərifə xanım canlı zəkası, orijinal mühakimələri və parlaq mətbu çıxışları ilə seçilirdi.

O özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması ilə hamının hörmətini qazanmışdı. Zərifə xanımla ünsiyyət saxlamaq səadətinə nəsib olmuş hər bir şəxs onun bu insani keyfiyyətlərini öz üzərində hiss etmişdir.

N.B. ŞULPİNA,

Mərkəzi Həkimləri Təkmilləşdirmə

İnstitutunun kafedra müdiri, professor


Zərifə Əziz qızı ən qiymətli insani keyfiyyətlərə malik idi. Onlardan ən əsası insanlara xeyirxahlıqla bağlıdır.

N. A. PUÇKOVSKAYA,

Ukrayna Oftalmoloqlar Elmi Cəmiyyətinin sədri,

Tibb Elmləri Akademiyasının həqiqi üzvü


Zərifə Əziz qızı təkcə görkəmli alim, istedadlı pedaqoq və tərbiyəçi, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə idi, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi.

O. P. DOBROMISLOVA,

Professor


Zərifə xanımın adı, şöhrəti
Yaddan çıxan deyil, əbədilikdir.
Alim müdrikliyi, həkim şəfqəti
ölçüyə gəlməz.

Səfərə çıxdımı alim dedilər,
Hamı söhbət açdı səadətindən.

Evinə döndümü – bir qadın-ana
Hamıya pay düşdü
Ana əllərinin hərarətindən!

Əl tutdu bir kimsə düşəndə dara,
Yaxşılıq etsə də gətirməz dilə.
O yandı, alışdı bir ulduz kimi,
Sönməyib işığı, yol gəlir hələ.

N.B.ŞULPİNA,

professor, Mərkəzi Həkimləri Təkmilləşdirmə

İnstitutunun kafedra müdiri, əməkdar elm xadimi


“Sənsiz günəşsiz qaldı günlər...” Bu sözlər o böyük qadının – Zərifə xanım Əliyevanın həyat amalının mahiyyətini və onun əziz xatirəsindən bizlərə qalan nisgili kifayət qədər ifadə edir. O özü qədər xeyir dünyasının günəşi idi. Elə bil o, insan dünyasının hüdudsuzluğunu sübut etmək üçün doğulmuşdu. Bu günəşin cazibə dairəsinə düşən bütün böyük və kiçik planetləri sanki Zərifə xanıma xas olan daxili bir qüvvə hərəkətə gətirdi. Bu günəş sistemində tükənməz enerji və işıq mənbəyi o özü idi.

F. ABDULLAZADƏ,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət
məsələləri şöbəsinin müdiri


Onun insanlara məhəbbəti qeyri-adi hüdudsuz idi. Bu, bəlkə də ilahi bir vergi, fitri istedad idi.

P.Ə.ƏZİZBƏYOVA,

professor, Azərbaycan Elmlər Akademiyasının

həqiqi üzvü, Azərbaycan Tarix Muzeyinin direktoru


Ötən əsrin bizim əsrlə qovşağında ixtisasca həkim olan, böyük yazıçı və böyük humanist A.P.Çexov tibb işçisinə xas olan peşəkar xüsusiyyətlərdən danışarkən demişdi: "Hərəkətvericilər də günəş kimidir. Onlar cəmiyyətin ən poetik və həyatsevər ünsürləri kimi bizi ilhamlandırır, rahatlayır və şəfqətləndirir".Mən elə bilirəm ki, bu sözlər insanların həyat yoluna nur saçan, parlaq, həqiqətən də hərəkətverici bir ömür yaşamış Zərifə Əziz qızı Əliyeva haqqında deyilib.

M. C. CAVADZADƏ,

professor, Azərbaycan EA-nın həqiqi üzvü,

Ə. Əliyev adına Azərbaycan Hakimləri

Təkmilləşdirmə İnstitutunun rektoru


Zərifə xanım işgüzarlığı, xeyirxahlığı, qayğıkeşliyi, nəcibliyi, istiqanlılığı və qeyri-adi nikbinliyi ilə min adamın içində seçilirdi. Çexovun təbirincə desək, bu adamda hər şey gözəl idi - "həm zahiri, həm batini." O, əsl dost idi və yalnız şad günümüzdə deyil, həm da qəmli anlarımızda Zərifə xanım bizim hamımıza öz kömək əlini uzadırdı. O, nadir adamlara məxsus olan natiqlik qabiliyyətinə və söz duyğusuna malik idi.

