2009 – oktyabrın 29-da İsmayıllıda akademik Zərifə Əliyeva adına Parkı istifadəyə verilmişdir. Heydər Əliyev prospektində yerləşən parkda inşaat işləri yüksək səviyyədə həyata keçirilib. Müasir tələblərə uyğun qurulan və İsmayıllının görkəminə xüsusi yaraşıq verən Zərifə Əliyeva adına Parkda sakinlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
İstirahət məkanında milli üslubla müasirlik uzlaşdırılıb. Parkın girişində xüsusi kompozit materiallarından istifadə edilməklə hündürlüyü 12 metr, eni 31 metr olan portal inşa olunub. Portalın üstündə "Zərifə Əliyeva adına Park" sözləri yazılıb. Mərmər üzlüklü fəvvarənin, çarhovuzun inşa edildiyi parkın ərazisində kafe və uşaq meydançası fəaliyyət göstərir.
Əraziyə üzlük daşlar döşənib, istirahət ocağında geniş yaşıllaşdırma işləri aparılıb. Parkın mənzərəsi yaddaqalan və ifadəli elementlərdən ibarətdir. Uzunluğu 1,4 kilometr, eni 20 metr, ümumi həcmi 84 min kubmetr olan kanal çay daşı ilə doldurulub. Kanalın 980 metri qala divarı kimi hörülüb.