N.M.ƏFƏNDİYEV,

professor, Azərbaycan Elmi-Tədqiqat

Oftalmologiya İnstitutunun rektoru


Biz onu sevir, onunla fəxr edirdik. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın oftalmoloqumuz idi. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Bununla bərabər Zərifə xanım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Bütün ömrü boyu, həyat tərzinə görə də, bütün siması ilə də, məqalə və çıxışlarında da meşşanlığa və mənəviyyatsızlığa, əxlaqi idealların itirilməsinə qarşı barışmaz mübarizə aparmışdı. Kristal dərəcədə təmiz, doğruçul və təmənnasız bir insan kimi o, yüksək insani keyfiyyətlərin carçısı idi. Deontologiya, həkim etikası və əxlaqı barədə respublikamızda ilk çıxış edən də o olmuşdu. Oftalmoloqların Daşkənddə keçirilmiş beşinci qurultayında Zərifə Əliyeva Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin sədri seçilmişdi. “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü kimi də o, həmişə müasir oftalmologiyanı inkişafa aparan elmi və ictimai hərəkatın mərkəzində dayanmışdı.

Z.T.QULİYEVA,

professor, N.Nərimanov adına Tibb İnstitutunun

göz xəstəlikləri kafedrasının müdiri


O, mənim üçün yüksək mədəniyyət, ziyalılıq, düzlük, öz işinə sadiqlik, bütün bilik və bacarığını xalqına xidmət işinə yönəldən böyük bir İnsan obrazıdır. Bu obraz mənim yaddaşımda, qəlbimdə ölənədək yaşayacaq.

Q.M.NƏSRULLAYEVA,

professor, Azərbaycan Elmi-Tədqiqat

Oftalmologiya İnstitutunun şöbə müdiri


Biz Zərifə xanımın müasir oftalmologiyaya bir alim kimi verdiyi böyük töhfələrlə yanaşı, onun humanist həkim kimi vəsiyyətlərini də yaddan çıxarmamalıyıq.

Q.Ə.ADIGÖZƏLOVA-POLÇAYEVA,

professor, Göz Xəstəlikləri Elmi Tədqiqat

İnstitutu direktorunun müavini


Onun yaradıcılıq qüvvəsi aşıb-daşırdı, yeni fikir və ideyalarını həyata keçirmək əzmində idi, əməkdaşlarının elmi, pedaqoji və təcrübi işlərinə, o cümlədən bir neçə dissertasiyaya qayğıkeşliklə, canıyananlıqla rəhbərlik edirdi.

M.Y.SULTANOV,

professor, Ə.Əliyev adına Azərbaycan

Həkimləri Təkmilləşdirmə İnstitutu

göz xəstəlikləri kafedrasının müdiri


Onu yüksək vətəndaşlıq və peşəkar prinsipiallıq səciyyələndirirdi. İstər söhbətlərində, istərsə də məqalələrində – həmişə həkim və oftalmoloq düşüncəsinin təmizliyindən danışır, təəssübkeşliklə bu yolu müdafiə edirdi. O dönə-dönə bildirirdi ki, elmi-texniki tərəqqi dövründə həkimlərin mənəvi-əxlaqi keyfiyyətləri nəinki aşağı düşməməli, əksinə, daha da artmalıdır. Hər cür mənəviyyatsızlıq, ruhi eybəcərlik ona yabançı idi, belə hallar Zərifə xanımın gözünün düşməni idi.

B.İ.VAYNŞTEYN,

tibb elmləri doktoru, tibb xidməti polkovniki


Zərifə xanım akademik, elmlər doktoru, müxtəlif mükafatlar laureatı kimi yüksək mövqelərə malik olmasına baxmayaraq, çox sadə və səmimi insan idi. Həmişə hamıya kömək etməyə çalışırdı.

AZAD ŞƏRİF,

Azərinformun sədri


Yüksək dünyagörüşlü mütəxəssis, dərin tədqiqatçı, maraqlı insan, ağıllı müsahib kimi, incə yumoru və hədsiz ziyalılığı ilə həkk olunub yaddaşıma Zərifə xanım. Onun vicdanı saf və büllur idi. Əyninə gənc yaşlarından geydiyi ağ xalat ömrünün sonlarına qədər tərtəmiz qaldı, zərrəcə ləkələnmədi. O, xalqı və xəstələri qarşısında borcunu müqəddəs bildiyindən təbabət elminə uzun illər təmənnasız xidmət etdi, elə buna görə də gənc nəslə mənsub oftalmoloqların idealına çevrildi ...

P.S.MƏLİKASLANOVA,

tibb elmləri doktoru, professor


Yüksək peşəkarlığı, mədəni tələbatının genişliyi, dostpərvərliyi, ünsiyyətdə səmimiliyi və istiqanlılığı, qayğıkeşliyi, ehtiyacı olanın köməyinə çatmağa can atması Zərifə xanımın həyatını insanlara humanist xidmət nümunəsi kimi, ləyaqətlə tibb elminin ön sıralarına çıxmış bir insan kimi səciyyələndirməyə tam əsas verir. Hədsiz dərəcədə xeyirxah bir insan olan Zərifə xanım yaşamaqdan, işləməkdən ilham alır, həyata və insanlara nikbin yanaşır, xeyirxahlıq və etimad ab-havası yaradırdı. Bu parlaq şəxsiyyət nurlu bir səmimiyyətə, həyatı Xeyirin təntənəsi, ümumxalq səadəti uğrunda mübarizə üçün insana verilmiş bir hədiyyə, zəkanın və hissiyyatın qırılmaz vəhdəti kimi qəbul edən böyük istedada malik idi.

A.Y.NƏCƏFOV,

professor, N.Nərimanov adına Azərbaycan Tibb

İnstitutu fəlsəfə kafedrasının müdiri


O, insanlara inam, nikbinlik təlqin edir, səmimi bir müdrikliklə faydalı məsləhətlər verir, böyük nəzakət və nəvazişlə onları yanlış yoldan çəkindirir, pis fikirlərdən daşındıra bilirdi. O, ağlagəlməz bir lütfkarlıq və səbirlə həmsöhbətini dinləyərək, söylənənlərin əhəmiyyətsiz tərəflərini nəzakətlə qulaqardına vurar, diqqətini ən əsas və vacib məqamlara cəmləşdirərdi. İşinin həddindən artıq olmasına baxmayaraq, məsələləri ən xırda təfərrüatlara qədər yadda saxlayır, hadisələrin gedişini düzgün hesablamağı bacarırdı.

A.M.MİRQASIMOV,

Azərbaycanın Xalq rəssamı


Zərifə xanım Azərbaycan xalqının gözünün nurunu qoruyurdu. O, bir pərvanə ömrü yaşadı, İlahinin bu xalqa bəxş etdiyi nurun, işığın mühafizi oldu. Ömrünü-gününü bu yolda yandırıb, bu işığın ziyasını azalmağa, sönməyə qoymadı. Onun keşiyində durduğu həm Allahın bu dünyanın gözəlliklərini, həqiqətlərini görmək üçün insanların gözünə verdiyi işıq, həm də bu xalqın zəkasının nuru Heydər Əliyev idi.

AFAQ ƏSƏDOVA


Zərifə xanım respublikamızda da, onun hüdudlarından kənarda da kifayət qədər tanınmış bir alim idi. Oftalmologiya sahəsinə gətirdiyi yeniliklər, neçə-neçə elmi məqaləsi, kitabları dünyanın ən tanınmış alimləri tərəfindən yüksək qiymətləndirilirdi. Alimliyi, həkimliyi ilə yanaşı, gözəl insan, qayğıkeş ana kimi də sevilirdi.

S.NƏCƏFOVA,

Respublikanın əməkdar jurnalisti


<< Geri